Bakı Beynəlxalq Avtovağzalında növbəti özbaşınalıq

Yəqin ki, Bakı Beynəlxalq Avtovağzalından bilet alan bir çox sərnişin kassalarda xırda pulun olmaması problemi ilə rastlaşıb.
Məsələn, mən bu günlərdə Bakı - Xaçmaz marşrutuna bilet aldığım zaman növbəti dəfə belə bir vəziyyətlə qarşılaşdım. Məlumat üçün qeyd edim ki, Tarif Şurası (TŞ) Xaçmaza olan avtobus biletini 2 manat 51 qəpik, Xudata isə 2 manat 91 qəpik müəyyən edib. Tarif cədvəlində göstərilən məbləği kassaya təqdim edərək bilet almaq istəsəm də, kassadakı işci qəpik pul olmamasını bəhanə gətirərək, mənə qalıq qaytarmaq istəmədi. Tam biletin məbləğini təqdim etdiyim zaman kassirin üzündə narazılıq ifadəsi peyda oldu. Bileti kəsərək, hirslə pəncərəyə atdı. Kassada dayanan bir başqa xanım isə Xudata getmək üçün bilet almaq istədi. Kassa işcisi ondan 3 manat məbləğ istədi, amma yenə də qalıq qaytarmadı.
Əslində, qaytarılmayan 9 qəpik bəzilərinin nəzərində çox böyük rəqəm olmaya bilər. Digər tərəfdən, avtovağzalda bir dəfə cəmi 1 qəpik çatışmazlığına görə, kassir mənə bilet satışından imtina edərək, bunu da çatışmayan məbləği öz cibindən qoya bilməyəcəyi ilə əsaslandırmışdı. O zaman belə bir sual yaranır: Əgər onlar üçün 1 qəpik əhəmiyyətlidirsə, o zaman özləri niyə görə, 9 qəpiyi qaytarmırlar? Və mən nəyə görə, qalığı onlara "bağışlamaqla”, mərhəmət göstərməliyəm?
Bu qanunsuzluq haqqında məqalə hazırlamaq məqsədilə tarif cədvəlinin şəkilini çəkmək istədim. Sanki göydən təhlükəsizlik əməkdaşı düşdü, bu barədə "ratsiya” (radio stansiya) vasitəsilə rəisinə məlumat verdi. Rəis mühafizəçiyə məni dərhal kabinetinə gətirməyi əmr etdi. Rəisə vəziyyəti izah etdiyim zaman bildirdi ki, avtovağzal strateji obyektdir və burada şəkil çəkmək qadağandır. Bu qaydanı pozduğuma görə, mühafizə rəisi, avtovağzalın Post Patrul Xidmətinin (PPX) əməkdaşlarını çağırmaqla və milli təhlükəsizlik nazirliyinə göndərəcəklərini dedilər.
Əyləşdiyim avtobus dolduqdan sonra sürücü sərnişinlərdən gediş haqqlarını toplamağa başladı. Maraqlısı odur ki, öz qiyməti 2.51 AZN olan bilet üçün sürücü 4 manat tələb edirdi. Eyni zamanda, bilertlərdə qüsur tapmaq üçün onları diqqətlə yoxladı. Bununla yanaşı, o, avtobusu 30 dəqiqə gecikdiyi üçün bu avtobusa minən sərnişini də avtobusdan endirdi. Bileti cibinə qoyan sürücü isə sükan arxasında oturdu.
Mən dünyanın müxtəlif ölkələrində olmuşam, ancaq belə biabırcılıqla qarşılaşmamışam. İstər sürücü köməkçisi, istərsə də sürücü biletin kəsilmiş hissəsini sərnişinə geri qaytarmalıdır. Sürücülərin və kassa işçilərinin bu cür hərəkətləri istehlakçının hüququnun pozulmasıdır.
Vəziyyətə aydınlıq gətirmək üçün avtovağzal əməkdaşı ilə əlaqə saxladıq. Özünü Kadrlar şöbəsinin əməkdaşı kimi təqdim edən, amma adını gizli saxlayan şəxs sürücülərin sərnişindən pul toplamağa haqqı olmadığını deyərək, sürücünün biletsiz sərnişinin də avtobusa mindirməyə səlahiyyəti olmadığını dedi:
"Belə hallarda biletsiz sərnişinə kassadan bilət almaq tələb olunmalıdır. Sərnişinlər bu qanunsuzluqla qarşılaşdıqları zaman kassaların yanında dayanan avtovağzal nümayəndəsinə müraciət etməlidirlər”.
Avtovağzal əməkdaşı eyni zamanda, qeyd etdi ki, sürücü yoxlamadan sonra bileti özündə saxlaya bilməz.
Vüsal Əzizov
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























