“Mikrorayonları söküb tez-bazar nəsə tikmək olmaz” - AÇIQLAMA

"Mikrorayonda olan binaların istifadə müddəti çoxdan bitib” – bunu ANN.Az-a açıqlamasında respublikanın əməkdar memarı Feyzulla Quliyev deyib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla görüş keçirib. Nazir tədbirdə qeyd edib ki, Bakının 9 mikrorayonundakı köhnə, istismar müddəti bitmiş binaların sökülərək yerində yenilərinin tikilməsi ilə bağlı konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən, bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur. Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə və gəlir götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək.
Mikrorayonlarda binaların sökülməsi nə dərəcədə real görsənir? Həmin ərazidə yerləşən binaların istifadə müddəti nə vaxt başa çatıb? Ölkə böhran ərəfəsindədir, binaların sökülüb onların əvəzinə yeni binaların inşası mümkündürmü? Bəs, paytaxtın digər yerlərində də təhlükə şəraitdə olan binalar varmı?
ANN.Az-ın suallarını respublikanın əməkdar memarı Feyzulla Quliyev şərh edib.

Memarın sözlərinə görə, mikrorayonlardakı binaların sökülməsi təklifini hələ bir neçə il bundan öncə irəli sürüb: "Bununla bağlı mətbuata müsahibələrdə vermişəm. Mikrorayonlarda yerləşən 5 mərtəbəli binalar var ki, onlara "Fransuzki seriya” deyirlər. Bu binalar müharibədən sonrakı illərdə ölkədə çalışan fransız fəhlələri üçün inşa olunmuşdu. Nəzərdə tutulmuşdu ki, həmin binalar 20 il sonra söküəcək, çünki istifadə müddəti o qədər zaman üçün nəzərdə tutulmuşdu. Ancaq binaların istifadəsindən yarım əsrdən çox vaxt keçib. Hələ o zaman binaya istilik sistemi çəkilən də, bunun müəyyən müddət ərzində istifadə müddətinin olduğunu deyirdi. Ancaq düşünmürəm ki, indi o binada hansısa istilik sistemlərinin mövcudluğundan söhbət getsin. Ola bilsin, həmin istilik sistemləri çoxdan sıradan çıxıb”.
Mikrorayonlarda yerləşən binaların əksəriyyətinin panellərdən ibarət olduğunu qeyd edən Feyzulla Quliyev bildirib: "Tikinti zamanı panel materiallarından istifadə olunur, amma yaddan çıxarmaq olmaz ki, müəyyən vaxtdan sonra artıq bu materiallar öz yükdaşıma gücünü itirir. Çünki metallarda paslanma gedir, zəlzələ olan da uçma təhlükəsi artır. Yəqin ki, FHN bu binaları tədqiq edib araşdırma aparıb və onların sökülməsinə qərar verilib”.
Böhran ərəfəsində binaların sökülməsinə münasibət bildirən Feyzulla Quliyev memarlığın birbaşa iqtisadiyyatla bağlı olduğunu deyib: "Harada iqtisadiyyat yaxşı inkişaf edib, orda da memarlıq yaxşı səviyyədədir. Ancaq elə hallar var ki, vəziyyət tamamilə fərqli ola bilər. Binanın vəziyyəti təhlükəlidirsə, bu artıq ölkədəki iqtisadi duruma baxmır. Çünki ortada insan taleyi var. Əgər binanın konstruktiv tərəfdən sökülməsi məsləhət görülübsə, o bina məhz elə bu gündə sökülə bilər. Çünki bina vaxtında sökülməsə, bədbəxt hadisələr baş verə bilər. Panel binaların daha tez uçub, dağıldığının dünyanın bəzi ölkələrində də görümüşük”.
Memar paytaxtın bir neçə yerində təhlükəli binaların hələ də mövcud olduğunu vurğulayıb: "Hazırda Yasamal rayonunda istifadə müddəti başa çatmış panel binalar var ki, orada məcburi köçkünlər məşkunlaşıb. Yəni təhlükə olmasına baxmayaraq. orada yaşayan insanlar var. Belə hallar ölkədə yaşanan iqtisadi böhrana baxmır. Belə təhlükəli törədə biləcək hadisələrin qarşısı vaxtında alınmalıdır”.
Memar sonda qeyd edib ki, binaların sökülməsi və yeni binaların tikilməsi ilk növbədə planlı şəkildə aparılmalıdır: "Yeni tikiləcək binalarla bağlı layihələr mütəxəssislərlə, memarlarla məsləhətləşdirilməlidir. Yəni köhnə binanı söküb, yerində tez-bazar nəsə tikmək olmaz”.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























