Rasim Əliyevin ölüm işi: Hakim məhkəməni növbəti dəfə təxirə saldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
ANN.Az xəbər verir ki, gözlənildiyinin əksinə olaraq, bu gün ittiham olunan şəxslərlə bağlı hökm oxunmayıb. Səbəb təqsirləndirilənlərdən Elşən İsmayılovun, Camal Məmmədovun və Samir Mustafayevin son çıxış etməyə hazır olmadıqları göstərilib. Hakim Eldar İsmayılov ən əvvəl təqsirləndirilənlərə bildirib ki, sui-istifadə hallarından yararlanmaq olmaz: "Amma məhkəmənin belə hallarda imkanı var ki, sizlərin son sözü deyilməmiş öz qərarını elan etsin. Amma qarşıdan Novruz bayramının gəlişinin və digər məhkəmə proseslərinin vaxtını nəzərə alaraq, məhkəmənin 31 marta qədər təxirə salınması qərarını verirəm"
Bu gün son sözlə çıxış edən Kənan Mədətov ittihamda qeyd olunan hallarla razılaşmadığını, özünü günahkar saymadığını deyib: "Adam o zaman günahkar olar ki, nəsə eləsin. Peşman deyiləm. Peşman olacaq nə etmişəmki?"
Digər təqsirləndirilən Arif Əliyev də günahsiz olduğunu və hakimdən gəncliyini, nənəsinin onun himayəsində yaşadığını nəzərə almasını xahiş edib: "Mən olmasam, qoca nənəmə kim baxacaq?"
Proses martın 31, saat 16.00-a təyin olunub.
Xatırladaq ki, dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəmişdi
Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.
C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























