Yol polisindən xəbərdarlıq

Azərbaycanda yol-nəqliyyat hərəkəti qaydalarını pozan sürücülərə yazılan cərimələrin POS-terminallar vasitəsi ilə ödənilməsi zamanı, ödənişin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) elektron sisteminə daxil olmasında gecikmələr yaranır.
Bunu "Report"a açıqlamasında gecikmələrin yaratdığı problemlərdən əziyyət çəkən sürücülər deyiblər.
Onlar qeyd ediblər ki, POS-terminal vasitəsi ilə ödənilən cərimələrin sistemə oturması üçün BDYPİ-yə gedərək, ödəniş barədə qəbzi təqdim edirlər, ərizə yazaraq cəriməni ödədiklərini yazılı formada DYP əməkdaşının diqqətinə çatdırmaq məcburiyyətində qalırlar.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Report"a bildirib ki, problem POS-terminallar vasitəsi ilə həyata keçirilən ödənişlərin bank vasitəsi ilə sistemə köçürülməsi ilə bağlıdır. Onun sözlərinə görə, POS-terminallar vasitəsi ilə olunan ödəniş bir neçə gün, bəzən daha çox vaxtdan sonra təyinatı üzrə hesaba köçürülür və bu səbəbdən də Baş Dövlət Yol Polisi İdarəsinin sisteminə gecikmə ilə daxil olur.
K.Əliyev deyib ki, bu məsələ bir sıra hallarda sürücü ilə yol-patrul xidməti əməkdaşları arasında problemə səbəb olur: "Sürücünün cərimə məbləğinin ödədiyi haqda qəbzinin olmasına baxmayaraq Dövlət Yol Polisinin sistemində cərimə məbləği ödənilməmiş kimi göstərilir. Bu, POS-terminalların bəzən onlayn ödəniş sistemi ilə ayaqlaşmaması səbəbindən baş verir".
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov "Report"a bildirib ki, POS-terminallar vasitəsilə ödənilmiş cərimələrin BDYPİ-nin sisteminə gecikmə ilə çatmasının iki səbəbi ola bilər: "Birincisi bank, poçt, və ya ödəmə terminallarından ödəniş həyata keçirilərkən texniki problem yaranır. İkincisi isə, elektron informasiyanın dövriyyəsində olan çatışmazlıqdır. Yəni, yolda qayda pozunutusunu qeydə alan MMX və ya kameralar mərkəzə informasiya ötürsə də, bank sistemindən gələn məlumatlar gecikir".
Ə.Hüseynov qeyd edib ki, bəzən sürət həddinin aşılmasına görə elektron protokol tərtib edilir, lakin şəxsə bildiriş gəlmir: "Avropa ölkələrində qayda pozuntusu aşkar edildikdən 4 dəqiqqə sonra sürücü cərimə ödəyə bilir. Azərbaycanda isə bu sistem hələ də işləmir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























