“Vaxtında düzgün peşə seçdiyim üçün çox razıyam” - MÜSAHİBƏ

Deyilənə görə, dünyada ən yaxşı kişi kostyumlarını Londonda, Sevil Rou küçəsində tikirlər. Bəlkə də bizim bakılı modabazlar artıq ordan paltar alıblar. Ancaq hələ ora getməyənlərə məsləhət görürük ki, təlaşlanmasınlar, sizi bizim özümüzün iynə-sap ustalarımız da gözəlcə geyindirə bilərlər. Onlardan biri Asif Məmmədovdur, Bakının mərkəzindəki sakit bir küncdə onun atelyesi yerləşir, bizim söhbətimiz də orada baş tutdu.
-Asif, siz nəyə görə məhz bu peşəni seçmisiniz?
- 1993-cü ildə 8-ci sinfi bitirəndən sonra yaxşı oxusam da mən qərara gəldim ki, təhsilimi davam etdirməyim, peşə öyrənim. 3 ay ərzində peşəkar bir ustanın yanında təcrübə keçdim. Yeri gəlmişkən, indiyə qədər onunla görüşürük və ona mənə öyrətdiklərinə görə minnətdaram. Bundan başqa, o çox yaxşı insandır. Sonra mən sərbəst işləməyə başladım, 1996-cı ildən bəri bu rayonda işlləyirəm, bura mənimçün doğmalaşıb.
- Sizin işinizdə peşəkarlıqdan başqa vacib olan məsələ nədir?
- Kənardan baxanda bu iş asan görünür, ancaq əslində çox çətindir, həm də psixoloji baxımdan çətindir. Ən vacib olan müştəriylə rəftar, qarşılmaq və onu gülüşlə yola salmaqdır. Bilirsinizmi hər şey baş verə bilər: xatadan işi korlaya bilərsən, ancaq müştəriylə aran yaxşıdırsa, o səhvini başlaya bilər. Axı korlanmış işi də düzəltmək olar, ancaq insanın korlanmış əhval ruhiyyəsi ətrafdakılara da təsir edir. Buna görə də təmkinli olmaq lazımdır, baxmayaraq ki, mən əsəbi adamam, çalışıram sakit olum. Axşamlar möhkəm yoruluram, təkcə fiziki yox, həm də psixoloji mənada, bu da mənim xaricimə təsir edir. Əvvəllər metroyla gedərkən, hüquq mühafizə işçiləri məni tez-tez saxlayıb sorğu-sual edirdilər, yəqin çox şübhəli görünürmüşəm (gülür).
- Siz müştərinin xarici görünüşündən xarakterini tuta bilərsinizmi?
- Əlbəttə, insan qapıdan içəri girəndə, mən ikimiz üçün rahat olsun və və o razı getsin deyə, təqribən onla necə davranacağımı artıq bilirəm. Sadəcə diqqətli olmaq lazımdır, hər halda təcrübə kömək edir.
- Amma yəqin narazı müştərilər də olur?
- Hər kəs razı qala bilməz axı, nədənsə narazı olan müştərilər də olur. Hərçənd bu nadir hallarda baş verir. Həm də belə müştərilər əsasən özləri də nə istədiklərini bilməyən kaprizli insanlar olur. Mən buna təmkinlə yanaşıram.
- İş prosesi zamanı müştəriyə nəsə məsləhət verə bilərsinizmi?
- Bəli, əlbəttə peşəkarlıq nöqteyi nəzərindən bunu edirəm. Ancaq təbii olaraq, bu məqamda da müştəriyə yanaşma lazımdır. Əgər o cavan müştəridirsə, hər şeydən əvvəl dəb mülahizələrini nəzərə alacaq və yaxşı görünmək üçün bəzi çatışmazlıqlara da dözəcək. Daha yaşlılar isə əsasən rahat geyimləri üstün tuturlar.
- Bəs siz hansı geyimləri üstün tutursunuz? Yəqin özünüz üçün də tikirsiz.
- Mən çox nadir hallarda, deyə bilərəm ki, istisna hallarda özümə vaxt ayıra bilərəm. Adətən adi mağazalardan geyimlər alıram, bahalı brendlərdən uzaq qaçıram. Mənimçün ən vacibi rahatlıqdır.
- Sizcə, dünyanın ən yaxşı dərziləri kimlərdir?
- Məncə, italyanlar və almanlar. Ancaq məsələ burasındadır ki, onlarda "hand made” adlanan əl işləri az olur, bütün əməliyyatları hesablayan xüsusi kompüterlərə belə bağlayırlar. Paltarlar ona görə qiymətli sayılır ki, apparatlar çox bahalıdır.
- Bakılıların geyim tərzini xarakterizə edə bilərsinizmi?
- Bizim insanların idman üslubuna böyük marağının olduğunu görürəm. Yaşdan asılı olmayaraq, bu yəqin ki, idman üslubunun demokratikliyi və rahatlığı ilə əlaqədardır. Nadir hallarda klassik geyim həvəskarı olan insanlar görmək olar, məlum olur ki, onlar da dövlət və ya bank işçiləridir.
- Yeri gəlmişkən, idman barədə. İlk Avropa Oyunlarda hansı idman növünə azarkeşlik edirdiniz?
- Sizə səmimi deyim: bayrağımız göylərə qaldıranda mənimçün fərqi yoxdur qələbə hansı idman növündən gəlib. Ölkəmiz adına qürur hissi və qələbə sevinci yaşayıram. Ümumiyyətlə isə üzgüçülük, idman gimnasitikası, velo-idman, xüsusilə dağ velo-yürüşləri xoşuma gəlir. Böyük mənuniyyətlə baxır və insanın bacarıqlarından heyran oluram.
- Bəs özünüz hansısa idmanla məşğul olmusuuzmu?
- Bəli, biraz boksla, bir xeyli müddət də aykido ilə məşğul olmuşam. Ancaq vaxt azlığından məşğul olmağı tərgitdim.
- Sizin işinizin çox gərgin qüvvə tələb etdiyini nəzərə alsaq, necə istirahət edirsiniz, rahatlanırsız?
- İnanırsınızmı heç bilmirəm, ancaq işləyərkən mən həm yoruluram, həm də istirahət edirəm... (gülür). Mən hətta bazar günləri də evdə otura, passivcə istirahət edə bilmirəm. Hərdən ailəmlə - həyat yoldaşım və iki uşağımla şəhər kənarına, İsmayıllı rayonuna - babamın yaşadığı dağətəyi kəndə bir-iki günlük istirahətə gedirik, . Oradak hava möhtəşəmdir, bunun sayəsində bir-iki günlük istirahət də bəs edir ki, özünə gələsən. Bundan başqa, müntəzəm olaraq dostlarla görüşürəm, onların arasında keçmiş sinif yoldaşlarım da var.
- Tikiş tikərkən nə barədə düşünür, nələr arzulayırsınız?
- İnsan mütləq arzularla yaşamalıdır. Mən tez-tez uşaqlarımın gələcəyi barədə nə edə biləcəyimi düşünürəm, başlanılanı sonlandıra biləcəmmi, öz təcrübəmi onlara ötürə biləcəmmi... Ancaq yenə də iş prosesində yad fikirləri yaxına buraxmamağa, konsentrasiya olmağa çalışıram, fikrin yayınsa, iş korlana bilər.
- Öz işləriniz arasında fəxr etdikləriniz hansılardı, onların arasında hansısa qeyri-adi, "inci” olanı varmı?
- Bəli, qohumum üçün toy əlbisəsi tikmişdim və bu iş doğrudan da qeyri-adi idi. O, mənim çox vaxtımı almışdı, zəhmət çəkmişdim, amma buna dəymişdi. Əminəm ki, başqa heç kimdə belə paltar olmayıb. Bunu toya gələn qonaqlar da deyirdilər. Mən çox məmnunam ki, vaxtında özümə düzgün peşə seçmişəm, belə anlarda isə mənim sevincim iki qat olur.
- Uşaqlarınıza bu peşəni davam etməyi tövsiyyə edərdinizmi?
- Əgər uşaqlarım ali təhsil almaq istəsələr, mən onlara mane olmayacam. Axı insanı nəyəsə məcbur etməklə heç nəyə nail olmaq mümkün deyil. Dediyim kimi, mən özüm də məktəbdə yaxşı oxumuşam, sonra isə oxumaq istəmədim və anladım ki, hansısa peşəyə yiyələnməliyəm ki, özümü, sonra isə ailəmi dolandıra bilim. Və bu qərarıma görə heç vaxt peşman olmamışam. Ona görə də hər şey övladlarımdan asılıdır: oxumaq istəsələr, bacardığım qədər kömək edəcəm, əgər istəməsələr, onda öz potensiallarını reallaşdıra biləcəkləri çox sayda faydalı peşələr var.
- Bakıdakı sevimli məkanlarınızdan danışardınız, burada sizin xüsusilə sevdiyiniz nələrsə varmı?
- Bakının əhali sıxlığını, maşınların çoxluğunu, havanı çirklənməsini nəzərə alanda, ağacların qırılması, bitkilərə hörmətsiz davranış insanı kədərləndirir. Evlərin xüsusilə şəhərin mərkəzində bir-birinə yaxın olması xoş deyil. Bəzən evin eyvanından digər evin interyerini, hətta orada nələrin baş verdiyini görmək olur.
Qalan məsələlərdə isə şəhərim mənim xoşuma gəlir: İçəri şəhərin qədim küçələri, Qız Qalası, Şirvanşahlar sarayı və müasir memarlıq – hərəsinin öz yeri və öz gözəlliyi var. Küçələrin təmizliyi və baxımlılığı çox xoş gəlir adama. Köhnə binaları dağıtmadan restavrasiya elədiklərini, onlara yeni həyat verdiklərini görmək insanı məmnun edir.
- Asif, söhbətə görə təşəkkür edirik, sonda bizdən bir istəyiniz varmı?
- Bu imkanı yaratdıqlarına görə "GALLERY” jurnalına təşəkkür edirəm.
Ən əsası isə hər bir azərbaycanlıya Qarabağ probleminin həllini arzulayıram. Qoy bütün bəlalarımız arxada qalsın, qoy hər kəs ləyaqətlə öz ailəsinin qayğısına qala bilsin. Bizim şəhərimizə daha da gözəlləşməyi, xalqımıza isə sülh, əmin-amanlıq, sağlamlıq və xoşbəxtlik arzu edirəm.
Materialı Bəhram bağırzadə təqdim edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























