• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dəki abidələrin taleyi ilə bağlı fikir ayrılığı yaranıb...

“Sovetski”dəki abidələrin taleyi ilə bağlı fikir ayrılığı yaranıb...
04.06.2016 16:40
Bakının "Sovetski” ərazisindəki yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin sökülməsinə ictimai etiraz nəticəsiz qalmayıb.

Məlum olduğu kimi, artıq ərazidəki Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin sökülməsi işi dayandırılıb. Umumiyyətlə isə abidələrin taleyilə bağlı hökumətdə çaşqınlıq müşahidə olunur.

Öncə sökülməsinə qərar verilən, indi isə saxlanılacağı bildirilən memarlıq binalarından biri də Mirzə Fətəli küçəsi 45-də yerləşən, 1895-ci ildə tikilmiş 2 mərtəbəli yaşayış evidir. Bu mülkün sahibi Faiq Əliyevin sözlərinə görə, hazırda "Sovetski” ilə bağlı kimin söz sahibi olduğunu, kimin cavabdehlik daşıdığını ayırd etmək çətindir. Hökumət dairələrində problemin həlli ilə bağlı fikir ayrılığı yaşanır.

"Əvvəl deyirdilər yol çəkirik, sənin evin də plana düşüb, söküləcək. İndi isə deyirlər ki, sənin evin yol çəkilişinə mane olmur, qalacaq” - söyləyir Faiq Əliyev. Bu dəyişiklik isə məhz son ictimai narazılıqlar nəticəsində yaranıb. Faiq Əliyev özü də mülkünün qorunub saxlanılması üçün iki ildir çalışır. Artıq dövlət başçısına 5-ci məktubunu yazıb və göndərməyə hazırdır.
Deyir "Sovetski”də söküntü işini aparanların vahid və əsaslandırılmış planı yoxdur. Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyəti arasında əlaqələndirilmiş iş görünmür. Söküntü işləri kortəbii və dağıdıcı şəkildə aparılır: "Hökumətin qərarı qüvvəyə minməzdən əvvəl memarlıq abidələrinin sökülməsinin başlanmasına başqa nə ad vermək olar” - soruşur Faiq Əliyev.

Amma Faiq Əliyev öz mülkünün taleyi üçün hələ də rahatsızdır. Onun evinin də sökülməsi haqda rəsmi qərar olmadığı halda, əraziyə gələn bəzi məmurlar binanın üzərindəki memarlıq elementlərinin çıxarılmasına icazə verməsini istəyiblər... Bundan başqa, dediyinə görə, ərazidə bir-birinə bitişik evləri dağıdanda digərini də qəsdən zədələyirlər ki, sahibi çıxılmaz vəziyyətə düşüb köçməyə razılıq versin. Belə bir hadisənin onun da başına gələcəyindən ehtiyat etdiyi üçün o, hər gün ətrafa göz qoyur. Artıq qonşuluğundakı evlər sökülərkən belə risklə üzləşib; yeri gəlmişkən, bu evlərdə vaxtilə xalq artistləri Şövkət Ələkbərova və İlham Namiq Kamal yaşayıblar...

İyunun 2-də "Sovetski”də olarkən vaxtilə burada yaşamış görkəmli jurnalist Osman Mirzəyevin evinin isə uçurulduğuna şahidlik etdik. Mirzəağa Əliyev küçəsi 102 ünvanında yerləşən bu tikili də memarlıq binası sayılırdı. Fəhlələrin sözlərinə görə, binanın üzərindəki memarlıq bəzəklərini qoruyub saxlamaq üçün onları sökmək istəsələr də cəhdləri uğursuz olub. Bu isə "Sovetski”dəki tarixi binaların yararsızlığı barədə iddiaların əsassız olduğunu bir daha göstərir.

Burada bir fakt da diqqətimizi çəkdi. İnşaatçılar öncə yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılan Şollar su kəmərinin suyayma qülləsinin də (A.Şaiq və S.Rəhimov küçələrinin tinində) artıq sökülməyəcəyini bildirdilər. Görünür, ictimaiyyətin etirazına qədər müvafiq orqanlar bu abidənin də mahiyyətindən xəbərsiz imişlər. Halbuki ölkəyə turist cəlb etmək istəyənlərin bu abidəni sökməsi ağılsızlıq olardı. "Sovetski”də köhnə Bakının atributlarından biri kimi "su fontanı” həqiqətən də turistləri cəlb edəcək obyektlərdən biridir. Ərazidə isə cəmi 3 "su fontanı” var.

Qayıdaq Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin sökülməsi işinin dayandırılmasına... Mustafa Sübhi küçəsi 63-də yerləşən bu binanın üzərində neçə illərdir "Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. (İnventar №3607)” sözləri yazılmış lövhə vurulub. Amma deyəsən, Mədəniyyət və Turizm Nazirliyi bu lövhənin mövcudluğundan da xəbərsiz imiş. Çünki, məhz məlum narazılıqdan sonra nazirliyin strukturu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov ANS PRESS-ə bildirib ki, həmin obyekt məscid yox, səhvən yaşayış evi kimi qeydiyyta alınıbmış. İctimaiyyətin müraciətindən sonra isə problemlə maraqlanıblar və söküntü işi başlamamışdan dayandırılıb...

Ancaq indiyədək bu abidənin üzərindəki lövhədə onun adı məscid kimi göstərilmişdi, axı?! Onu da xatırladaq ki, Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin binasında son günlərədək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanası Depozitar Fondu yerləşmişdi.

Bu fakt "Sovetski”də söküntü ərazisində qalan abidələrin taleyinə cavabdeh orqanların səthi münasibətini bir daha təsdiqləyir. İş bundadır ki, mayın 19-da Murtuza Muxtarov küçəsi 83-də sökülən memarlıq binası da qeydiyyatda hamam kimi göstərildiyi halda, əslində məscid idi. Amma sökülməzdən əvvəl istər Nazirlər Kabineti, istərsə də Mədəniyyət və Turizm Nazirliyi həmin binanın məscid olduğunu bilirdi.

Hətta Yasamal Rayon İcra Hakimiyəti başçısının birinci müavini Səməd İslamovun rayon ictimaiyyətinə məktubunda bildirilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Milli Elmlər Akademiyasının "Sovetski” ərazisində saxlanılmasına rəy verdiyi yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına Murtuza Muxtarov küçəsindəki 83 saylı bina da daxil edilmiş və tikili məscid binası kimi yenidən qeydiyyata alınmışdır. Amma buna baxmayaraq, məscid binası gözlənilmədən söküldü. Bu binada isə son vaxtlaradək "Yuğ” Dövlət Teatrı fəaliyyət göstərirdi.

Daha maraqlı bir məqam. Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun adının açıqlanmasını istəməyən memarı bu günlərdə ANN.TV-yə etiraf edib ki, institut "Sovetski” ərazisindəki heç bir tarixi bina haqqında mənfi rəy verməyib. Binaların sökülməsinə dair Mədəniyyət və Turizm Nazirliyinə hansı rəyin göndərilməsindən də xəbərsizdirlər...

Beləliklə, "Sovetski”də həm insanların, həm də tarixi binaların taleyinə cavabdeh orqanların fəaliyyətində subyektivlik, səhlənkarlıq və intizamsızlıq göz önündədir. Elə isə sual olunur, Mədəniyyət və Turizm Nazirliyi və ya Nazirlər Kabineti "Sovetski”dəki abidələrin sökülməsinə hansı rəyin əsasında qərar verib? Belə bir rəy varmı?

Elçin Məmmədov

Fotolar müəllifindir
 














www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol