• $
  • €
  • ₽
  • ₺
  • £

Firuzə İsmayılova: "Bizim otellərimiz Gürcüstan otellərindən geri qalmır" – MÜSAHİBƏ

Firuzə İsmayılova: "Bizim otellərimiz Gürcüstan otellərindən geri qalmır" – MÜSAHİBƏ
20.06.2016 19:14
"Bütün dünyada olduğu kimi Azərbaycanda da qadınların bizneslə məşğul olması çətindir” – ANN.Az-a müsahibəsində Firuzə İsmayılova deyib. 

Firuzə xanı turizm biznesi ilə məşğul olur və ölkəmizdəki prestijli otellərindən birinin baş meneceridir. 
Bu gənc qadının sürətli karyerası bizi çox maraqlandırdı, nəticədə bizim ona ilk sualımız təhsili və karyerası ilə əlaqədar oldu: 

- Firuzə xanım, bilmək maraqlı olardı, siz hansı Ali təhsil məktəbini bitirmisiniz və təhsiliniz karyeranızla nə qədər bağlıdır? 

- 1994-cü ildə orta məktəbi bitirdikdən sonra mən Xarici dillər universitetinin filologiya fakültəsinə daxil oldum, bakalavr təhsili aldım, sonra isə magistraturada tərcümə ixtisası üzrə təhsilimi davam etdirdim. 3-cü kursda oxuyanda mən artıq tərcüməçi kimi işləyirdim və bu ixtisas üzrə işləyəcəyimi güman edirdim. Ancaq tərcüməçi kimi işləyərkən müxtəlif xarici ölkələrə səfərlərim olurdu, konfranslarda, konqreslərdə iştirak edirdim. Qaldığım yerlər əsasən otelləriydi. Mənə otellər, göstərilən xidmətlər və s. çox maraqlıydı və mənə oteldə işləmək təklif olunanda məmnuniyyətlə qəbul etdim, baxmayaraq ki, bu iş ixtisasıma uyğun gəlmirdi. Bax beləcə, mən otel biznesinə daxil oldum. Əvvəlcə mən aşağı pillədə işləyirdim – resepşnda. Bu pozisiyada iki il işlədikdən sonra mən başqa otelə keçdim, burada mənə front menecer kimi işləmək təklif olunurdu, 2005-ci ildən bu yana isə mən baş menecer vəzifəsində işləyirəm. 

- Belə çıxır ki, siz resepşn əməkdaşı vəzifəsindən baş menecer vəzifəsinədək yüksəlmisiniz. Buna necə nail oldunuz? 

- General olmaq istəməyən əsgər, əsgər deyil. Bundan başqa, düşünürəm ki, baş menecer olmaq üçün elə məhz aşağı vəzifələrdən başlamaq lazımdı ki, işin bütün xırdalıqlarını biləsən. Bəzən baş menecerlər aşağı pillələrdən başlamırlar, nəticədə də bu peşənin xırdalıqlarını bilmirlər və iş onlara çətin gəlir. Mən ən aşağıdan başladığım üçün bütün çətinlikləri bilirəm, o cümlədən işin yaxşı və pis tərəflərini. 

- Siz mehmanxana biznesinin yaxşı və pis tərəflərindən bəhs etdiniz. Xarici ölkələrlə müqayisədə Azərbaycandakı mehmanxana biznesinin yaxşı və pis tərəfləri hansılardır? 

- Azərbaycanı yaxşı mənada fərqləndirən cəhət – 11 iqlim qurşağının 9-nun burada olmasıdır, ona görə də şəhər, şəhərkənarı otellərin, biznes otellərin işləməsi üçün hər şərait var. Yerli mehmanxana biznesinin yeganə çətin tərəfi personal məsələsidir. Otellərdə peşəkar personal tapmaq olduqca çətindir, ona görə ki, 2006-cı ildə açılan yeganə turizm universitetini bitirən tələbələr belə sadəcə nəzəriyyəni bilirlər, praktikadan xəbəri olanlar çox azdır. Bundan başqa, bu universiteti, ya digərini bitirən gənclərimiz çox dar dünyagörüş yiyəsi olurlar. Bir insan erudisiyalı və yaxşı mütəxəssis olmaq istəyirsə, , o təkcə təhsil almalı deyil, həm də gəzməli, görməli, otellərdəki xidmət şəraitindən xəbəri olmalıdır ki, yaxşı və bahalı otellərlə, heç olmasa 2-3 ulduzlu otellərdəki xidmətlərlə tanış olmalıdır ki, müqayisə etmək qabiliyyəti formalaşsın. İndiki halda bu, bütün otellərdə böyük problemdir. Bəziləri öz əməkdaşlarını təhsil üçün xarici ölkələrə göndərir və yaxud mütəxəssislər dəvət edir. Qeyri-brend otellər böyük çətinliklərlə üzləşirlər, çünki əməkdaşlarını belə yüksək səviyyədə öyrətməkdən məhrumdurlar, onlar əllərində olanla kifayətlənmək və personlanı sadəcə praktika yoluyla öyrətmək məcburiyyətində qalırlar. Bundan isə otelin xidmətləri, müştərilər əziyyət çəkir, nəticədə otelin işinə və gəlirinə zərər dəyir. 

- Çoxları belə fikirləşir ki, Azərbaycanın otel biznesi Gürcüstanınkından geri qalır, xüsusilə də qiymət siyasətində. Doğrudanmı bu belədir və nəyə görə? 

-  Mən Gürcüstan otellərində qalmışam, həmçinin restoran xidmətlərindən istifadə etmişəm. İş burasındadır ki, Azərbaycanda olduğu kimi Gürcüstanda da yüksək servis yoxdur. İnsanların belə aşağı servisə razılaşmalarının səbəbi – Azərbaycandan fərqli olaraq, qiymətlərin aşağı olmasıdır. Yəni, Bakıda restorana gələndə siz yüksək qiymət ödəyirsiniz, gedəndə isə xidmət keyfiyyətinin ödədiyiniz pula dəymədiyini anlayırsınız. Nəticədə sizdə qıcıq yaranır. Gürcüstanda isə siz qəpik-quruş ödəyirsiniz, aşağı xidmətlə də buna görə razılaşırsınız. Nə ödəmisinizsə, onu da almısınız. Mən deməzdim ki, gürcü mətbəxi Azərbaycanınkından üstündür. Çünki bizim mətbəximiz daha zəngindir, xaricilər ona heyran olurlar. Yeganə fərq Gürcüstan otelə və restoranlarında qiymətlərin ucuz olmasıdır. 

- Azərbaycanda biznesvumen olmaq necədir? 

- Asan deyil, digər ölkələrdə olduğu kimi. Hər kəs, xüsusilə qadınlar üçün bizneslə məşğul olmaq asan deyil. Çünki iş qadını olmaqdan əlavə, o həm də anadır. Bizim ailələrimiz var, buna görə də işdən əlavə, ailəyə də diqqət ayırmalıyıq. Səhərdən axşama qədər işdə. Axşam evə gələndə, qadın işdən ayrılmalı, vaxtını tamamilə uşaqlara həsr etməlidir, ancaq bu, təəssüf ki, alınmır. Telefon, kompüter daim açıq olur və sən gecə də demək olar ki, işdəsən – zənglər, danışıqlar, məktublar. Bu çox çətindir. Mən sadəcə olaraq bazarlar istirahət edə bilirəm. Bu yeganə gündür ki, mən uşaqlarıma vaxt ayıra bilirəm. 

- Siz daim bu biznesdəsiniz, başqa ölkələrə istirahət etmək üçün gedəndə də otellərdə qalırsınız, avtomatik olaraq, bütün yaxşı və çatışmayan cəhətləri, yenilikləri görürsünüz. Bu sizin otelinizdə necə əks olunur? 

- Xidmət sahəsində işləyən insanların harasa getməsi, nəsə görməsi çətin məsələdir. Məsələn, restoratorun başqa restorana getməsi müşkül məsələdir. Menecer başqa oteldə qalanda, avtomatik olaraq özününkündə bəzi minuslar görür, geri qayıdanda isə bunu tezliklə düzəltməyə çalışır. Öz ölkəmə qayıdanda, mən dərhal işimdə dəyişikliklər edirəm. Əsasən bu, servis məsələsində olur. 

-  Azərbaycan otellərinin rəqabətədavamlılığı nəylə fərqlənir? Saylarını nəzərə alsaq, otellər arasındakı rəqabət nədən ibarətdir? 

 - Azərbaycanda bugün təqribən 600 otel var. Bunlar Mədəniyyət və turizm nazirliyinin qeydiyyatında olan otellərdir. Həmçinin qeyri-qanuni fəaliyyət göstərən çoxlu otellər də var. Şəhərin mərkəzində yerləşən biznes otellər, yalnız yay mövsümünə hesablanan sahilyanı otellər də var. Əlbəttə ki, bu otellərin hamısı arasında rəqabət var. Otellər öz aralarında lokal səviyyədə rəqabət aparırlar, onlardan bəziləri yerlərinə, məsələn, mərkəzdə olduqlarına görə udurlar, ancaq onların xidmətləri demək olar eynidir. Qiymət siyasəti də böyük əhəmiyyət daşıyır. Otelin yerləşməsi, qiymət siyasəti və göstərilən xidmətlərin səviyyəsi ən yaxşı otellərin göstəriciləridir. Əgər bu siyahıdan 5 ulduzluları çıxsaq, onda qalan otellər öz aralarında yalnız bu 3 göstərici üzrə rəqabət aparır. Oteldə qiymət təyin etmənin iki əsas forması var – birincisi, yaxınlıqda yerləşən otellər barədə araşdırma aparılmalı, onların qiymətləri öyrənilməli, yalnız bundan sonra öz otelində qiymətləri təyin etməlisən; ikincisi isə otelin öz dəyirini öyrənməli, yəni otaqların sayı, aydakı gecələrin sayı əsasında xərcləri öyrənmək lazımdır, bundan sonra idarəçi  təqribən öz otelindəki otaqların qiymətini təyin edə bilər. 

 - Mənim növbəti sualım ümumiyyətlə, Azərbaycandakı biznes sferasıyla əlaqədardır. Biznes qurmaq və idarə etmək asandırmı? 

- Heç harda biznes qurmaq asan deyil, Azərbaycan da istisna deyil. Biznesi ağılla qurmaq, çoxlu analizlər eləmək lazımdır- bu biznes Azərbaycana, sənin biznesin insanlara lazımdırmı, onu kimlər üçün qurursan? Belə analizlər aparmadan biznes aparmaq ümumiyyətlə olmaz, yoxsa o, uğursuzluğa düçar olacaq. Hazırda iqtisadi şərtlərdən dolayı Azərbaycanda biznes qurmaq olduqca çətindir. Ancaq ölkədəki böhrana rəğmən, otel biznesi sürətlə inkişaf edir, son 10 ildə Azərbaycana gələn turistlərin sayı 5 dəfə artıb. Bununla əlaqədar olaraq, məhz bu biznes sahəsini məsləhət görərdim. O mənə yaxşı tanışdır və fikrimcə, bu, hazırda ən perspektivli sahələrdən biridir. Ancaq tələbat daha çox 3-4 ulduzlu, hətta deyərdim 2 ulduzlu otellərədir. Çünki Bakıda onların sayı çox azdır. Əsasən əksəriyyət 5 ulduzlu otellər qurmağa çalışır, orta səviyyədəki otellərin sayı isə çox azdır. 

- Turist axınyla müqayisədə orta səviyyəli otellərin sayının az olduğunu deyə bilərikmi? 

 - Turist axınına təsir edən bir çox faktorlar var – bahalı aviabiletlər, bahalı otellər, bahalı qidalanma. Yəni, hər bir xarici turist Azərbaycanda gününə ortalama olaraq 150-200 dollar xərcləyir. Bu, az məbləğ deyil. Buna görə də, Azərbaycanı ziyarət eləməzdən əvvəl götür-qoy edir və başa düşür ki, başqa ölkəyə getmək ona daha münasibdir. Ancaq hazırda bu istiqamətdə işlər görülür. Azərbaycana viza almaq çəti idi, hazırda prezident xaricilərin 3 gün ərzində onlayn olaraq Azərbaycana viza almaları üçün sərəncam imzalayıb. Bu, Azərbaycana turist axınını sürətləndirəcək. Bundan başqa, AZAL bu dəqiqə özünün qiymət siyasəti üzərində işləyir, qiymətlər endirilir, endirim paketləri və s. təklif olunur. Həmçinin hazırda aşağıbüdcəli otellərin artırılması yönündə işlər görülür. Bütün bunlar gələcəkdə turist axınını sürətləndirəcək. 

- Ölkəmizdə müsabiqələr və idman yarışları keçirilir, bu turist axınına təsir edirmi? 

- "Avroviziya", Avropa Oyunlar, "Formula 1" və gələn il keçiriləcək İslam oyunları Azərbaycanın böyük və yaxşı reklamıdır. Əgər əvvəllər əcnəbilər dünyada Azərbaycan adlı ölkənin mövcudluğundan bixəbər idisə, hazırda o, böyük masştablı hadisələrlə əlaqələndirilir. Təbii olaraq, əcnəbilərdə ölkəmizə maraq yaranır. Yeni ölkə barədə eşidəndə, onlar burada olmaq, otellərin, aviabiletlərin qiymətlərini öyrənmək istəyirlər. Ancaq turist axınını əsasən gənclər təşkil edir, onlar da bildiyiniz kimi aşağı büdcəli səyahətləri seçirlər. 

- "Formula 1" ilə əlaqədar turist axını gözə çarpırmı? 

- Bəli çox sayda insan gəlib. "Formula 1”in keçirildiyi ərazilərdəki otellərin demək olar ki, hamısı doludur. Təbii ki, bu bütün otellərin bayramıdır. İldə bir dəfə biz bu anı gözləyirik. Yeri gəlmişkən, həmin dövrdə bütün ölkələrdə olduğu kimi bizdə də qiymətlər qalxır. Otellər sevinirlər, belə ki, qiymətləri 2-3 dəfə artıra bilir və bu ay da nisbətə daha çox qazana bilirlər. 

- Müsahibə üçün təşəkkür edirik.

- Sizə təşəkkürlər. 
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol