Xaricdə təhsil proqramı bərpa edilir? - Nazirlikdən AÇIQLAMA

Azərbaycanda təhsilin bakalavr pilləsinin tələbələri üçün xaricdə təhsil proqramı ləğv edildikdən sonra bu qərar ölkədə birmənalı qarşılanmadı. Qərarın verilməsindən təxminən 7 ay keçməsinə baxmayaraq Təhsil nazirliyi bu məsələ ilə bağlı hər hansısa bir addım atmır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Tələbə Kredit Fondu isə yalnız ölkə daxilində fəaliyyət göstərən ali məktəblərə təhsil almaq şansı verir.
Təhsil Nazirliyi bakalavrların xaricdə təhsil almasını yenidən bərpa edəcəkmi?

Emin Əmrullayev - Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev ANN.Az-a açıqlamasında bildirib ki, bir müddət əvvəl bakalavrlar üçün ləğv edilən xaricdə təhsil proqramı ilə əlaqədar nazirlikdə hər hansısa danışıqlar yoxdur: "Məsələ ilə bağlı hələ ki yenilik yoxdur. Təhsil nazirliyi Maarifçi Tələbə Kredit Fonduna pul ayırmır. Ümumiyyətlə təşkilat ancaq kredit hesabına abituriyentlərə ölkə daxilində təhsil almaq fürsəti yaradır. Təşkilatın büdcəsi o qədər çox deyil ki, xaricdə təhsil almağa tələbə göndərsin”.

Rüfət Mahmud - "Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru
"Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ANN.Az-a açıqlamasında fondun Azərbaycanda fəaliyyət göstərən dövlət universitetləri tərəfindən təsis edildiyini dedi: "Fondun yaradılmasında məqsəd həm univeristetlərdə oxumaq istəyən tələbələrə dəstəkdir, həm də universitetin özünə bir növ maliyyə dəstəyidir. Fond yalnız Azərbaycan daxilində fəaliyyət göstərən ali məktəblərə kredit ayırır”.
"Hazırda xaricdə təhsil bağlı bir planımız yoxdur. Maarifçi fondu Təhsil Nazirliyi tərəfindən deyil, universitetlər tərəfindən təsis olunub" – deyə icraçı direktor əlavə edib.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov bu ilin aprel ayında Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşdə xaricdə təhsil proqramının yeni formatının hazırlandığını deyib: "Azərbaycanda gerçəkləşdirilən xaricdə təhsil proqramı bu il dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək”.
Orxan Aslanlı
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























