Təklifi var: “Əgər TQDK ilə Təhsil Nazirliyini birləşdirmək istəyirlərsə...” - AÇIQLAMA

"Uzun illər tələbə qəbulunda at oynadanlar Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə ehtiyac olmadığını deyirlər, yaxud bu komitənin Təhsil Nazirliyinin tərkibinə verilməsini təklif edirlər. Bu, yanlış bir yoldur”.
TQDK-nın keçmiş sədri, filologiya elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub ANN.Az-a açıqlamasında TQDK-nın Təhsil Nazirliyi ilə birləşdiriləcəyi, orta məktəblərdəki buraxılış imtahanlarının qəbul imtahanları ilə birləşdirilməsi mövzularına münasibət bildirib.
Onun sözlərinə görə, bu təklifi ortalığa atanlar – istər təhsil ekspertləri olsun, istər bu sahədən yazan jurnalistlər, - iki dövlət qurumunun təyinatlarını bir-birindən ayırmağı bacarmırlar: "Təhsil Nazirliyi təhsilə, tədrisə cavabdehdir. TQDK təhsil verən orqan deyil. TQDK verilmiş təhsilin, biliyin ölçü və dəyərləndirilməsi ilə məşğul olan bir qurumdur. TQDK ilk olaraq Nazirlər Kabinetinin nəznində yaradıldı. Çox az bir müddətdən, təqribən bir ay sonra TQDK Nazirlər Kabinetinin tərkibindən çıxarılaraq birbaşa prezidentin nəzarətinə verildi. Bu addımın atılmasında məqsəd o idi ki, TQDK işinə heç bir kənar qurum müdaxilə edə bilməsin”.
V.Əyyub xatırladıb ki, TQDK-nın nəticələri orta məktəbdə təhsilin səviyyəsini ortaya qoyan güzgüdür: "Əgər indi bu qurum Təhsil Nazirliyinin tərkibinə veriləcəksə, təbii olaraq nazirlik orta təhsil sisteminin bütün qüsurlarını ört-basdır etməyə çalışacaq. TQDK-nın Təhsil Nazirliyinin nəznində olması və yaxud bu ikisinin bir qurumda birləşdirilməsi yanlış addım olar. Bununla yanaşı bu iki qurumun birləşməyi təhsilimizə yaxşı heç nə vəd etməyəcək”.
Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi təklifinə toxunan keçmiş sədr belə bir arqumentin ortaya atıldığını qeyd edib: "Guya uşaqlar imtahan stresi yaşayır və s. İmtahanların birləşdirilməsinə dair MBD ölkələrindən hansısa nümunələr gətirirlər. Bu, uğurlu bir ideya deyil. Çünki bu gün Azərbaycan orta məktəbi faktiki olaraq, öz funksiyasını həyata keçirə bilmir. Reallıq budur ki, kimə atestat lazımdırsa, o, məktəbə gedir. Ali məktəblərə daxil olmaq istəyən şagirlər daha çox repetitor yanına qaçır. Bunun hansı eybəcərliklərə gətirib çıxardığının şahidiyik”.
V.Əyyub əlavə edib ki, şagirdlərin iki dəfə imtahan verib stressə düşmələri kimi arqumentlər çox gülüncdür və onları bir tərəfə qoymaq lazımdır: "Onda belə çıxır, ali məktəblərdə imtahanların sayını azaltmaq lazımdır ki, tələbələr stress keçirməsin? Bunlar fərqli imtahanlardır. Orta məktəbi bitirən şagird kamal atestatı alır. Bu o deməkdir ki, o 8-9 fənndən öyrəndiklərinə görə imtahana çəkilir. Ali məktəblərə qəbulun təyinatı isə tamamilə fərqlidir”.
Azərbaycanda ilk dəfə TQDK-nın yaradılmasına toxunan Vurğun Əyyub o illərdə bununla bağlı hər hansı təcrübənin olmadığını yada salıb: "Üstəlik, vaxtımız az idi. Ona görə də tələbə qəbulunu birmərhələli etdik. Əslində, biz imtahanları gələcəkdə iki mərhələli şəkildə həyata keçirmək istəyirdik. Məqsəd bu idi ki, birinci imtahanda şagirdlərin 8 fənn üzrə bilikləri yoxlanılsın. Orda müəyyən bir dərəcədə bal tətbiq edək, bu bal həddini keçən şagirdlər ali məktəbə sənəd verə biləcəkdilər. Həmin həddi keçə bilməyən abituriyentlər ikinci mərhələyə buraxılmayacaqdılar. İkinci imtahan isə sırf onların seçdiyi ixtisasa aid fənnlər olmalı idi. Çox təəssüf ki, hökümət bu ideyanı inkişaf etdirib, reallaşdırmaq əvəzinə çox dar macalda həyata keçirdiyimiz layihəni olduğu kimi saxladı. Bu da ona gətirib çıxartdı ki, orta məktəb öz funksiyasını itirdi və repetitorlar önə çıxmağa başladı”.
Müsahibimiz sonda təkliflə çıxış edib: "Əgər bu imtahanların birləşdirilməsini çox arzu edirlərsə, təklif edirəm ki, orta məktəbin buraxılış imtahanlarını TQDK aparsın. Yəni orta məktəbdə keçirilən fənnlər üzrə bir yoxlama aparılsın və bu uşaqlar içərisindən hansılar ali məktəbə gedəcəksə, onlar seçilsin. Sonrakı imtahanı yenə TQDK keçirsin və arzusunda olanlar biliklərinə uyğun olaraq, ali məktəblərə yerləşdirilsinlər”.
İmtahanların ümumiyyətlə ləğvi məsələsinə gəlincə, V.Əyyub bunun əleyhinə olduğunu deyib: "Azərbaycandakı mövcud rüşvət sistemi, orta məktəblərin öz funksiyasını layiqincə yerinə yetirə bilməməsi buna imkan vermir”.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























