• $
  • €
  • ₽
  • ₺
  • £

“Etdiyimiz fədakarlıqlar gələcək üçün sağlam fikirlər inşa edəcək” – MÜSAHİBƏ

“Etdiyimiz fədakarlıqlar gələcək üçün sağlam fikirlər inşa edəcək” – MÜSAHİBƏ
19.01.2017 13:05
Demokratik İslahatlar Partiyası (DİP) sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfovun müsahibəsini təqdim edirik.

Rövşən Nəcəfov: "Biz, hər zaman təhsil deyirik və təhsil deməliyik. Ona görə təhsil deməliyik ki, təhsil cəmiyyətə nümunələr təqdim edir. Təhsil cəmiyyətə inkişaf, mədəniləşmə və fərqlilik gətirir.”

Təhsilli olmaq xoşbəxtlik üçün kifayətdirmi?

Təhsilli olmaq anlayışı yalnız diplomlu olmaq deyil. Diplomlu olmaqla təhsilli olmaq arasında müqayisəyə ehtiyac yoxdur. Təhsilli olmaq cəmiyyətə fayda vermək və verdiyin faydanın gücünü artırmaqdır. Biz, təhsil aldığımız zaman nəzəri biliklər əldə edirik. Nəzəriyyə praktiki olaraq əhəmiyyəti gücləndirmək üçündür. Yəni, bilib hərəkət etmək. İnsan sahib olduğu peşə vasitəsi ilə insanlara xidmət edir. Amma insan öz peşəsi ilə cəmiyyətə daha çox fayda vermək üçün, təhsilini gücləndirilməlidir. Təhsil bir cəmiyyətin inkişafı üçün nümunələr yaradır. Xoşbəxt olmaq üçün, həm də təhsil lazımdır. Təhsil insanı dəyərə çevirir. O dəyər ki, onu maddiyyatdan çox, mənəviyyata bağlayır. Daxili zəngin olan insanlar xoşbəxtlik axtarır. Xoşbəxtlik onu tapmaq deyil, onu axtarmaqdır. İnsanın axtarış etməsi üçün isə biliyi və bacarığı olmalıdır. Bilik və bacarıq doğrunu tapmaq, doğrunu təqdim etmək və doğrunu müqayisə etməyə kömək edir.

Təhsil sahəsində baş verən dəyişikləri necə qiymətləndirirsiniz?

İstənilən dəyişiklik müsbət nəticə verməyə hesablanır. Cəmiyyətə fayda verəcək bütün təşəbbüslər dəyişiklikdir. Əgər, dəyişiklik zamanı cəmiyyətə faydalılığı artırmaq istəyiriksə, cəmiyyətin də təşəbbüslərini nəzərə almaq lazımdır. Təhsil sistemimizdə müxtəlif dəyişikliklər edilsədə, sistemli dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. Dəyişiklik aparıldığı zaman təhsil sözündən çıxarışlar deyil, tələbənin faydalılıq gücünü artırmaq lazımdır. Tələbə təhsil aldığı ali məktəbi bitirdikdən sonra, nə edəcəyini, biliyini necə təqdim edəcəyini bilmir. Ali məktəblərdə tələbələri cəmiyyətə hazırlayacaq müxtəlif təşəbbüslərə ehtiyac var. Karyera quruculuğuna, vətəndaş cəmiyyətində fəaliyyətlərinin əhəmiyyətini ifadə edə biləcək təşəbbüslər olmalıdır. Tələbələr də həmin təşəbbüslərin iştirakçısına çevrilməlidir. Tələbənin nə istədiyini, tələbənin özü təqdim etməlidir. Cəmiyyət dəyişikliklər aparılmasında iştirakçı olmalıdır. Təhsil sahəsində baş verən dəyişikliklərin nəticəsi bu gün üçün deyil, gələcək üçündür. Edilən bütün dəyişikliklər, aparılan bütün islahatların nəticəsi haqqında gələcəkdə danışmaq olar. Hazırda, edə biləcəyimiz iş dəyişikliklər zamanı iştirakçı olmağımızı təmin etməkdir. Təhsil elə bir sahədir ki, cəmiyyətin formalaşmasının asılı olduğu məqamdır. Biz, təhsilimizlə öz məqamımızı müəyyən etməliyik.

Oxuduğunuz hansı kitab və ya qarşılaşdığınız hansı hadisə indiki Rövşən Nəcəfov olmasına sövq edib?

İndiki Rövşən Nəcəfov hələ başlanğıcdır. Etmək istədiyim daha çox iş var. İnsan həyatda etmək istədikləri ilə addımlamağa başlayır, edə bildikləri ilə davam edir. Kitablar və hadisələr insanın həyatını dəyişən nəsnələrdir. Hər kəsin həyatında dəyişikliklər olur. Hesab edirəm ki, cəmiyyətə təsir edən fəaliyyətlər olmalıdır. Yəni, ictimai maarifləndirmə işləri aparılmalıdır. Biz, "Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasını yaradanda cəmiyyətə nümunələr təqdim etməyə niyyətləndik. Cəmiyyət ona təqdim olunan nümunələrlə dəyişiklik edir. Oxumalı olduğumuz kitablar var. Tarixi maarifçilərimizi oxumalıyıq. Çünki, aktuallığını itirməyən mövzular və problemlər var. Azərbaycan cəmiyyətinin tarixdən dərs almalı olduğu kitablar var. Yeddi kitabın adını çəkmək istəyirəm, Cəlil Məmmədquluzadə "Ölülər”, Mirzə Fətəli Axundov "Kəmaliddövlə məktubları”, Mirzə Ələkbər Sabir "Hophopnamə”, Yusif Vəzir Çəmənzəminli "Qızlar Bulağı”, Əhməd bəy Ağaoğlu "Sərbəst insanlar ölkəsində”, Qurban Səid "Əli və Nino”, Məmməd Səid Ordubadi "Qılınc və Qələm”. Ədəbiyyat cəmiyyətin mədəniləşmə prosesini artırır. Ədəbiyyatı olmayan cəmiyyət özünü tapmaq üçün axtarrır. Ədəbiyyatımız olduğu üçün, özümüzü yox, kitabları tapmalıyıq.

Universitetlərdə hansı sahələrdə əlavə tədrisə ehtiyac var?

Universitetlərimizdə oxu klubları yaradılmalıdır. Yaradılıbsa, inkişaf etdirilməlidir. Tələbənin dərslərindən əlavə mütaliə etməsi vacibdir. Həmçinin, ali məktəblərdə qeyri-formal təhsili inkişaf etdirməyi uğurlu görürəm. Tələbə nəzəri biliklərin praktiki təhlili ilə məşğul olmalıdır. Karyera mərkəzləri yaratmaq, gələcək fəaliyyətləri üçün tövsiyyələr və təşəbbüslərlə istiqamət vermək olar. Ən uğurlu seçimi isə tələb özü edəcək. Cəmiyyətə hansı töhfələri vermək istədiyini müəyyənləşdirəcək. Bunun üçün isə, tələbə ilə ali məktəb arasında dialoq olmalıdır. Tələbə məzun olacağı universitetdən canını qurtarmalı olduğunu düşünməli deyil. Universiteti bitirdikdən sonra da universiteti üçün fəaliyyət növü ola bilər. Universiteti onun üçün o qədər doğma olmalıdır ki, yaradıcılığını əsirgəməsin, həm təhsil aldığı müddətdə, həm də məzun olduqdan sonra.

Gənclər üçün nələri tövsiyyə edərsiniz?

Gənclərə tövsiyyə edəcək yaşda deyiləm. Atmalı olduğumuz addımlar var. Biz, gələcəyimizin sağlam və aydınlaşmış olmasını istəyiriksə fəaliyyət göstərməliyik. Nümunələr yaratmalıyıq. Çalışmalıyıq yaratdığımız nümunələr cəmiyyət üçün müsbət şərhlər versin. Biz, tariximizi bilməliyik, amma tarixlə yaşamamalıyıq. Tarix bizə dərs keçir, nəzəriyyə təqdim edir. Gələcək isə praktikadan asılıdır. Təşəbbüs göstərmək, ideyalarımızı reallaşdırmaq və fikirlərimizi ifadə etməkdən çəkinməməliyik. Bütün səhvlərimiz və doğrularımızla gələcək bizi gözləyir. Həyatı yaşamalıyıq. Cəmiyyətə fayda vermək, fayda vermək üçün fədakarlıqlar etməliyik. Etdiyimiz fədakarlıqlar gələcək üçün sağlam fikirlər inşa edəcək.

Sizcə nəyə görə hələ də gənclərin bir qismi "mentalitet”lə yaşamağa davam edirlər?

Mentalitet cəmiyyətin insan həyatına etdiyi avtoritetlikdir. İnsanlar rahat yaşamağın tərəfdarıdır. Hər kəs rahatlıq axtarır. Rahatlıq isə olduğu kimi yaşamaqdır. İstənilən dəyişiklik qorxu yaradır. İnsan dəyişiklik edib rahatlığını pozmaq istəmir. Yaşlı nəsil öz qaydaları ilə rahatdırlar. Dəyişiklik etmək üçün zamanı yoxdur və ya zamanını xərcləyib artıq. Qarşıda səni böyük zaman gözləməlidir ki, dəyişiklik edib zamanından faydalanasan. Komplekslər və stereotiplər avtoritetliyin əsas tədrisidir. İnsanlar bir-birinə bunları tədris edir. İnsanlar öz taleyini başqalarınada yaşadır. Valideynlərimiz öz seçimləri ilə övladlarını yetişdirirlər. Cəmiyyət öz qaydaları ilə seçimlərə təsir edir. Nəticədə, insan fərd kimi formalaşa bilmir. Müstəqil qərar vermək üçün öz anlayışını gücləndirmək lazımdır. Gənclərimizin əksəriyyəti mentalitetlə yaşamağının səbəbi informasiya fobiyasının olmasıdır. Fərqli fikrə münasibətləri də fərqlidir. Fərqli fikir görən kimi qınayırlar. Gənclərimiz tənbəl olduqları üçün dəyişmək istəmirlər. Ətrafdakılara görə yaşamaq və ətrafın fikirləri önəmlidir. Ətrafdakıların mənfi fikir irəli sürməsi qorxu yaradır. Bu qorxunu hər kəs bir-birinə tətbiq edir. Əgər, gənclik nə istədiyini bilsə cəmiyyət daha rəngli olar. Cəmiyyəti ağ və qara rənglərlə boyamaz. Yaxşıya pis deməklə yaxşının dəyərini itirmək olmaz. Mentaliteti inkişaf etdirən üsul isə qulağı ilə görməkdir. Gənclərimiz gördüyünə deyil, eşitdiyinə inanır. Bir gün eşidib inandığı həqiqəti gözləri ilə görəndə isə fərqli mənzərə yaranır. Həqiqət biz ona toxunanda və ya hiss edəndə bizim olur. Dəyişmək üçün, öncə özümüzü dəyişməliyik. Özümüzü dəyişmədən, başqalarından dəyişiklik gözləyirik. Başqalarının təcrübəsini gözləyirik. Axı bu həyat bizimdir. Həyata tək gəldiyimiz kimi, tək də gedəcəyik. Yenidən həyata gələcəyimizin zəmanəti olmadığı üçün yaşamaq lazımdır.

Bir gəncin uğur hekayəsi necə yazılmalıdır?

Uğur qazanmaq üçün səni narahat edən stereotiplərdən və sənə mane olan komplekslərindən azad olmalısan. İnsan həyatında rahatlıq olmasa, onun nəsə əldə etməsi çətinləşir. Biz həyatımızın gənclik mərhələsindəyiksə, etmək istədiklərimizi edib, sonra həyatımıza uyğun olanı müəyyənləşdirməliyik. Çoxlu seçimlərimiz olmalıdır. Həyatımızda nə qədər çox seçim olarsa, öz həqiqətimizə bir o qədər daha yaxın olacağıq. Etdiyimiz seçimlər bizim həyatda qazanacağımız uğuru formalaşdıracaq. Öz hekayəmizi özümüz yazmalıyıq. Hekayənin sonunda biz tək qalırıq. Bu o deməkdir ki, hekayəmizin müəllifi özümüzük. Hekayəmizin uğurlu olub-olmadığını ətrafımız müəyyənləşdirir. Ətrafımıza verdiyimiz faydadan qaynaqlanır. Bir gənc öz uğuru hekayəsini yazmaq üçün təhsil almalı, sonra müsbət nümunələr yaratmalı və fayda verməlidir. Hər kəsi dinləmək, hər kəsdən məsləhət almaq olar, amma qərarı özümüz verməliyik. Hekayəmizi yazmaq üçün çalışmaq lazımdır. Həyatımızı ağ vərəq kimi götürsək, atdığımız addımlar qələm olaraq həmin ağ vərəqi yazmağa başlayacaq. Biz qələmimizi başqalarına versək, onlar ora istədiklərini yazacaqlar. Sən də öz istədiklərini yox, başqalarının istədiklərini edəcəksən. İnsan sevdiyi işlə məşğul olursa və davamlı işində inkişaf edirsə, bu uğur hekayəsidir. Biz, öz uğur hekayələrimizi yazaraq, gələcək nəsilə sağlam cəmiyyəti miras qoymalıyıq.

Kitab oxuyub nəzəriyyə öyrənmək, yoxsa təcrübə edib işi öyrənmək?

İnsanın həyatı onun oxuduqları ilə formalaşır, gördüyü işlərlə isə uyğunlaşır. Biz nə istəyirik? Oxumaq istədiklərimizi təcrübədə istifadə edə bilirikmi? Təcrübəmizlə oxuduqlarımıza istinad edirikmi? Öyrənmək üçün suallar verməliyik. Oxumaq hər şeyi bilmək deyil. İş həyatımıza oxuduqlarımız istiqamət verir. Təcrübə isə işimizi müəyyənləşdirir. Təcrübəsi olmayan mütəxəssis anlayışı yoxdur. Mütəxəssisdirsə mütləq təcrübəsi var. Yəni, bacardığı iş var. Bəzən, insanlar deyir ki, məzun olduğu ixtisas üzrə işləməlidir. Amma qaydalar fərqlidir artıq. Məzun olduğumuz ixtisas əhəmiyyətini itirib. Bacardığımız işlə məşğul olmalıyıq. Təhsil aldığımız müddətdə dərslərimizdən yüksək qiymətlər ala bilərik, amma bu o demək deyil ki, biz məzun olduğumuz ixtisas üzrə işləyə bilərik. Ona görə də, tələbə universiteti bitirənə qədər arzu etdiyi bütün sahələrə marağını gizlətməməlidir. Bacardığımız iş arzu və istəklərimizin nəticəsi olacaq. Ali məktəbi bitirdikdən sonra əsl məktəb başlayır. Yəni, həyatın özü. Həyat heç vaxt məzun olmayacağımız məktəbdir. Həyatın bizə yaşadacağı təcrübələri heç bir kitab yazmayıb və ya yazıb bitirməyib. Təhsil aldığımız müddətdən işləmək bacarığını gücləndirmək lazımdır. Könüllü olaraq təcrübə qazanmaq gələcək iş həyatı üçün böyük addımdır. İnsanlara demək olmaz ki, oxuma, sənə təcrübə lazımdır və ya əksinə. İnsanlara bir cümlə demək olar, həyat oxuduqlarımız və təcrübələrimiz deyil, həyat etdiyimiz seçimlərdir.

Pul qazanmaq üçün, yoxsa şəxsiyyət kimi formalaşmaq üçün pul qazanmaq lazımdır?

Şəxsiyyət kimi formalaşmaq üçün səhvlər və doğrular etməliyik. Yəni, ideal olmaq yox, ideal olmaq üçün səhvlərimizi doğruya istiqamətləndirməliyik. Pulun insanın şəxsiyyətini əlindən almaq gücü var. Pulumuzu şəxsiyyət kimi formalaşmaq üçün xərcləsək, həyatımızı yaşamağa vaxt qalmaz. Pulun insan həyatının rahatlığını təmin etdiyini düşünürük. Amma pul qazancımız artdıqca həyatımızda olan problemlər böyüyür. Problemin mövzusu yox, metodu dəyişdiyi üçün gözümüzdə böyüyür. Hər kəs pul qazanmaq üçün çalışır. Peşəkar olmaq üçün çalışmalıyıq. Peşəkarlıq maddi imkanları genişləndirir. Bacardığımız və sevdiyimiz işlə məşğul olsaq, rahatlığımızı təmin edə bilərik. Peşəkarlıq həm də şəxsiyyət kimi formalaşmaqdır. Yaxşı mütəxəssisə hər zaman ehtiyac var. İşimizin peşəkarı olsaq, bizə ehtiyac olacaq. Qazandığımız bilik və bacarıqlar əziyyətimiz vasitəsi ilə gəlirimizi artıracaq. Pul qazanmaq lazımdır. Həyatın ən vəhşi qaydası pul qazanmaqdır. Amma vəhşilik etmək həyatın qaydası deyil. 

Çıxışlarınızda hər zaman təhsili əsas tutursunuz. Təhsil hər şeyi həll edəcəkmi?

Demokratik İslahatlar Partiyası (DİP) olaraq təhsil bizim açar sözümüzdür. Həmçinin, partiyamızın əsas fəaliyyət istiqamətlərindən biridir. Partiya sədrimiz, Millət Vəkilimiz cənab Asim Mollazadə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür. Biz, hər zaman təhsil deyirik və təhsil deməliyik. Ona görə təhsil deməliyik ki, təhsil cəmiyyətə nümunələr təqdim edir. Təhsil cəmiyyətə inkişaf, mədəniləşmə və fərqlilik gətirir. Cəmiyyət fərqlilikləri ilə uğurlar təqdim etməyi bacarır. Fərdi təşəbbüslər yaranması üçün insanların təhsilli olması vacibdir. Diplomlu olmağa ehtiyac yoxdur. Təhsilli olmağa ehtiyac var. Bacardığın işlə məşğul olmaq, bacardığın işlə faydalı olmağa ehtiyac var. Təhsil almaq, öz uğurunu cəmiyyətlə bölüşməkdir. Təhsil maarifçiliyin təməlidir. İnsan təhsil aldıqdan sonra, faydalılığını aldığı təhsilə əlavə etsə maarifçi olacaq. Cəmiyyətin aydınlanması prosesində iştirak edəcək. Təhsilli və faydalı şəxs ölkəsi üçün şəxsiyyət olur. Təhsil dağıdıcılıq yox, yaradıcılığı inkişaf elətdirir. Təhsilsiz cəmiyyətin mənfiləri çox olur. Cəmiyyətə ziyan verən şəxslər formalaşır. İstənilən şəxsin iştirakçı olduğu cəmiyyət seçimlərdən formalaşır. Etdiyimiz seçimlər hər şeyi həll edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol