Oğurluq və iqtisadi böhran: xilaskar kim olmalıdır? - AÇIQLAMALAR

İqtisadi böhran illərində oğurluq, soyğunçuluq, quldurluq hallarının artması tarixən müşahidə edilən hallardır. Amma bu hallarla mübarizədə aktivliyi əhali deyil, hüquq-mühafizə orqanları həyata keçirməlidirlər.
Bu fikirləri ANN.Az-a açıqlamasında həm sabiq polis polkovniki Mahmud Hacıyev, həm də sabiq MTN əməkdaşı İlham İsmayıl səsləndirib.
Son günlər əsasən sosial şəbəkələrdə oğurluq, soyğunçuluq hallarının artmasını sübut edən video-görüntülər yayılıb.
Sosial şəbəkədə yayımlanan videolardan biri
Azərbaycan dəfələrlə iqtisadi böhranla üz-üzə dayanıb. Əvvəlki dövrlərdə də bu kimi kriminal hallar müşahidə edilibmi? Sabiq polis polkovniki iqtisadi böhran zamanı oğurluq, qarət, quldurluq hallarının artmasını müşahidə edilib: "2008-ci ildə yaşanan iqtisadi böhran indiki böhranın yanında zərrə qədər kiçikdir. İndiki iqtisadi böhran çox dərindir və bunun üstünü ört-basdır etmək lazım deyil. Ölkədə proses pisləşdikcə, işsizlik, dələduzluq, soyğunçuluq kimi halların sayının artması da proqnozlaşdırılır. Bundan başqa ən çox tamah motivi ilə törədilən cinayət hallarına rast gəlinə bilər. Sadaladıqlarım subyektiv fikrim deyil, bu yüz il bundan əvvəl məhkəmə psixoloqlarının, kriminalistlərin sübut etdikləri faktlardır. Onlar sübut ediblər ki, insanların sosial durumu pisləşdikdə kriminallığa meyl də güclənir”.
Mahmud Hacıyev
Mahmud Hacıyev bu kimi neqativ halların qarşısını maarifləndirmə işlərinin gücləndirilməsi ilə almağı mümkün hesab edir: "Bu vəziyyətdə ancaq reallıqdan danışılmalıdır ki, camaat ayıq-sayıq olsun. Vətəndaşlara evlərinin, maşınlarının, əmlaklarının daha ciddi şəkildə qorumasını başa salmaq lazımdır. Təbliğat işləri aparılmalıdır. Ən yaxşı təbliğat vasitəsi isə televiziyadır. Proqramlar, maarifləndirici verilişlər hazırlanmalıdır. Amma Azərbaycan televiziyaları, eləcə də radio və qəzetlər baş verən hadisələrin üçdə bir hissəsini heç ictimailəşdirmirlər. Belə olan halda vətəndaşlarımız da vəziyyətdən bixəbər olacaqlar. Ölkənin sosial iqtisadi durumu nə qədər aşağı səviyyədə olacaq, soyğunçuluğun, oğurluğun, bir sözlə, baş verəcək cinayətlərin sayı artacaq”.
Sabir polkovnikin sözlərinə görə, bu kimi hallarla mübarizənin başında hüquq-mühafizə orqanları dayanmalıdır: "Kifayət qədər hüquq-mühafizə orqanlarının əməkdaşları var. Bu qədər əməkdaşı olan qurum, yaxud qurumlar əhalinin təhlükəsizliyi haqqında daha ciddi düşünməli, vətəndaşları qorumalıdırlar. Bütün yükü əhalinin öz üzərinə atmaq olmaz”.
İlham İsmayıl
Sabiq MTN əməkdaşı İlham İsmayıl iqtisadi böhran dərinləşdikcə Azərbaycanda da soyğunçuluq, quldurluq, qarət hallarının daha da artacağını istisna etməyib: "İqtisadi çətinlik dərinləşdikcə kriminal hallar da artan xətt üzrə gedəcək. Adətən, oğrular yaradıcı olurlar. Yəni, evi qarət etmək üçün əvvəlcədən plan hazırlayır, evi kənardan müşahidə edirlər, mənzil sahiblərini izləyirlər. Sonda münasib vaxt tapan kimi mənzili qarət edirlər. Sosial şəbəkədə yayımlanan videoları mən də izləmişəm. Bəzi şaiyələr gəzir ki, guya hansısa xarici ölkələrdən də qarət məqsədilə Azərbaycana bir qrup adam göndərilib. Bunun mümkünlüyü inanılmazdır, əgər hər hansı xarici dövlət digərinə təsir etmək istəyirsə, stabilliyi pozmağa cəhd edirsə, bu, ən ucuz variantdır. Həmçinin, kriminal hallar ölkədə stabilliyi pozmağa gətirib çıxarmaz. Hesab edirəm ki, özünə hörmət edən dövlət heç vaxt belə addım atmaz”.
İlham İsmayıl da bu kimi halların qarşısının alınmasında polisin rolunun böyük olduğunu vurğulayıb: "Ən əvvəl polis işçiləri maarifləndirici məlumatların cəmiyyətə ötürülməsində maraqlı olmalıdır. Necə ki, yol polisi lazımi vaxtlarda televiziyadan bu çağırışı sürücülərə edir, həmçinin digər polis əməkdaşları da bu əhalini qarətçilərdən, oğrulardan qorunmağın üsullarını başa salmalıdılar”.
Sabiq MTN əməkdaşı vətəndaşları da ayıq-sayıq olmağa çağırıb: "Bu situasiyalarda vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Əvvəllər kimsə qapını açıq qoyub qonşuya gedirdisə, bundan sonra belə eləməməlidir. Təsadüfi adamlara qapılar açılmamalıdır. İndi hamı bilir ki, kommunal xərclərin ödənilməsi avtomatik qaydada həyata keçirilir. Kimsə qapını döyüb işıq, qaz pul istəmir, ona görə də aldanmamalıdılar”.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























