O iynəni vurdurun - Qripdən qorunmağın ən yaxşı yolu

Qrip yalnız üst tənəffüs yollarına deyil, eyni zamanda alt tənəffüs yollarına da təsir edən, hətta sətəlcəmə səbəb ola bilən virusdur. Bu virusla mübarizə aparmaq üçün sentyabrın sonundan oktyabrın ortalarına qədər qrip peyvəndinin etdirilməsi məsləhətdir.
Türkiyəli həkim, professor Serhat Ünalın qrip peyvəndi haqqında fikirlərini təqdim edirik:
Həkim deyir ki, qrip mövsümü il ərzində dəyişikliyə uğrayır:
"Mövsümi dediyimiz qrip şimal yarımkürəsində sentyabr, oktyabr, noyabrın əvvəllərindən etibarən müşahidə edilməyə başlayır. Qrip olan adamda halsızlıq və yüksək hərarət ortaya çıxa bilər. Daha çox kişiləri yatağa salır”.
Qripin ən əhəmiyyətli əlamətlərindən biri əzələ ağrısı və 39 dərəcəyə qədər yüksələn qızdırmadır. Tənəffüs yolları infeksiyaları sentyabrın ortalarından aprelə qədər baş verir. Halsızlıq, əldən düşmək, şiddətli əzələ ağrısı və yüksək qızdırmanız varsa, bunun əksi isbat edilənə qədər qrip kimi qəbul edilir: "Bu əlamətlərlə yanaşı, öskürək də olur. Alt tənəffüs yollarında infeksiya meydana gəlibsə, bəlğəm ola bilər. Halsızlıq, yorğunluq, yüngül qızdırma kimi qəbul etdiyiniz soyuqdəymə ilə çox oxşardır. Soyuqdəymədə də bu cür simptomlar yaşanır”.
Qripdən qorunma yolları
İnsanlar ilk növbədə qidalanmalarına diqqət etməli, stressdən uzaq olmalı və idman etməlidirlər. Bunların immunitet sistemi üzərində müsbət təsirləri var. Həkim tənəffüs yolları infeksiyalarına yoluxmamaq üçün salamlaşan zaman qucaqlaşıb öpüşməməyi məsləhət görür:
"Bu mövsümdə əlləri tez-tez yumaq lazımdır. Əgər soyuqdəymə, qrip keçirirsinizsə, evdən çıxmayın. Mütləq evdən çıxmalısınızsa, maska ilə ağzınızı bağlayın. Asqıran insanlarla aranızda ən azı bir metr məsafə olsun”.
Qrip peyvəndi kimlərə edilməlidir?
S. Ünal qripə qarşı ən əhəmiyyətli qoruma vasitəsinin peyvənd olduğunu vurğulayır. O əlavə edir ki, hepatit peyvəndini uşaqlıqda üç dəfə vurduran insana həyatı boyu bəs edirsə, qrip peyvəndi bu baxımdan fərqlidir:
"Qrip virusu zaman içində müəyyən dəyişikliklərə uğradığı üçün hər il yeni təyin olunmuş virusu da ehtiva edəcək formada peyvəndi etdirmək lazımdır. Peyvənd bir il ərzində qripdən qoruyur. Dünya Sağlamlıq Təşkilatı hər il aprel, may aylarında sonrakı ilin A və B viruslarından peyvənd edilməsini təyin edir. Bütün peyvənd istehsalçıları bu virusları istifadə edərək peyvəndi edir. Sentyabrın sonundan etibarən oktyabrın ortalarına qədər peyvəndlərin edilməsi vacibdir. Peyvənd olunmalıdır ki, mövcud il üçün viruslara qarşı qoruyuculuq yaransın”.
Həkim bildirir ki, ABŞ-da 6 ayından etibarən hər kəsə peyvənd tətbiq olunur. Eyni zamanda uşaqlıq dövründə də peyvənd edilə bilər. Mütəxəssis deyir ki, 65 və yuxarı yaşlarda immun sistemi yavaşladığı üçün infeksiya xəstəlikləri daha tez yayılır və daha ağır keçir:
"Diabet kimi xəstəliyi olanlarda qrip daha çox müşahidə olunur. Tənəffüs yolu və ağciyər xəstələri, xərçəng, steroid müalicəsi görən xəstələr, eyni zamanda, hamilə qadınlar, piylənməsi olanlar və siqaret çəkənlər mütləq peyvənd edilməlidir”.
Həkim "peyvənd etdirməyimə baxmayaraq qrip oldum” deyənlərə isə bu cür cavab verir:
"Peyvənd olunmağına baxmayaraq, xəstəlik yenə də ola bilər. Amma yüngül olur. Virus yoluxduqdan sonra peyvənd olduğu üçün daha qoruyuculuğu çıxmadan xəstəlik meydana gələ bilər. Peyvənd olduqdan sonra qoruyuculuğunun ortaya çıxması ən az dörd həftəni əhatə edir. Və ya soyuqdəymə baş verib ki, bu da qriplə çox qarışır. Peyvəndin qoruyuculuğunun müzakirəyə ehtiyacı yoxdur, bu, sübut edilib. 65 yaşdan yuxarı və xroniki narahatlığı olan insanlarda ölüm hallarını azaltması qətidir. Mütləq mövsümündə qrip peyvəndi etdirmək şərtdir. Peyvənd olmayan adamda xəstəlik meydana gəlibsə, yataq rejimində yatmalıdır. Bol maye qəbul edilməli, hərarət və öskürəyin qarşısını alan müalicə aparılmalıdır”. //aile.lent.az
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























