Qayğı gözləyən uşaqların "ev"indən reportaj - FOTOLAR

Rüstəm Qasımov
Uşaqlıq insan həyatında ən gözəl və qayğısız dövrdür. Onu bütün çətinliklərdən qoruyan valideyn qayğısı və məhəbbətilə əhatə olunur. Lakin bu gün valideyn himayəsindən məhrum olaraq, uşaq evində böyüyənlərdən danışacağıq.
Körpələrin uşaq evlərinə düşmə səbəbləri müxtəlifdir. Bəziləri valideynlərini itirib, bəzilərindən isə valideyinləri imtina edib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar da valideyinləri tərəfindən uşaq evinə ona görə verilir ki, bu uşaqlarla 24 saat nəzarətdə olmalıdır, təəssüf ki, bəzi valideyinlər bu məsuliyyətin altına girə bilmir.

Ancaq uşaqları cəmiyyətdən təcrid etmək olmaz, axı onlar da hər birimiz kimi bu cəmiyyətin üzvləridir. Beləlikə, sadəcə dövlət orqanları və ya qeyri-hökümət təşkilatları bu uşaqlara qayğı göstərməli deyil. Hər birimiz vətandaş olaraq, onlara qayğı ilə yanaşmalıyıq. Bu uşaqların cəmiyyətimizin tamhüquqlu üzvü olmasına kömək etmək məhz bizim əlimizdədir. Axı hər bir uşaq ata-ana qayğısı və ailə mühitində böyümək istəyir. Lakin bu duyğuları uşaq evində yaşaya bilmir.
Mənim uşaq evlərini, internatları və fiziki məhdudiyyəti olan uşaqları ziyarət edən insanlarla söhbət etmək imkanım oldu. Həmsöhbətlərim mütamadi olaraq, buradakı uşaqlar üçün əyləncələr təşkil edir. Eyni zamanda, bu sosial işə yeni insanları da cəlb etmək istəyirlər.

Roza Muradova
"Mən uşaq evlərində tez-tez oluram. Ziyarətimiz zamanı uşaqların reaksiaysını çox sevirəm. Onlarla oynamağı, danışmağı və birlikdə vaxt keçirməyi sevirəm. Səfərimiz cəmi bir neçə saat davam etsə də, xatirəsi uzun müddət qalır. Uşaqlar bizi görəndə çox sevinirlər. Biz isə onların sevincini görüb məmnun oluruq. Balacalar heç nə ilə digər uşaqlardan fərglənmir. Onların da digərləri kimi qayğıya ehtiyacları var. Uşaqlar üçün bayram keçirdiyimiz zaman biz də onlar kimi sevinirik”
Əzizə Hacıyeva.
"Mənim üçün ilk dəfə uşaq evinə getdiyim zaman keçirdiyim hissləri sözlə təsvir etmək çətindir. Mənə elə gəldi ki, hansısa başqa bir dünyaya düşdüm. Bu atmosfer uşaqlarla birgə keçirilən zaman, sevinc, təbəssüm və bir az da kədər. Bir faktı da qeyd edim ki, buraya ilk gəlişimdən sonra tez-tez uşaqlara az da olsa, sevinc bəxş etmək üçün bura gəlməyə can atıram. Mən insanlara tövsiyə edirəm ki, körpələrin taleyinə biganə olmasınlar. Heç olmasa, həyatlarında bir dəfə uşaq evini ziyarət etsinlər ki, burada olan körpələr az da olsa, sevgi və qayğını hiss etsinlər”.

Məhhərə Əli
"Uşaq evini ziyarət etməzdən əvvəl bu haqda bir zamanlar uşaq evində dərs keçən Rəssamlıq Akademiyasının müəllimi Minə Hüseynovaya məlumat verdim. Minə xanım bizimlə o zamanki xatirələrini bölüşdü. Hər kəsə məlumdur ki, yaradıcı insanlar çox həssas olur. Ona görə də, müəllimizin danışdıqları bizə təsir etdi. Minə xanımın sözlərinə görə, hətta dərs vaxtı uşaqlar ona yaxınlaşaraq onu öpür, ana deyə xitab edirdilər. O, uşaqlarla öz doğması kimi rəftar edirdi. Sonra bəzi səbəblərə görə Minə xanım uşaq evindən ayrılır. Bu vaxt ərzində isə uşaq evinin əvvəlki binası sökülüb, uşaqları isə başqa binaya köçürüblər. İllər ötdü, bir müddət sonra onun yanına əllərində çiçəklərlə bir qrup gənc oğlan və qız yaxınlaşdı. Onlar müəlliməni qucaqlayaraq, ana deyə çağırdılar.
O zaman qadın düşündü ki, bunlar kim ola bilər, axı o bütün tələbələrini üzdən tanıyırdı. Ancaq uşaqlar ona hər şeyi danışdılar. Belə ki, bir müddət əvvəl bizim müəllimimiz televiziyalardan birində qonaq olduğu zaman bir vaxtlar uşaq evində çalışdığı haqqında məlumat vermişdi. İllər öncə onlara dərs dedikləri müəllimlərini tanıyan uşaqlar onu ziayarətə gəlmişdilər.
Beləlilklə, biz qrup yoldaşlarımızla yığışaraq, Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqların yaşadığı internat evini ziyarət etmək qərarına gəldik. Uşaqlar bizi çox səmimi və sevgi ilə qarşıladılar. Biz onlarla bərabər güldük, oynadıq, mahnılar oxuduq. Valideyn olmaq üçün sadəcə uşaq dünyaya gətirmək kifayyət deyil, eyni zamanda, sevgi, diqqət, qayğı da göstərməlisən. Bu uşaqlar isə valideyn sevgisindən məhrum olmaqla yanaşı, həm də sağlamlıqları da təhlükə altındadır".

"Hesab edirəm ki, hec olmasa, ayda bir dəfə uşaq evini ziyarət etmək lazımdır. Bu, bizim öhdəliyimizdir. Uşaqların maddi yardıma ehtiyacı yoxdur. Yəni, hesab etmirəm ki, onlar acdırlar, xeyir. Hər bir uşağın daxilindəki boşluğu ancaq sevgi və qayğı ilə doldurmaq mümkündür. Onlar yetim deyil, onlar bizim uşaqlarımızdır! Əgər biz onlara laqeyd yanaşsaq, deməli, biz heç öz yaxınlarımızla davranışlarımızda da səmimi deyilik.
Uşaq evlərindəki uşaqlarla ünsiyyət onlara sevgi bəxş edir. Bizim qayğı və diqqətimiz bu uşaqlarda özlərinə güvən hissini inkişaf etirir. Bu, onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərir. Yaxşılıq edin və bir gün o sizə geri dönəcək”, - deyə o, əlavə edib.

Milena Nəbiyeva
"Baxmayaraq ki, bir çox insanlar ehtiyacı olanlara kömək edir və bu barədə heç kimə heç nə demir, amma bəziləri xeyriyyə işlərini öz reklamları üçün istifadə edir. Ancaq yaxşı əməllərdən bəhs etmək lazımdır ki, bunlar başqaları üçün nümunə olsun. Axı insanlarda belə bir düşüncə də var ki, heç kim yardım etmir. Niyə mən etməliyəm?! Məqsədimiz Azərbaycan cəmiyyətində bunun inkişafına yol verməməkdir. İnsanlara yaxşı əməllərlə nümunə göstərərək, gözlərini açmaq lazımdır.
Dünyada insanlar bir-birinə qarşı laqeyd yanaşırlar. Buna görə, biz çalışırıq ki, insanlara əlimizdən gəldiyi qədər yardım edək, xüsusilə, xəstə uşaqlara. Bundan başqa, çalışıram ki, bu cür xeyriyyə işlərinə bütün dostlarımı cəlb edim. Ancaq bu şəkildə biz insanlığı oyandıra bilərik. İmkanım çatdığı qədər Nigar Kərimovanın rəhbərlik etdiyi "Uşaqların xoşbəxt gələcəyi” adlı Fonda pul köçürürəm. Bu fond sayəsində biz tez-tez xəstə uşaqlara baş çəkirik. Ancaq bu işlərdə həmrəy olduğumuz zaman biz dünyanı yaxşı iqtiqamətə dəyişə bilərik.
Xuraman Qafarova
"Nəyə görə mən uşaq evinə gedirəm?! Onların üzündəki təbbəsümü, gözlərindəki sevinci görəndə hər şeyi unuduram. Əsas məqsəd onların əhval-ruhiyyəsini qaldırmaq və sevgi bəxş etməkdir. Onlar bu həyatda özlərini yalnız hiss etməməlidir. Baxmayaraq ki, valideyin himayəsindən məhrumdurlar, həmin uşaqlar da sevilir. Hesab edirəm ki, insanlar gec-gec də olsa, uşaq evlərini və internatları ziyarət etməlidirlər.
Cəmiyyətin böyük əksəriyyətinin ailəsi var, lakin bu uşaqların yoxdur. Bizim uşaq evini hər ziyarətimiz onlar üçün böyük bayrama çevrilir. Bu uşaqlar qayğı, sevgi istəyirlər, onlarla birgə oynamaq, vaxt keçirmək lazımdır. İlk dəfə uşaq evinə getdiyim zamanki hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Daun sindromlu uşaqlar o qədər mehriban və səmimidirlər ki, onların ümid dolu baxışlarını unutmaq olmur. Bu uşaqlar üçün doğma səs eşitmək ən gözəl nemətdir”.
Bununla yanaşı, "ASAN Xidmətin” yeni layihəsi olan "ASAN Məktub” layihəsi (asanmektub.az) sayəsində ölkəmizin müxtəlif rayonlarından olan uşaqların yazdıqları məktublar toplanır. Layihənin rəhbəri Rəbiyyə Cəfərova və "ASAN xidmətin” əməkdaşı Turanə Qasımova ilə "ASAN Məktub” layihəsinin məqsədi haqqında danışdıq.
Bildirdilər ki, bu layihə artıq bir ildir ki, fəaliyyət göstərir:
"Əsas məqsədimiz hər bir uşağı xoşbəxt etmək və onun istədiyi hədiyyəni əldə etmək üçün yardım toplamaqdır. Layihə çərcivəsində biz Azərbaycanın müxtəlif bölgələrində olmuşuq. Cəmiyyətimizdə yoxsul şəraitdə yaşayan uşaqlara yardım etmək istəyən insanlar var, sadəcə bunu necə edəcəklərini bilmirlər. Bax, bunların yardımına "Asan Məktub” layihəsi gəlir".
Layihə necə işləyir?
Biz Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanları ilə də əməkdaşlıq edirik. Layihə çərçivəsində 4 yaşından 14 yaşına qədər olan uşaqlar məktub yaza bilər. Burada aztəminatlı ailələrin uşaqları və uşaq evlərindən olan balacalar iştirak edə bilər. Layihənin həyata keçirilməsində (asanmektub.az) "ASAN könüllüləri”nin yardımı böyükdür. Onlar aztəminatlı ailələr və uşaq evləri tapır və adıçəkilən komitəsinin İcra hakimiyyətinin dəstəyilə uşaqların yanına gedərək, onların azularını "Asan Məktub” vasitəsilə rəsmi saytda dərc edir.
Uşaqlara kömək etmək istəyənlər isə sayta daxil olaraq, məktublar vasitəsilə uşaqlarla əlaqə saxlayırlar. Hədiyyəni uşağa verdikdən sonra isə şəkil çəkdirərək, hədiyyə edən şəxsin elektron poçtuna göndərilir. Beləliklə, hər kəs uşağa çoxdan gözlədiyi hədiyyəni verə bilər. Hədiyyələrin təqdimat mərsasimləri əsl bayrama çevrilir”.

Ümumdünya Uşaq Günü qeyd olunduğu zaman istərdik ki, hər bir uşağın ailəsi və qayğıkeş valideynləri olsun. Onu öz qayğı, sevgi və diqqətilə əhatə etsin. Təəssüf ki, cəmiyyətimizdə valideyin himayəsindən məhrum olan uşaqlar var və borcumuz onlara sevgi verməkdir. Axı hər bir körpənin xoşbəxt uşaqlıq yaşamaq haqqı var.
Məqaləni məhşur rus yazıçısı Anton Çexovun sözü ilə bitirmək istəyirəm:
"İnsan ağrını hiss edirsə, o yaşayır. İnsan başqasının ağrısını hiss edirsə, o, insandır”.
Daxilinizdəki insanlığı öldürməyin...








Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























