“Azərbaycan Dillər Universiteti keçid dövründə” adlı kitabın təqdimatı keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər kafedrasının dosenti Xanməmməd İbrahimovun universitetin tarixi ilə bağlı yazdığı "Azərbaycan Dillər Universiteti keçid dövründə” adlı kitabının təqdimatı keçirildi.
Təqdimatda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitetin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verdi. O, Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutunun fəaliyyətinin genişləndirilməsi ilə Azərbaycan Dillər Universitetinə çevrildiyini bildirdi və bununla da universitetdə tədris prosesinin sistemli şəkildə aparıldığını, tədqiqat işlərinin genişləndiyini söylədi. ADU-da yaradıcılıq işlərinin geniş vüsət aldığını sözlərinə əlavə edən professor Dünyamin Yunusov bunun davamlı olmasının vacibliyindən danışdı. O, daha sonra kitab müəllifinin uğurlu iş gördüyünü deyərək haqqında danışılan kitabı iştirakçılara təqdim etdi. Kitabda sadalanan detalların faktlara əsaslanaraq müəllifin tarix yazdığını söyləyən professor D.Yunusov onun beş fəsildən ibarət olduğunu qeyd etdi. O, çıxışının sonunda Xanməmməd İbrahimova uğurlar arzuladı, yaradıcılığının davamlı olacağına əminliyini ifadə etdi.
Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev kitabı universitetin tarixini əks etdirməsi baxımından yüksək qiymətləndirdi. O, oxşar proseslərin davam etməsinin vacibliyini önə çəkərək bunun gələcək nəsillər üçün töhfə olacağını bildirdi. Görüşdə universitetin inkişafına yönələn təkliflərin səslənməsinin müsbət hal olmasını vurğulayan Ə.Əliyev belə tədbirlərin davamlı olmasına ehtiyac duyulduğunu diqqətə çatdırdı.
Sonda Xanməmməd İbrahimov müəllifi olduğu kitabda bəhs edilən materiallar haqqında məlumat verdi. O, kitabda dövlətin təhsil strategiyasını əsas meyar kimi götürdüyünü, əsasən elmi potensiala yer verildiyini bildirdi. Universitetin tarixini bir kitabda yazmağın çətinliyi, ağır zəhmət tələb etdiyini, o cümlədən zaman və həcm məhdudluğu səbəbindən mümkünsüzlüyünü dilə gətirən X.İbrahimov bütün bunlara baxmayaraq kitabda ADU-nun 2000-2009-cu illəri əks etdirən tarixinin bütovlükdə canlandırıldığını söylədi. O, sonda universitet rəhbərliyi başda olmaqla hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, kitab Azərbaycan Dillər Universitetinin son on ildə keçdiyi inkişaf yolundan, daha dəqiq desək, onun maddi-texniki bazasının genişləndirilməsindən, yeni fakültələrin yaranmasından, dekanlıqların fəaliyyətindən, tədrisin təşkili sahəsindəki yeniliklərdən, elmi-tədqiqat işlərinin inkişaf problemləri və fəaliyyət proqramlarından, beynəlxalq əlaqələr sahəsindəki və eləcə də, tələbə və müəllim heyətinin ideya-siyasi işlər sahəsindəki genişmiqyaslı iş fəaliyyətindən ətraflı bəhs edir. 466 səhifədən ibarət olan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Dünyamin Yunusovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























