Azad Rəhimov: "Gələcəkdə tələbə kartından nəqliyyatda da istifadə edilə bilər"

""Azərbaycan Tələbə Kartı" layihəsi bu il də davam etdiriləcək. Ötən dəfə 195 mindən artıq kart tələbələrə paylanıb”.
ANN.Az xəbər verir ki, bu barədə Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, bu layihə həqiqətən də, tələbələr üçün böyük dəstək olacaq:
"Çünki "Azərbaycan Tələbə Kartı" layihəsi ilə əməkdaşlıq edən müəssisələr tələbələrə 5%-dən 50%-ə qədər endirim edir. Eyni zamanda, bu kart xarici ölkələrdə də keçərlidir. Məlumatlara görə, Avropada 7 milyondan çox tələbə həmin endirim kartlarından faydalanır. Həm də Avropa ölkələrində bu kartlar bir növ şəxsiyyət vəsiqəsi rolunu oynayır”.
Nazir bildirib ki, müraciət edən bütün tələbələr bu kartı əldə edə biləcək:
"Azərbaycanda təhsil alan istənilən tələbə bu kartı əldə etmək üçün müraciət edə bilər. Gələcəkdə nəqliyyat sistemi də bu məsələyə müsbət yanaşsa, biz də istəyirik ki, tələbələr bu kart vasitəsilə nəqliyyatdan endirimlə istifadə etsin”.
Qeyd edək ki, Azərbaycanda təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz paylanıb.
Kartdan aşağıdakı istiqamətlər üzrə istifadə etmək imkanı var:
- səyahət zamanı: hotellər və hostellər, ekskursiyalar və turlar
- nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı
- mağazalar: kitab, idman, paltar və digər
- iaşə obyektləri: restoranlar və kafelər
- xidmətlər: sığorta, abunə servisi, bələdçi.
Orxan Aslanlı
Kamil Əmirli
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























