“Həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı şikayət vermişik” - Rasim Əliyevin atası

"Həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı şikayət vermişik” – bunu ANN.Az-a açıqlamasında döyülərək öldürülən jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyev deyib.

Mərhum jurnalist Rasim Əliyevin atası Məmmədəli Əliyevin sözlərinə görə, hazırkı əsas şikayətləri həkimlərlə bağlıdır: "Aprelin 20-də istəyimizlə bu şikayəti vəkil məhkəməyə təqdim edib. Sonrakı şikayətimiz isə Cavid Hüseynlə bağlı olacaq. Hazırda onun məhkəməsi davam edir, hökm oxunmayıb. Məhkəmə qərarından sonra bu məsələyə baxacağıq. Məhkəmənin Cavidə hökm çıxarmasını gözləyirik. Amma bu məsələdə planımız da var”.

Zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında həkimlərlə bağlı şikayətin verildiyini təsdiqləyib: "Bunun əsas səbəbi birinci instansiya məhkəməsinin həkimlərlə bağlı şikayətə baxmamasıdır. Şikayətdə bu cinayətlə əlaqədar bütün həkimlərin adları sadalanır ki, niyə onlar da məsuliyyətə cəlb olunmayıblar”.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, onlara həkimlərlə bağlı heç bir müraciət daxil olmayıb.
Mərhumun valideynləri ilə yanaşı, jurnalistin ölümündə təqsirləndirilənlər də yəni - Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılovun vəkili Səfər Hüseynov ANN.Az-a açıqlamasında apelyasiya şikayətinin verilmədiyini bildirib.
Xatırladaq ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində təqsirləndirilən şəxslərin apelyasiya şikayəti verməsinin sonuncu günü 21 aprel idi. Amma buna baxmayaraq, Elşən İsmayılov apelyasiya şikayəti verməyib.
Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli apelyasiya şikayətini verildiyini ANN.Az-a açıqlamasında təsdiqləyib.
Mərhumun ölümündə təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev ANN.Az-a açıqlamasında apelyasiya şikayətinin verildiyi bildirdi: "Ola bilsin apelyasiya şikayət məhkəmənin dəftərxanasında qalıb. Ancaq bu işlə bağlı apelyasiya şikayəti vermişik”.
Rasim Əliyevin ölümündə təqsirləndirilən Samir Mustafayevin vəkili mətbuata açıqlamasında aprelin 20-də apelyasiya şikayətinin verildiyini deyib: "Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Yaxın günlərdə məhkəmənin vaxtı açıqlanacaq”.
ANN.Tv-nin əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Arif Əliyev apelyasiya şikayəti verib. Şikayətin surəti mərhumun anası Teyfurə Əliyeva verilib.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dekabr ayının 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Orxan Aslanlı
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























