• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun rektor əvəzi: "Dövlətin maliyyə yardımı o qədər də yetərli deyil" - MÜSAHİBƏ

ADU-nun rektor əvəzi: "Dövlətin maliyyə yardımı o qədər də yetərli deyil" - MÜSAHİBƏ
24.02.2016 15:30
ANN.Az-ın müsahibi Azərbaycan Dillər Universitetinin rektor vəzifəsini icra edən professor Dünyamin Yunusovdur.

- Hazırda siz ADU-da rektor vəzifələrini icra edirsiniz. Universiteti idarə etmək çətindirmi?

- 48 ildir bu universitetdəyəm. Qapıçısından tutmuş, birinci adamına qədər hamını yaxşı tanıyıram. Bura mənim ikinci evimdir. 3 ay öncə təhsil naziri Mikayıl Cabbarov rektor əvəzi təyin edilməyimlə bağlı məni qəbul etdi. Nazirlə hər şeydən - Boloniya prosessindən, universitetdəki ab-havadan, bir çox mövzulardan danışdıq. Sonda nazir bildirdi ki, bəs bu dedi-qodularla, qalmaqallarla necə baş çıxaracaqsınız? Bir qədər təəccübləndim ki, bizim universitetdə qalmaqal var? Vəzifəmin icrasına başlayanda nazirin tamamilə haqlı olduğunu gördüm. Dedi-qodu da var, üstəlik bir-birindən yazan da. Ortaya ciddi yanaşma qoymaq lazım idi. İşə kollektivin 8 saat ərzində nə ilə məşğul olmasını öyrənəcək komissiya yaratmaqla başladım. Bu yolla bütün işçiləri nizam-intizama dəvət etmiş oldum. Universitetin təxminən 1000 nəfərdən yuxarı professor, müəllim və digər işçi heyəti, eləcə də 6500-ə yaxın tələbə və magistrlarının taleyi birbaşa rektora həvalə olunub. Bu məsuliyyəti dərindən başa düşürəm. Hər bir əməkdaşın dolanışığı, ailə vəziyyəti də birbaşa mənə bağlıdır.

Rektor əvəzi kimi fəaliyyətə başlayanda ikinci işim maliyyə işlərinə baxan şəxsə əmək haqları ilə bağlı araşdırma aparmağı tapşırmaq oldu. Siyahı gətirdilər ki, 300 nəfərə yaxın laborant, baş laborant, fəhlə, çilingər, gözətçi, operator və başqa işçilər 240 manat məbləğində maaş alır. Qərar verdim ki, universitetdə ən aşağı maaş 300 manat olmalıdır.

Sonra ADU-nun tələbə yataqxanasını ziyarət etdim. 1 il öncə təmir olunmasına baxmayaraq, yataqxana binasında bəzi çatışmazlıqların və problemlərin olduğunu gördüm. Nə qədər olmasa, qızlar yataqxanasıdır, qapıların cəftələri xarab olub, ətrafda müəyyən söküntülər var. Maliyyə departamentinə və təsərrüfat işləri üzrə icraçıya göstəriş verdim ki, qısa müddətdə bu xırda nöqsanlar aradan qaldırılsın.

Növbəti işimiz qış imtahan sessiyası ilə bağlı oldu. Düşündüm ki, imtahan prosesini daha yaxşı və şəffaf təşkil etmək lazımdır. İmtahanların tapşırılması məsələsindən başladım. Qəti şəkildə bildirdim ki, əgər bir nəfər müəllimin tapşırıq yerinə yetirdiyini öyrənsəm, o zaman həmin müəllimi də, fakültənin dekanını da işdən azad edəcəyəm.
 
- Ali məktəbə rektor təyin edilməsi prezidentin səlahiyyətindədir. Hazırda siz sadəcə bu vəzifəni icra edirsiniz. Bilmək istərdim ki, sizcə, rektor vəzifəsini icra edənlə, rektor vəzifəsini daşıyanın məsuliyyəti eynidirmi?

- Hazırda mən sadəcə rektor vəzifəsini icra edirəm. Düşünürəm ki, rektor vəzifəsi daha böyükdür. Bəzi adamlar deyir ki, bəlkə heç rektor təyin olunmadın, bəlkə başqası gəldi. Amma mən bu məsələyə bu cür yanaşmıram. Tapşırılan işin öhdəsindən layiqincə gəlməyə çalışıram. Universitet kollektivinin 99 faizi deyir ki, Dünyamin müəllim, istəyirik, siz rektor təyin ediləsiniz. Deyirlər ki, siz bu universitetdə yaşamısınız, ömrünüzü bura həsr etmisiniz. Hər kəs bilir ki, rektor təyinatı məsələsi ancaq və ancaq prezidentin səlahiyyətləri çərçivəsindədir. Ola bilər, sabah mənim yerimə başqa biri təyin olunar, yaxud daha gənc kadr rektor gələr. Qanunauyğunluqdur ki, hər yeni rəhbər gələndə bütün struktura təzədən baxır, yeni kadrlar gətirir. Mən isə bu universitetdə çoxdan çalışıram. Bəlkə də bu səbəbdən kollektiv bu vəzifədə qalmağımı arzu edir. Əgər başqa birisi rektor təyin olunarsa, ona deyəcəyim söz yalnız bu olacaq: Məndən daha yaxşı işləməlisən. Vəzifə insanın rahat nəfəs ala bilməsi demək deyil. Vəzifə bu kollektivin qayğısını çəkmək deməkdir.
 
 
 

- Məlumdur ki, sizin ali məktəbdə ödənişli təhsil alan tələbələrin haqları hesabına müəllimlər yüksək maaş alırdılar. İndi vəziyyət necədi? Bu sistemdə hər hansı dəyişiklik varmı?

- Bəli, onu qeyd etmək istərdim ki, büdcəyə daxil olan gəlirlərin çox hissəsi ödənişli təhsil alan tələbələrdən gəlir. Bizdə təhsil haqları nisbətən yüksəkdir. Hətta ildə 2500 manat təhsil haqqı ödənilən fakültələrimiz var. Bunun hesabına müəllimlərimizə yüksək əmək haqqı verə bilirik. Onu da əlavə edim ki, yüksək maaş qaydası bütün müəllimlərə aid deyil. Bir müddət əvvəl müəllimləri attestasiya komissiyasından keçirdik və müəyyən etdik ki, bəzi müəllimlər universitetimizdə dərs demək iqtidarında deyillər. Təqribən 1400-ə yaxın müəllim heyətinin 600-ü bu komissiyanın imtahanından keçə bildi. Bu ilin sentyabrınadək digər işçilərin də əmək haqlarının artırılması istiqamətində işlər görmək niyyətindəyik.

Hesablamalarımıza görə, tələbələrin sayı 7 min nəfər olarsa, bütün işçi heyətinin maaş məsələsinə yenidən baxa bilərik. Ancaq tək təhsil haqqı ilə maaşların artırılması ideyasını dəstəkləmirəm. Əlavə gəlir əldə etmək üçün işlər görmək lazımdır. Misal üçün, xarici ölkələrdə universitetlər bir çox layihələr gerçəkləşdirərək qazanc əldə edirlər. Burada 22 dünya dili tədris olunur. Bu, az rəqəm deyil. Eləcə də universitet binasında yüksək səviyyəli texnika ilə təchiz olunmuş daxili zallar vardır ki, buraya müəyyən sifarişlər qəbul etməklə gəlir əldə edə bilərik. Bundan başqa, hazırlıq şöbələrinin işini təkmilləşdirmək, tərcümə problemləri ilə məşğul olmaq və s. hesabına bu işi daha da təkmilləşdirə bilərik. 

- Dövlət ali məktəblərə maliyyə vəsaiti ayırır. Ayrılan dövlət maliyyəsi universitetin hansı problemlərinin həllinə yetir?

- Açığı deyim ki, dövlətin maliyyə yardımı o qədər də yetərli deyil. Çünki dövlət bütün ali məktəblərə müəyyən sifariş verir. Onun maliyyəsi də bir o qədər çox olmur. Deyirlər ki, maaşlar 10 faiz artırıldı, ancaq bu artımın ali məktəblərə aidiyyatı olmur. Nəyə görə? Çünki ali məktəblər özünümaliyyələşdirmə sistemi ilə işləyir. Biz hesablama aparırıq ki, dövlətin bizə ayrıdığı vəsaitlə öz vəsaitimizi toplayıb bütün əmək haqlarını verək, təsərrüfat işləri üçün və b. işlər üçün maliyyə ayıra bilək. Tək müəllimlərin və işçilərin aylıq əmək haqlar 800 min manatdır. 35 professor var ki, onların aylıq əmək haqları 1200 manatdır. Həmçinin kafedra müdirləri də bu miqdarda maaş alırlar.

- Qəbul prosesi zamanı keçirilən test imtahanlarının ləğv olunması təklif edilir. Sizcə, bunun abituriyentlərə hansısa bir müsbət təsiri olacaqmı?

- Təhsil naziri Mikayıl Cabbarov çox doğru vurğulayır ki, dünya təhsil sistemində iki dəfə imtahan keçirilmə prosesi yoxdur. Dünyanın əksər ali məktəblərində olmuşam. Misal üçün, Belçikanın Hasselt Universitetində Hüquq fakültəsinə tələbə qəbulu 500 nəfərdir. Bunun səbəbini soruşanda bildirdilər ki, 500 nəfərin sonda 20-30 nəfəri mütəxəssis kimi diplom ala bilir. Yəni deyirlər ki, biz qəbul zamanı qapıları geniş açırıq, universiteti bitirənə qədər isə o qapılar tədricən daralır. Onlar da orta məktəbdə imtahan verirlər. O qiymətlərlə də ali məktəbə qəbul olunurlar. Dünyanın çox ölkəsində bu praktikadan istifadə olunur. Test üsulunun ləğvi bir çox neqativ halların da qarşısını alacaq və eyni zamanda orta məktəb biliyi ilə ali məktəbə qəbul olunmaq bu iki sistem arasında əlaqələrin daha da gücləndirilməsinə gətirib çıxaracaqdır.

Cənab nazir müsahibəsi zamanı təhsil kreditilə bağlı bir məsələyə toxunub. Bildirib ki, 11 universitet daxil olmaqla (ADU-da bu siyahıya daxildir) fond yaradılır. Bu fonddan həmin universitetlərə maliyyə yardımı ayrılacaq ki, misal üçün, imkanı olmayan, ancaq güclü zəkaya sahib kasıb uşağı ödənişli əsaslarla da olsa təhsil ala bilsin. Ancaq bu fondu yaratmaq üçün ilk növbədə kriteriyalar müəyyən olunmalıdır. Birdən-birə bu fond yaradıla bilməz.
Hesab edirəm ki, qəbul imtahanları ilə Təhsil Nazirliyi özü məşğul olmalıdır. Çünki qəbul imtahanından başqa bütün bu məsələləri nazirliyin özü icra edir.

Bundan başqa rayon təhsil şöbəsinin rəhbərini icra başçıları təyin edir. İcra başçısının rayona təhsil şöbəsinin rəhbərini təyin etməsi nə dərəcədə doğrudur? Mikayıl müəllim müsahibəsi zamanı vurğuladı ki, bir neçə il ərzində bu məsələdə öz həllini tapacaqdır.
 
 
 

- Azərbaycandakı təhsilin səviyyəsindən razısınızmı? İndiki durumda ölkədə xarici dilibilmə səviyyəsi sizi qane edirmi?

- Son dövrlər bu sahədə ciddi işlər gedir. Amma yaddan çıxartmaq olmaz ki, təhsil digər sahələrdən çox fərqlidir. Bu bağda əkilən məhsulun barı, bəhrəsi 10-15 ildən sonra özünü göstərir. İndi işlədiyimiz innovativ metodun nəticəsi hələ gözə görünmür. Universitetlərimizdə Boloniya prosesi həyata keçirilir, ancaq elə incə məqamlar var ki, onlar hələ də həll yolunu tapmayıb. Təhsil Nazirliyi bu nüanslardan birini yoluna qoydu. Məsələn, bir abituriyent ödənişli əsasla, digəri isə dövlət sifarişi əsasında universitetə daxil olur. İndiyə qədər dövlət sifarişi ilə qəbul olan tələbə hər ay təqaüd alırdı, ancaq ödənişli əsasla yaxşı oxuyan tələbəyə bu nəsib olmurdu. Burda nizam pozulur. Fevralın 1-dən bu qayda ləğv olundu. Ödənişli əsasla oxuyan tələbənin göstəriciləri daha yüksəkdirsə, artıq o da təqaüd alacaq.

Elmi işlər üzrə prorektor vəzifəsini icra edəndə belə bir təkliflə çıxış etmişdim ki, tələbələr universiteti bitirdikdən sonra onları dərhal iş yerlərinə buraxmaq lazım deyil. Onlarla görüş təyin etməli, bizə lazım olan kadrların qüvvəsindən istifadə etməliyik. Hazırda ADU-da bu proses davam edir. Biz onları daima nəzarətdə saxlamalıyıq. Çünki onlar bizim məhsullarımızdır.

Xarici dilibilmə məsələsinə gəlincə, son 5-6 ildir ki, biz daha çox kommunikasiyaya üstünlük veririk. Ancaq əvvəllər qrammatikaya üstünlük verilirdi. Tək qrammatika ilə iş həll olunmur. Danışan qarşısındakı insanı başa düşməlidir. Hazırda bizim tərcümə, pedaqoji, jurnalistika, filalogiya fakültələrimizdə çox güclü istedada malik tələbələrimiz var. Buna ən bariz nümunə odur ki, "Bakı – 2015” I Avropa Oyunların da təkcə bizim universitetdən 2 minə yaxın tələbə tərcüməçi kimi iştirak etdi.

- Dünyanın ən məşhur universitetləri öz-özlərini maliyyələşdirirlər. Onlar dövlətdən maliyyə yardımı almırlar. Ən əvvəl bunu müstəqilliklərinin məhdudlaşdırılması kimi qəbul edirlər, ikincisi, dövlət də ali məktəblərə pul ayırmaqda maraqlı deyil. Dövlət daha çox elmə, ayrı – ayrı elmi araşdırmalara, layihələrə, kəşflərə maliyyə verir. Bizdə isə elə deyil. Sizcə, ali məktəblərin tam müstəqilləşməsi Azərbaycan elmi üçün hansı perspektivi vəd edir?

- Bizim universitetlərdə bu praktikanı tətbiq etmək hələ tezdir. Dəqiq deyə bilmərəm, ancaq bir neçə ildən sonra buna keçid ola bilər. Bizdə təhsil sahələrində tədqiqat deyilən bir sahə inkişaf etməyib. Xarici universitetlərin tərkibində tədqiqat institutları var. Ona görə də xaricdə universitetlərin dövlətdən asılılığı yoxdur. Bir neçə ABŞ universitetində olmuşam. Onların özlərinin klinikaları, xəstəxanaları, ticarət obyektləri var. Ordan da yaxşı miqdarda gəlir əldə edirlər. Onlar özlərində utanc hiss edirlər ki, niyə dövlət bizə maliyyə yardımı ayırmalıdır? Yadımdadır, orada elə universitet vardı ki, aylıq gəliri 1milyard dollar təşkil edirdi.

Bizim universitetdə də fəaliyyət göstərən laboratoriya rəhbərliyi qarşısında bu sahənin inkişaf etdirilməsi, gəlir gətirən bir sahəyə çevrilməsi üçün göstəriş vermişəm.

- Müsahibəyə görə təşəkkür edirik.
 
Orxan Aslanlı
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol