Bəhram Bağırzadə: Payız günü

Sakit, işlərlə yüklənməmiş gözəl sentyabr günü... Kitab rəfini qaydasına qoymaq istədim və qəfildən köhnə məktəb dəftərlərini tapdım, fotolar da sanki hürkmüş quşlar kimi otağa səpələndilər. Nə qədər vaxtdır bu ağ-qara, saralıb-solan şəkillərə baxmamışdım. Əziz sifətlər, xoş xatirələr, kövrək hekayətlər... Gözlərimi yumuram və fikirlərim məni uzaqlara apardıqca aparır - uşaqlığıma, qayğısız, tükənməz uşaqlığıma. Fotoda mənə məktəbli formasında, əlində çanta tutmuş arıq bir uşaq baxır. Gözlərimin qarşısında bu şəklin çəkildiyi gün canlanır.
Mən ilk dəfə məktəbdən evə tək qayıtmışdım, çünki məni hər zaman dərsdən sonra yaxınlıqda yaşayan nənənim evinə aparan atam məznuniyyətdəydi. Bu uzun səyahəti təkbaşına etməyi mənə etibar etdiklərinə görə necə də xoşbəxt idim! Nənəmgilin evi 3-4 kvartal məsafədəydi, ancaq 7 yaşın olanda hər şeyə sənə nəhəng, yekə görünür... Məktəbin qabağında sinif yoldaşım məni saxladı: "Şəkil çəkdirmək istəyirsən? Atam fotoaparat alıb, imtina eləmə”. Uzaqda dostumun atası artıq birinci siniflərdən ibarət kompozisiyanı qurmuşdu. "Gülün, indi burdan quş uçacaq”... Mən yaxalığımı düzəltdim, dikəldim, astadan güldüm. Vəssalam, çəkildi...
Mən biraz gözlədim, dostlarımın ata-analarının onların əllərindən tutaraq aparmalarına baxdım. "Ehh, siz uşaqsınız” – mən qürurla düşündüm və nənəmgilə getdim. Evdə mənim dəcəl və hər şeylə maraqlanan təbiətimə görə yüz dəfə tapşırmışdılar ki, heç yerdə ləngiməyim, yoxsa nənə narahat olacaq. Mən dürüstcə söz vermişdim, ancaq gəzintini biraz, lap bircə qırıq uzatmaqdan noolacaqdı ki? Özümdən asılı olmadan addımlarımı yavaşıtdım, ətrafdakı evlərə, yanımdan keçən insanlara, nadir maşınlara diqqətlə baxmağa başladım. Həmin erkən payız günü hava hədsiz isti və yumşaq idi və səmanın nəhəng mavi ənginliyi sevincdən qışqırmaq istəyirdi... Günəşə, böyük parıldayan günəşin şüalarında oynayan toz dənəcəklərinə toxunsaydın, qar dənələri kimi ovucuna düşəcəkdilər...
Poluxindən Vidadi küçəsinə dönürəm və sonuncu evə qalxıram. Nənəm Bakının ən tanınmış yerlərindən birində "Şamaxı məhəlləsi”ndə yaşayırdı. Bax bu da mənim, əziz nənəm... O məni kandarda qarşılayır, gülür və tez əllərimi yumağı tapşırır, çünki nahar artıq soyuyur. Nənəmin mənzili balacaydı, cəmi iki otaqdan ibarətdi, amma burada saysız-hesabsız uşaqlar doğulub dünyaya göz açmışdılar. Başa düşmürdüm ki, onlar bura necə sığışıblar, ancaq bilirəm ki, nənəmin evi onlar üçün dünyada ən xoşbəxt və doğma məkan olub...
Nahardan sonra nənəm mənə yatmağı tapşırdı... İstənilən oğlan uşağı kimi mən də yatmağı sevmirdim. Küçədə gəzmək, qonşu uşaqlarla oynamaq daha maraqlıydı, ancaq nənəmə qarşı çıxmaq da real deyildi, ona görə də dinməz-söyləməz dediyinə əməl elədim, ataqda uzandım. Ətraf necə də maraqlıydı – böyük şkaf, güclü dayağı olan güzgü, zəngli saatın tıqqıldadığı balaca komod... Bir neçə dəqiqədən sonra mən şirin-şirin mürgüləməyə başlamışdım. Amma qəfildən qonşu otaqda nahar eləməyə gələn əmimin şən səsi gəldi. O səs-küylə masaya əyləşdi, zarafat eləyir və əlindəki çəngəli masaya döyəcləyə-döyəcləyə, nənəmin qızıl əllərini tərifləyirdi. Sonra, qonşu uşağı yanına çağırdı, bir neçə rubl verib tapşırdı ki, aparıb yaxınlıqdakı məscidin nəzir qutusuna atsın. Əmim polis əməkdaşı olduğundan, orada olması düzgün olmazdı, ancaq o, əcdadlarının inancına dərin hörmət bəsləyirdi, bunu mənim nənəm təmkinlə bütün uşaqlarına öyrətmişdi...
Yuxum qaçdı, gözlərimi nə qədər möhkəm qırpmaq istəsəm də, yuxum gəlmirdi ki, gəlmirdi. Onda mən nədənsə pəncərədən çölə baxdım. Əlbət, mən ona qədər min dəfələrlə pəncərədən çölə baxmışdım, ancaq o gün pəncərə mənə pəncərə kimi yox, əsl rəsm əsəri kimi görünürdü! Taxta çərçilərə salınmış, qarşısında tülün havalandığı pəncərədən Təzə Pir məscidinin minarəsi görünürdü, nənəm məscidin yaxınlığında yaşayırdı. Çox keçmədən müəzzinin səsi, müsəlmanları namaza çağıran azanın səsi eşidildi. Mən gözümü müədzindən çəkə bilmirdim, hər yeni sözdə o daha da ilahiləşirdi, müəzzin sanki bu ilahi burulğanın arasındaydı, Allaha üz tutmuşdu... Baxmayaraq ki, mən həmin vaxt Allah haqqında heç nə bilmirdim, ancaq müəzzindən gələn işıq mənim uşaq qəlbimə dolmuşdu. Ürəyim bərk-bərk döyünürdü və mən ilk dəfə bu həyatda xoşbəxtliyi hiss elədim, onda qaranlıq və pislik yox idi, təkcə İlahinin parlaq işığı və sərhədsiz sevgisi vardı, o gün o mənə bütün mərhəmətiylə toxunmuşdu...
Bu mənim çəlimsiz həyatımda elə böyük hadisəydi ki, nənəmin otağında uzanıb eyni sözü təkrar edirdim: "Kaş bu bitməyəydi, əbədi davam edəydi”. Azan sehrli çay kimi axıb gedir, evi, küçələri, insanları, bütün dünyanı sevinclə doldururdu... Sonra hər zaman olduğu kimi məscdiddən ibadətdən çıxan bir dəstə qadın nənəmə baç çəkməyə gəldi. Onlar səssizcə masanın arxasına keçdilər və nənəm şirniyyatla ətirli çay gətirdi. Bildiyim qədərilə o çox inanclı qadınıydı və belə qəbul olunmuşdu ki, onun yanına məsləhət və ya hansısa xahiş dalınca gələnlərə hansısa güc kömək edir... Əziz, mərhəmətli nənə... Mən uzun müddət sakit qadın səslərinə qulaq asdım, sonra isə yuxuya getdim... "Dur, artıq gecədi”, məni nənəmin səsi ayıltdı. Mən tərpənmək istəmirdim, o gün yuxuda görüdüyüm möcüzəvi röyalardan ayrılmaq istəmirdim. Nənəm mənim yanıma oturdu, mənim isti alnıma əliylə toxundu və öpdü..
Necə gözəl gün idi... Bunun gec-gec baş verməsi necə də pisdir... Pəncərədən çölə baxdım, şəhərin başının üstündə yüngül külək əsirdi, xatirələri göyə aparırdı. Qəfil telefon zəngi məni xatirələrdən ayırdı. Əlvida uşaqlıq... qayğısız... bitib-tükənməz uşaqlığım... mənim...
Bəhram Bağırzadə
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























