Küçədə doğulmuş uşağın müəammalı ölümü

Qadın küçədə doğdu, uşaq öldü
Bakının Biləcəri qəsəbəsində tükürpədici olay baş verib. Hadisə yerində olan Baku.ws saytının müxbiri Hüseyn Səfərov ANN.Az-a açıqlamasında bildirib ki, Asəf Zeynallı küçəsində doğuş sancılarının başladığını hiss edən xanım kömək üçün yaxınlıqda yerləşən 15 saylı poliklinikaya müraciət edib. Hamilə qadınla birgə poliklinikaya getdiyini deyən müxbirin sözlərinə görə, orada həkimlər ona yardım etməkdən imtina ediblər.
Uşağın doğulduğu yer
Hadisə haqqında hazırladığı materialda H.Səfərov yazıb ki, poliklinika həkimləri tibb müəssisəsində doğuş üçün şəraitin olmadığını qeyd edərək ona yaxınlıqdakı Dəmiryolu Xəstəxanasına getməli olduğunu bildirib. Bundan sonra çıxılmaz vəziyyətdə qalan qadın binanı tərk edib. Doğuş sancılarının gücləndiyini görən xanım xəstəxanaya çatmamış uşağını küçədə dünyaya gətirib. Hadisə onlarla insanın gözü qarşısında baş verib. Əraziyə təcili tibbi yardım çağrılsa da həkimlər gəlincə, körpə tələf olub.
Poliklinika müxbirin dediyini təkzib etdi
ANN.Az-ın əməkdaşı məsələ ilə bağlı 15 saylı poliklinika ilə əlaqə saxlayıb. Poliklinikanın ultrasəs müayinə (USM) həkimi Təhminə Allahverdiyeva aprelin 23-ü poliklinikaya hamilə qadının gəldiyini təsdiq etsə də, hadisə yerində olan Baku.ws müxbirinin dediklərinin həqiqətə uyğun olmadığını deyib:
"Həmin xanımı növbədənkənar ultrasəs müayinədən keçirdik, 31 həftəlik hamilə idi, uşağın da ürək döyüntüsü yerində idi. Dedim ki, təcili bunu xəstəxanaya aparın. Qızlara da dedim, təcili yardım çağırın. Onlar 3 nəfər qaraçı idilər, öz dillərində nəsə danışdılar və qaçdılar. Hətta xanım sancı ilə daxil olanda digər xəstə uzanmışdı. Onu qaldırıb bu qadını müayinə elədim, əvvəl heç bilmirdim hamilədir. Sancı tutması ilə otağa daxil oldu, əvvəl elə bildim böyrəyidir. Sonradan gördüm bunda açılış başlayıb, 5 dəqiqədən bir doğuş sancıları idi. Həyəcanlı vəziyyətdə idi. Adını, soyadını soruşdum, demədi. Biz də jurnalda onu naməlum xəstə kimi qeydiyyatdan keçirdik. Hətta təklif etdim taksi tutub yola salaq, öz dillərində nəsə danışdılar".
Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib. Həmin maddədə ixtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə 500 manat məbləğində cərimə müəyyən edilib.
Vüsal Əzizov
Pərvin Zeynal
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























