Rasim Əliyevin valideynləri: “5 nəfərlə birgə Cavid də o kürsüdə oturmalıdır” - MÜSAHİBƏ

ANN.Az-ın müsahibi döyülərək öldürülən mərhum jurnalist Rasim Əliyevin valideynləri Məmmədəli Əliyev və Teyfurə Əliyevadır.
Məmmədəli Əliyev: "Cinayət işi obyektiv aparılmır”

- Məhkəmənin gedişi ilə bağlı razılığımız və ya narazılığımız olsa da, proses davam edir. Ən böyük narazılığımız iş obyektiv aparılmaması ilə bağlıdır və işə lap əvvəldən obyektiv yanaşılmadı.
Məhkəmədə vəkillər dövlət ittihamçısına deyir ki, bu cinayət işi ilə bağlı maddələr səhv qoyulub. Əsas bir şeyi bilirəm ki, oğlumun ölməyinə səbəb bu adamlardır. Onlar da indi müttəhimlər kürsüsündədir, təqsirli bilinirlər. Rasim döyülməsəydi, heç xəstəxanaya da düşməyəcəkdi. Oğlumun ölüm işində əlbəttə ki, iki tərəfin günahı var, həm onu döyənlərin, həm də səhiyyə işçilərinin. Amma ən böyük təqsirkar Caviddir. Bu iş onun üzərində həyata keçirilib. İstər istintaq olsun, istər məhkəmə, Elşənlə Rasimin arasında olan münasibət qabardılır. Amma yaddan çıxardırlar ki, axı əvvəlcədən bunlar bir- birilərini tanımayıblar axı. Ona görə də onlar arasında nə münaqişə ola bilər ki? Bu iş sırf sosial şəbəkədə yazılan statusla bağlıdır.
Kürsüdəkilərin vəkilləri cinayəti başqa tərəfə çəkirlər...
Deyirlər ki, telefonu oğurlamayıblar. Bəs telefon Bayıldan Razinə necə gedib çıxıb? Rasim özü də xəstəxanada olanda müsahibəsində deyir ki, pul qabımı və telefonumu götürüblər. Arifin vəkili başa düşsün ki, döyüb sonra şəxsin əmlakını (telefonunu) göz qabağında mənimsəmək oğurluqdan da ağır maddədir. Bu əsl soyğunçuluq və quldurluqdur. Yəni bu oğurluq maddəsindən də ağır bir maddədir. Ammma buna baxmayaraq qarşı tərəfin vəkili oğurlanmış telefonun pulunu ödəməklə heç bir şey olmamış kimi canlarını qurtarmaq istəyirlər. Bu barədə vəkil Əsabəli Mustafayev istintaq zamanı vəsatət versə də, bu vəsatətimiz təmin olunmamışdı.
Təqsirləndirilən Arif Əliyev də telefonu götürdüyünü boynuna alır və deyir ki, Rasimin telefonunu mən götürüb, işlətmək üçün aparmışam. Buna baxmayaraq, vəkil bu məsələni başqa istiqamətlərə çəkir, izi azdırmaq istəyir ki, bu oğurluq deyil, biz onun pulunu qaytara bilərik.
Vəkil reallığı müdafiə etməlidir...
Əlbəttə, vəkili ona görə tuturlar ki, həbsolunan adamı müdafiə eləsin. Amma bu o adam demək deyil ki, vəkil ümumyyətlə obyektivliyi, həqiqəti, reallığı inkar eləsin, nə var, nə var, müdafiə etdiyi adamı qorumalıdır. Peşəsinə hörmət edən vəkil ən əvvəl reallığı, ədaləti müdafiə etməlidir. Təəssüf ki, təqsirləndirilənlərin beş vəkilindən heç biri məhkəmə prosesi zamanı demədi ki, bizim müdafiə etdiyimiz şəxslərin günahları bunlardır. Bütün vəkillər bir ağızdan ancaq bunu dedilər ki, Rasimi o vurmayıb, bu vurmayıb, heç kimin zərbəsi Rasimə dəyməyib. Misal üçün, fakt odur ki, Rasimin dörd qabırğası qırılıb. Arifin vəkili deyir ki, müdafiə etdiyi şəxsin buna aidiyyatı yoxdur. Samirin vəkili deyir ki, ümumiyyətlə, müvəkkilinin bu cinayətlə əlaqəsi yoxdur. Kənanın vəkili də eyni sözləri təkrara edir. Elşənin vəkili isə açıq şəkildə dilə gətirmək istəmir ki, Rasimi ilk vuran, zərbə endirən kimdir? Məgər müdafiə belə olur? Boş-boş sözlərlə bəhanələr gətirirlər. Onların hər biri Rasimin döyülərək öldürülməsində fəal iştirak edən şəxslərdir.
Vəkillər niyə bunu tələb etmədilər...
Maraqlı nüanslardan biri odur ki, qarşı tərəfin vəkillərindən heç biri Rasimlə Elşən, Rasimlə Cavid arasında olan telefon, "whatsapp” danışıqlarını tələb etmirlər. Çünki bilirlər ki, Elşəngilin dediklərini yalandır. Əgər həmin yazışmada Rasimin onlara qarşı işlətdiyi hər hansı təhqir ifadəsi olsaydı, vəkillər həmin an bunu tələb edərdilər. Rasimlə Elşən və Cavidlə Elşən arasında olan bütün yazışmalar onlar tərəfindən qəsdən pozulub.
İstintaq niyə buna fikir verməyib...
Hesab edirəm ki, istintaq zamanı Rasimin xəstəxanada verdiyi müsahibə tam araşdırılmayıb. Son müsahibəsində Rasimin özü deyir ki, Elşəni Cavid özü göndərib. Məhz bu ifadə hər şeyə bəsdir. Dəfələrlə bu müsahibəyə baxmışam. Həmin videoda Rasim deyir: Elşən təkrar təkrar zənglərində Rasimə deyib ki, Cavid mənə dedi ki, Rasimi təhqir etdiyinə görə onunla görüş, üzr istə. Elşəndə mənimlə telefon danışığında dediki: məndə bayaq hirsli idim, səni təhqir etdim, buna görə də səninlə görüşüb üzr istəmək, həmçinin bir stəkan çay içib, tanış olmaq istiyirəm. Ancaq nədənsə ödürülən adamın bu sözlərinə, bu açıqlamasına nə istintaqda fikir verildi, nə də məhkəmədə.
Bu iş əvvəlcədən elə quruldu ki, Cavid kənarda qaldı...
İşi elə apardılar ki, guya Rasim Elşənlə etdiyi mübahisənin üstündə öldürülüb. Bizim ən çox narazılığımız da bundan ibarətdir. Əslində elə ibtidai istintaq zamanı qeyd olunmalı idi ki, Rasim sosial şəbəkədə, "Facebook”da yazdığı status üstündə öldürülüb. Amma buna heç bi əhəmiyyət verilmədi və nəticədə Cavid tamamilə kənarda qaldı, Elşən və Rasim arasındakı döyülmə məqamı önə çəkildi. Amma hamı da yaxşı bilir ki, fakt tamamilə başqa cürdür. Cavidi nəyə görə saxlayıblar? Guya belə bir hadisənin olduğunu bilib, ancaq xəbər verməyib. Elə bu qədərmi? Bəs məsələnini kökündəki Cavid faktını kim ortaya çıxaracaq? Axı ən əvvəl mübahisə Cavidlə başlayıb. Elşən Cavidə görə Rasimlə mübahisə edib, Cavid də yazılan statusa görə Rasimlə telefon əlaqəsi saxlayıb, onunla mübahisə edib.
Ziddiyətli məqamlar çoxdur...
Cavid Hüseynovun vəkili Adəm Məmmədov jurnalistlərə açıqlamasında gah deyir, Cavidin bu məsələdən xəbəri olub, sadəcə qarşısını ala bilməyib, gah da deyir, ümumiyyətlə, bu məsələdən xəbərsiz olub. Ziddiyyətli məqamlar çoxdur. Cavid bu məsələdən xəbərdar ola-ola niyə zəng edib ən azından Elşənə demirdi ki, bu məsələdə mənim adım hallanır, çox böyütmə. Sözün kəsəsi, Cavid bu məsələnin qarşısını ala bilərdi, hər şeyə nöqtə qoya bilərdi. Amma özü almadı. Çünki belə bir niyyəti olmayıb. Rasimin döyülməsində maraqlı olub. Haqqında yazılan statusa görə Rasimin cəzalanmasını istəyib. Sadəcə, bu cinayəti özü törətməyib, bibisi oğluna həvalə edib. Qanun dili ilə desək, sifarişçi olub.
Arifin özü etiraf edir ki, vurmuşam...
Biz bu beş nəfərin ailəsinin bizdən üzrxahlıq eləmələrini, övladlarına görə peşman olduqlarını gözləyirik, ən azından barışıq olmasa belə, buna cəhd etməli idilər, ancaq bunların heç birini eləmədilər. Bu da bizə bir valideyn kimi çox təsir etdi. Bizi yandıran odur ki, döyəsən, sonra da deyəsən ki, heç nə etməmişəm, mən günahsızam. Arifin özü etiraf edir ki, vurmuşam. "Vurmuşam” deyir, bu adam necə günahkar olmaya bilər?! Ən böyük insanlıq məhz günahını etiraf etməkdir. Səhv edib günah etmisənsə, ən azından boynuna almalısan. Necə ola bilər ki, insan etdiyi bir şeyi boyununa almasın. Bəs vicdanları qarşısında özlərinə yalan deyə biləcəklərmi?
***
Rasim Əliyevin anası Teyfurə Əliyeva - Onlara ölüm cəzası verilsin.
- Oğlunu itirmiş bir ana kimi istərdim ki, onlara ömürlük, ya da ölüm cəzası verilsin. Prokuror deyir ki, bu işlə bağlı onlara ən ağır cəza istəyib. Hakim dövlət ittihamçısının istədiyi cəzanı təsdiq eləsə, yaxşı olar. Heç nədən, heç nəyin üstündə onlar Rasimin ölümünə səbəb oldular.
Deyirlər ki, guya Rasim Elşənə söyüş söyüb təhqir edib. Rasim o tərbiyənin sahibi deyil ki, kimisə təhqir etsin. Rasimin tərbiyə aldığı ailəyə baxsınlar. Babası ali sovetin deputatı olub. Rasim uşaqlıqda onun himayəsində olub.
Bir ana kimi məni çox sarsıdır...
Günahlarını etiraf etməmək, gündə birinin üstünə atmaq həqiqətən məni çox sarsıdır. Hər dəfə məhkəmədə onları görəndə Rasimi döydükləri an gözlərim önündə canlanır. Təqsirləndirilənlərin dəmir barmaqlıqlar arasında gülməkləri, özlərini sərbəst aparmaları, heç bir cinayət törətməyiblər kimi özlərini göstərmələri, eyni zamanda valideynlərinin reaksiyaları və s. insana çox pis təsir edir.
Nə cür valideynləri varsa, uşaqları da elədir...
Övladı öldürülmüş bir ana kimi hər dəfə onlara üz tuturam ki, Rasim axı sizi tanımırdı, sizə nə etmişdi ki, onu öldürdünüz? Elşənin "yaxşı etmişəm, öldürmüşəm” deməsi adamı yandırıb-yaxmasınmı? Arifin atasından soruşuram ki, oğlun Rasimi vurduqdan sonra niyə telefonunu oğruyulub, özü ilə aparıb? Bu sualımın qarşısında çox kobud bir cavab aldım. Eyni zamanda məhkəmə prosesi zamanı bu 5 nəfərin valideynlərinin etdiyi hərəkətlər, göstərdiyi reaksiyalardan belə nəticə çıxardıram ki, bu ata-analar uşaqlarına düzgün tərbiyə verməyiblər. Özləri necə valideyndirlərsə, övladları da o cürdür. Atalar düz deyir: "Övlad valideyninin güzgüsüdür”. Gərək ən azından valideynlər uşaqlarının etdiyi əmələ görə susardılar, danışmazdılar. Baxdım ki, onlar nə peşmançılıq, nə də xəcalət çəkirlər.
Cavidin işi ayrılmamalı idi...
Digər narazılığım ondan ibarətdir ki, niyə Cavidin məhkəməsi onlarla birgə aparılmadı? Bu işlər bir-birindən ayrılmamalı idi. Çünki bu hadisəyə, bu ölümə səbəb Cavidə yazılmış statusdur. Rasimin ölümünə səbəb bu status olub. O beş nəfərlə birlikdə Cavid də o kürsüdə oturmalıdır. Çünki bu cinayət "Cavid” adına görə törədilib. Cavid Rasimlə telefonla əlaqə saxlayaraq dilə tutub çağırıb ki, biz bir rayondanıq, onlar gəlib səndən üzr istəyəcəklər. Hiylə işlədərək Rasimi bu cür aldadıb aparıblar.
Bizi narahat edən əsas məsələlər bunlardır...
Bundan başqa bizi narahat edən digər məsələ isə qaldırdığımız vəsatətlərin təmin olunmamasıdır. Daha sonra narahatlığım həkimlərlə bağlıdır. Çünki həkimlərlə bağlı şahid mənəm. Buna baxmayaraq, həkimlərin istintaqa verdiyi ifadə ilə mənə dedikləri sözlər arasında fərq dağ boydadır. Belə çıxır ki, həkimlər ya bizi, ya da istintaqı aldadıblar. Xəstənin özünü, valideynini aldadıblar ki, sağlamdır, heç bir problemi yoxdur. Sonra necə olur ki, öləndən sonra bu zədələr ortaya çıxır?!

Cinayət törədən idmançı ikiqat cəzalandırılırdı...
Ölkə başçısı idmançlara xüsusi diqqət, qayğı göstərir. Onlara hətta mükafat olaraq pul, ev, maşın verir. Ancaq bu o demək deyil ki, onlar, yəni Cavid kimiləri belə hərəkət edə bilərlər. Yadımdadır ki, SSRİ vaxtında idmançı belə bir hərəkət edirdisə, iki qat cəza alırdı. Həm törətdiyi cinayətin cəzasını. Həm də ömürlük idmandan qovulmaqla.
Rasimin özü idmançı olub və idmançı ailəsində böyüyüb boya başa çatıb. Atası boks üzrə SSRİ idman ustası olub. Rasiminin özü də bir neçə il boksa məşğul olub. O idmançıların özünü necə aparmağını, davranmağını, ölkəni necə təmsil etməyi çox yaxşı bilirdi. Cavidin bu hərəkətələrinə münasibət bildirməklə, onu tərbiyəyə çağırırdı. Bu da Cavidə və bibisi oğlu Elşənə xoş gəlməyərək Rasimi kobud şəkildə təhqir ediblər. Bu təhqirləri bəhanə edərək, Rasimdən üzr istəmək məqsədilə ona dəfələrlə zəng edərək tanış olmaq və görüşmək məqsədilə onu görüşə çağırıb, döyüblər.
Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
***
K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.
C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Xatırladaq ki, dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.
Məhkəmə martın 17-i, saat 14.00-a qədər təxirə salınıb. Hakim həmin gün təqsirləndirilən şəxslərin son söz deyəcəyini, eyni zamanda məhkəmə qərarının çıxarılacağını deyib.
Orxan Aslanlı
Foto müəllif: Fərqanə Novruzova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























