“Gənclərimiz Xocalı tədbirində yuxulamamalıdılar…” - SOYQIRIM ŞAHİDİ

"Xocalı soyqırımı baş verəndə nə azərbaycanlı, nə də türkiyəli jurnalistlərdən heç kim gedib o hadisələri işıqlandıra bilmədi”
ANN.Az-ın müsahibi Xocalı soyqırımının canlı şahidi, yazıçı, publisist, müstəqil jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı - hərbi reportyor Səriyyə Cəfərovadır.
O, 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə əməkdaşı işləyib. Xocalı soyqırımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunub.
4 saat ərzində Xocalını darmadağın etdilər...
1992-ci il 26 fevral. Həmin gecə biz bir qrup Xocalı sakini ilə birlikdə Ağdamın Gülablı meşəsinin üstündə olduq. Hadisə baş verən zaman hərə bir tərəfə dağılmışdı, ona görə də gecə biz qohumlarımızın, doğmalarımızın sağ qalıb- qalmamasından xəbər ala bilmirdik. Düşmənə 4 saat yetərli oldu ki, Xocalı kimi rayonumuzu darmadağın etsinlər. Gecə saat 10-dan başlanılan proses, az vaxt ərzində Xocalını viran qalması ilə başa çatdı.
Cəsədlər içərisində öz qohumlarını axtarmaq bilirsiniz nə deməkdir???
Bu gün də onların çoxunun məzarı yoxdur. Çoxunu o meşədən çıxara bilmədik. Faciə zamanı əsir düşənlərin taleyi hələ də məlum deyil. Meyidləri kamazlarla Ağdama gətirirdilər. Həmin cəsədlər içərisində öz qohumlarını axtarmaq bilirsiniz nə deməkdir? O hissi, əzabı çəkməyi heç kimə arzulamıram.
Xocalıda 4 il mühasirə şəraitində yaşayırdıq, ancaq heç düşünməzdik ki…
Heç kəs belə dəhşətli soyqırıma məruz qalacaqlarını ağıllarından belə keçirməmişdi. Bu soyqırımı sözlərlə ifadə etmək belə olmur. Gərək hadisəni yaşayasan ki, onun nə qədər dəhşətli, nə qədər qorxulu olduğunu anlaya biləsən. Xocalıda çox qohumlarımızı, yaxınlarınlarımızı, doğmalarımızı itirdik. Xocalıda 4 il mühasirə şəraitində yaşayırdıq, ancaq heç düşünməzdik ki, belə müsibəti, soyqırımı törədərlər. Ermənilərin necə fitnəkar, mənfur olduqlarını bilirdik, amma bu qədər dəhşətli soyqırımı törədəcəklərini gözləmirdik.
Xocalı sakinlərinin azalması – canlı şahidlərin itirilməsi deməkdir…
24 il keçir, ancaq bir xocalılı olaraq bizə təsir edən odur ki, bu hadisə unudulur, yaddaşlardan silinir. Torpaqlarımıza qayıda bilmirik. Ən ağrılı məsələlərdən biri də odur ki, Xocalının yaşlı sakinləri artıq dünyasını dəyişir, o hadisənin canlı şahidləri demək olar ki, günü-gündən azalır. Bu da ciddi təhlükə deməkdir. Sözün açığı, Xocalıdan olan yaşlı nəsil artıq barmaqla sayılası qədər qalıb. Xocalını görənlər azalır. Bir də görəcəyik ki, artıq heç kim qalmayıb. Xocalı ilə bağlı hər hansı tədbir keçiriləndə artıq o şahid olan adamları tapa bilmirik. Çox çətinliklər meydana çıxır. Həmin hadisənin şahidlərini tapıb, məclisə yığmaq da olmur. Amma 10 il bundan öncə vəziyyət tamamilə əksinə idi. Bundan başqa, sayı belə az qalan Xocalı sakinlərinin gözlərindəki ümid itib, gözləntiləri yoxa çıxıb.
Bu soyqırımın adiləşdirilməsinin əsas səbəbkarları…
Hər sözün bir çəkisi var. Bu çəki o zaman itir ki, söz harda gəldi və necə gəldi işlədilir və dəyərdən düşür. Hesab edirəm ki, Xocalı soyqırımı ilə də bağlı elə olur. Bu faciəmizdən danışmaq, hər kəsin diqqətinə çatdırmaq lazımdır. Amma harda gəldi və necə gəldi yox.
Hazırda Xocalı ilə bağlı müxtəlif yerlərdə tədbir təşkil olunur. Əksər vaxt bu tədbirlər sadəcə tədbir xatirinə keçirilir. Bu isə soyqırım kimi mühüm, ictimai-siyasi-tarixi hadisəni əhəmiyyətsizləşdirir. Əgər hər hansı bir törən təşkil olunursa, onun məqsdəi insanlara informasiya ötürməklə yanaşı o tarixi hadisənin mahiyyətini başa salmaqdır. Yoxsa, hər il təkrar-təkrar eyni mahiyyətli, sıradan bir tədbir keçirilməsinin nə əhəmiyyəti var ki? Xocalı soyqırımı bizlər üçün heç vaxt adiləşməyəcək, onu sadəcə bu yollarla bəziləri adiləşdiriblər. Faciəni yaşayan adamın yanında, reklam formasında özünü canıyanmış kimi göstərənlər nə üçün belə rola girdiklərin heç özləri də bilmirlər. Buna görə də belə adamlar xocalılar tərəfindən qəbul edilmirlər. Gərək insanın özündə bir vicdan hissi ola. O hisslər bu gün bəzi insanlarda yoxdur. Bu soyqırıma olan münasibətin adiləşdirilməsinin digər əsas səbəbi isə, məhz jurnalistlərin həmişə bu hadisəyə eyni şəkildə yanaşmasıdır.
Hətta 26 fevralda belə Xocalı adında istifadə edənlər var…
Digər problemli məsələ isə Xocalıdan olmayan insanların bu addan (Xocalı adından) istifadə etməsidir. Artıq elələri daşlaşmış adamlara çevriliblər, deyirsən ki, sənin belə bir şey etməyə haqqın yoxdur, sanki onlara təsir etmir. Soyqırım günü Xocalı abidəsinin ziyarət edən (Xocalıdan olmayan) bəzi ziyarətçilərə baxanda adam çox təəssüf hissi keçirir. Çünki ora gələn adamların əlində məktub məmurlara yaxınlaşırlar ki, problemimizi həll edin. Yəni elə adamlar üçün Xocalı yada düşmür.
"Ana Harayı” abidəsini ziyarət edənlərdə o hüzn görsənmir…
Yadımdadı, 1988-ci ildə ermənilər Sumqayıt hadisələrinə görə ölkələrində qurduqları abidəni ziyarət edəndə hər biri əlində gül abidəyə hərbi təzim edərək önündən keçir, özlərini hüzn günü içərisində hesab edirdilər. Ancaq bizdə faciə böyük, dəhşətli olsa da, bu qədər insan qətlə yetirilsə də, bugünkü gün abidə önünə gələnlərdən, bu faciəni ürəkdən yaşayanları, o soyqırımın hüznünü onların üzündə görmək olmur.
Abidənin yeri düzgün seçilməyib…
Xocalı faciəsinə görə qoyulan abidənin yeri də düzgün seçilməyib. Çünki abidə qoyulan yer yolun qovuşağındadır, hər tərəfdən magistral yollarla əhatə olunub. Və həmin abidənin yerləşdiyi yerdə park salınıb, bu parkda da sevgililər gəlib otururlar, söhbətləşirlər, bir sözlə, sevgilərini yaşayırlar. Bu mənzərə Xocalı soyqırımı adını daşıyan bir məkanla uzlaşmır.
Belə abidələr əsasən kənarda, yoldan uzaqda bir yerlərdə qurulur ki, ora gəlib-gedənlər üçün problem yaranmasın. Təklif edərdim ki, misal üçün, Şəhidlər Xiyabanı kimi bir yer təşkil edilsəydi, hamı da bilərdi ki, məhz həmin günü ora gediləcək və heç bir problem yaşanmayacaq. Ancaq Xocalı abidəsinin yeri barədə yeni bir ideya düşünülməlidir. Doğrudan da, Xocalı soyqırımını ifadə edən məkan seçilməli, normal şəkilli bir abidə qoyulmalıdır. Bu abidənin hay – küylü yerdə olmasını düzgün hesab etmirəm.
20 gündən sonra anamın meyidini tapdıq…
Aradan 20 gün keçdi, təxminən Novruz bayramı ərəfəsində anamın meyidi cəsədlər arasından tapdıq. Ən çox qırğına məruz qalan Qaraqaya deyilən ərazi olmuşdu. Məhz həmin ərazidə olan cəsədlərdən arasından qohumlarımızın meyidlərini tapa bildik. Meyidlərin çox olmasını nəzərə alaraq Ağdam rayon icra hakimiyyəti qarşısında belə bir iddia qaldırdıq ki, əzizlərimizi Uzundərə deyilən ərazidə dəfn edək. Məhz anamı da orada dəfn etdik. 3 əmimoğlu orda o gecə şəhid oldu. Biri əsir götürüldü, birini Xocalıda yanacaq doldurma məntəqəsinin yanında öldürdülər, o biri əmimoğunu da bu hadisədən iki ay öncə Əsgəranda öldürmüşdülər.
Hər 26 fevralda 92-ci ili yaşayırıq…
Xocalı sakinləri sağlam görünsələr də onlar yarımcandırlar. Çünki Xocalı bizlərə, onlara elə sağalmaz yara olub ki, çətin ki, bu yaranın yeri sağalsın. Hər dəfə 26 fevral olanda abidəni ziyarət edənlər o hissi keçirməsələr də, xocalılar təkrarən o günü yenidən yaşayırlar.
Xocalı soyqırımın bu gün dünya əksər ölkələri tərəfindən tanınmamasının əsas səbəbi…
1992-ci ilin 27 fevralında dünyanın 32 ölkəsindən 47 jurnalistlər axışıb Xocalıya gəlmişdilər. Mən də onların içində olmuşam. Soyqırım baş verəndə nə azərbaycanlı, nə də türkiyəli jurnalistlərdən heç kim gedib o hadisələri işıqlandıra bilmədi. Azərbaycan televiziyası da bildirdi ki, hadisə zamanı bizim iki əməkdaşımız orda vəfat edib. Ermənilər özlərinə sərf edəcək şəkildə, bu hadisəni dünya ictimaiyyətinə elə göstərdilər ki, artıq Xocalı soyqırımını dünyanın heç biri görüb, tanıya bilmədi. Daha doğrusu, dünya əsl həqiqəti görə bilmədi. Yəni oradakı cəsədləri, o törətdikləri qətliamı elə gizlətmişdilər ki, sanki bu hadisə heç yaşanmamışdı. Ermənilər bu hadisəni sadəcə erməni və rus qoşunlarının keçirdiyi əməliyyat kimi qələmə verdilər. Rəhmətlik Çingiz Mustafayevin çəkdikləri də sonradan olmuşdu. Yəni həmin vaxt bizdən heç kim olmadı ki, bu həqiqətləri göstərib, sübut edə bilsinlər. Demirəm ki, bizim jurnalistlər heç bir şey etməyib. Yox. Sadəcə onlar bu hadisəni işıqlandırmaq istəyəndə gec idi.
Elə etməliyik ki, gənclərimiz Xocalı tədbirində yuxulamasınlar…
Ona görə də bu faciədən 24 il keçməsinə baxmayaraq, hələ də bunu sübut edə bilməmişik və bu səbəbdən də belə əziyyətlər çəkirik. İndi gənclərimizə biz özümüz yəni Xocalı hadisəsinin canlı şahidləri, hadisənin daha doğru, düzgün şəkildə olduğunu deməsək, demək olar ki, gələcək nəsil bu hadisə barədə heç nə bilməyəcək. Biz gəncliyimizə bu məlumatları ötürüb, agah etməliyik. Gənclərimiz gəlib Xocalı tədbirində yuxuluyub getməsinlər, hadisənin mahiyyətini öyrənsinlər, araşdırma işləri ilə, təbliğatla məşğul olsunlar. Və ilk növbədə dövlət Xocalı sakinlərinə diqqəti artırılmalıdır. Çünki bu sakinlərin sayı azalır. Bu da soyqırımı gözləri ilə görən, o anları yaşayan əhalinin yox olması ilə üzləşmək deməkdir.
Söhbətləşdi: Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























