Azərbaycan-Rusiya sərhədində dözülməz durum - şəraitsiz, havasız və tualetsiz – FOTOLAR+VİDEO

"Azərbaycanın gömrük-keçid məntəqələrində tam şəraitsizlikdir, hətta tualet belə yoxdur. Azərbaycan tərəfin yoxlamasında saatlarla gözlədiyin halda qarşı tərəfdən cəmi 5 dəqiqəyə keçirsən” – Azərbaycan-Rusiya sərhədində qarşılaşdığı dözülməz vəziyyətlə bağlı ANN.Az-a şikayətçi olan vətəndaş bu kimi halların baş verməsini insan haqlarının pozulması kimi dəyərləndirib.
Halbuki, ötən ay Azərbaycan-Rusiya sərhədində sıxlığın olması ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama versə də, problem həll olunmamış qalıb.
Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçi "İnsanlara sərhəd- keçid məntəqəsində əşya kimi baxırlar, bu qədər zülm vermək nəyə lazımdır axı?” – sual edir.
Onun sözlərinə görə, Dağıstanla Azərbaycan arasındakı sərhəddə martın 5-də olub: "Həmin gün saat 22:30-dan 04:30-a qədər gözlədik. Ən əvvəl sizə məntəqənin necə bir yer olduğunu təsəvvür etmək istəyirəm. Dar bir tuneldir, vətəndaşlar üçün heç bir şərait yoxdur – nə qızdırıcı, nə də havalandırma sistemləri var. Adi içməyə su axtarsan, tapa bilmirsən. Təsəvvür edin ki, havasız, ac-susuz 6-7 saat ayaq üstə qalırsan. Əslində belə yer sağlam adamı xəstə edər. Ürəyin getsə, yaxud ayaqlarının yorğunluğunu almaq istəsən, oturmağa stul tapmazsan. Fikirləşmirlər ki, bunun xəstəsi var, uşaqla gələni var. Orda olan vaxt bəzi adamlar deyirdi ki, hətta 15 saat bu cür şəraitdə dayanıblar. Qış vaxtı ordakı vəziyyətdən danışmaq lap dəhşətlidir. Soyuq və güclü külək adamı tamamilə məhv edir. Yayda isə vəziyyət tamamilə əkinə olur, kondisioner olmadığından istidən adam birtəhər olur. Sərhədçilərdən növbənin uzun müddət çəkməsinin səbəbini soruşduqda, deyirlər ki, səbəb yoxlanış qaydalarıdır. Onu da qeyd edim ki, yoxlama məntəqəsinə yetişəndə cəmi bir işçinin çalışdığını və bu qədər uzun növbənin yarandığını görürsən. Məncə, bu sadəcə öz vətəndaşına qiymət verməməyin, etinasızlığın, ən azından iş sisteminin düzgün qurulmaması ilə bağlıdır”.
Şikayətçinin sözlərinə görə, yoxlama qaydalarında da anlaşılmaz məqamlar var: "Gömrük işçiləri malları aparata salmamışdan əvvəl öncə əlləri ilə yoxlayırlar. Qutuların, çantaların altına-üstünə baxır, sonra aparata salırlar. Əgər aparat varsa, əllə yoxlamaya nə ehtiyac var, əgər əllə yoxlanılırsa, o zaman aparata nə ehtiyac var? Bununla da vətəndaşların uzun növbəsi yaranır”.
Digər problemli nüansa toxunan şikayətçinin sözlərinə görə, ən çox mübahisə bağlamaların, yüklərin çəkisi üstündə düşür: "Gömrükçülər deyir ki, yükün çəkisi çoxdur, bu qədər yükü keçirə bilmərik. Uzun müddət növbədə gözləmək və sərhədçinin belə danışması onsuz da gərgin olan əsəbləri tarıma çəkir, gömrük işçiləri ilə vətəndaş arasında mübahisələr yaradır”.
"Gözləməyə razıyıq, ancaq insanlarla bu cür rəftar etməsinlər…”
Sərhədin Rusiya tərəfindən cəmi 5 dəqiqəyə keçdiklərini vurğulayan şikayətçi əlavə edib ki, çox yükü olan vətəndaşla, adi əl çantası ilə keçən vətəndaşa eyni münasibətin sərgilənməsi də düzgün deyil və sərhəddə narazılıq yaradır: "Onsuz da o qədər vaxtı gözlədirlər ən azından insanlarla düzgün rəftar etsinlər. Niyə məhz yükü daha çox olan insanla, əl çantası olan şəxs eyni vaxtı gözləməlidir? Bunun üçün münasib sistem düzəldilə bilər axı? Ən azından bu problem həll edilsə, daha az vətəndaş əziyyət çəkər”.
Şikayətçinin sözlərinə görə, sərhəddə 6 saata yaxın gözlədikləri ilk 1 saat ərzində heç bir irəliləmə olmadı: "Gözləməkdən bezən vətəndaşlar əllərini şüşələrə çırpmağa, etiraz etməyə başladılar və bundan sonra gömrük işçiləri gəldi”.
Sərhəd probleminə rəsmi açıqlama
Məsələyə aydınlıq gətirmək üçün ANN.Az-ın əməkdaşı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidməti açıqlamasını olduğu kimi oxuculara təqdim edirik:
"Son dövrlər müxtəlif kütləvi informasiya vasitələrində ölkənin gömrük-keçid məntəqələrində sıxlıq yaranması barədə məlumatlar yayılır.
Qeyd edək ki, gömrük-keçid məntəqələrinin əsas təyinatı sərhədkeçmə prosesində insanların rahat, təhlükəsiz və sürətli keçidini təmin etməkdən ibarətdir. Lakin bu məntəqələrdən keçən vətəndaşların sayı bəzən normadan 2-3 dəfə çox olur. Belə ki, xarici ölkələrə mütəmadi olaraq səyahət edən bir qrup şəxs əksər hallarda gömrük sərhədini kommersiya məqsədilə tez-tez keçirlər. Əsasən xirda ticarətlə məşğul olan bu şəxslərin kommersiya məqsədilə gətirdikləri malları özlərinin şəxsi istehlak məhsulları kimi təqdim edərək, gömrük vergi və rüsumlarından yayındırmaqla keçirməyə çalışmaları gömrük-keçid məntəqələrində gərgin iş rejiminə, yoxlamalara, əlavə vaxt sərf olunmasına və nəticədə də bəzən nisbi sıxlıqların yaranmasına səbəb olur.
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər”.
Deputat: "İndi hansı zamandır ki, vətəndaş sərhəddə 6-8 saat gözləsin”
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə məsələyə belə münasibət bildirib: "Ola bilsin ki, sərhəd məntəqələrində sıxlıq altıncı və bazar günlərində daha çox olur. Dağıstan sərhəddində yaşayan azərbaycanlılar mütəmadi Rusiya ərazilərinə keçirlər. Çünki Rusiya bizim üçün vizasız bir ölkədir. Üstəlik, bizim vətəndaşların da Dağıstan tərəfdə qohumları çoxdur. Bəziləri gedib xırda alış- veriş (qanunun icazə verdiyi miqdarda) edirlər. Ola bilər ki, onların gəlişi eyni vaxta düşür və sıxlıq yaranır. Ancaq onu deyim ki, bizim gömrük xidməti xeyli inkişaf edib, müasir avadanlıqlar və yeni binalar tikilir. Sizin dediyiniz problemlə bağlı bizə kimsə şikayət etməyib və heç sosial şəbəkələrdə də bununla bağlı heç bir xəbərə rast gəlməmişəm”.
Deputat əlavə edib ki, əgər belə sıxlıq varsa, təcili olaraq bunun qarşısı alınıb, lazımi addımlar atılmalıdır: "Vətəndaş əgər hər hansı bir qurumun xidmətindən əziyyət çəkirsə, təbii ki, o bununla bağlı əlaqədar qurumlara müraciət etməlidir. Öz fikrini bildirməlidir ki, bir az operativlik yaransın, problemlər aradan qaldırılsın. İndi hansı zamandır ki, vətəndaş sərhəddə 6-8 saat gözləsin? Bu mənim üçün inandırıcı görsənmir. İlk dəfə eşidirəm ki, vətəndaş sərhəddə 6 saat gözləyir. Həmin vətəndaş maşınla olsa, başa düşmək olar, ancaq piyada vətəndaş üçün bu qədər gözləmək inandırıcı deyil”.
Çingiz Qənizadə sonda buna oxşar problemin keçən dəfə Gürcüstan sərhədində yaşandığını diqqətə çatdırıb: "Kimsə sərhəddən keçəndə problem yaranırdı, ancaq sonradan məlum oldu ki, həmin şəxs gündə 2-3 dəfə sərhəddi keçib alverlə məşğul olurmuş. Bu baxımdan deyirəm ki, ola bilsin, bunlar qərəzli informasiyalardır. Buna görə də bu cür halları daha yaxşı gömrük komitəsi araşdıra bilər”.
Qeyd: Şikayətçinin təqdim etdiyi video görüntünü, eləcə də fotoları oxuculara təqdim edirik.
Orxan Aslanlı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























