Bina sakinləri həyətdən məhrum edildi - FOTOLAR

Bakının Xətai rayonu Xocalı prospekti 29 ünvanda yerləşən çoxmərtəbəli binanın yüzlərlə sakini çıxılmaz vəziyyətə düşüb.
ANN.Az-a müraciət edən sakinlərinin sözlərinə görə, buna səbəb bir oliqarxin onların həyətinə gözününün düşməsidir.
"Həyətimizi əlimizdən alıblar. Biz bu binada mənzili həyətinə görə almışıq. Çünki şəhərdə həyətli bina çox azdır. Mənzil alarkən bizə bildirdilər ki, binanın həyətində fontan və uşaqlar üçün meydança olacaq. İndi isə binanın girişinin qarşısında tikinti işlərinə başlayıblar. Tikinti yeri ilə bina arasında məsafə o qədər azdır ki, yanğın baş versə, yanğınsöndürən maşın binaya yaxınlaşa bilməyəcək. Bizim binada 984 mənzil var. Əgər binada yaşayan uşaqların yarısı həyətə düşsə belə, onların oynamağa yeri olmayacaq", - deyə bina sakini Esmira Sultanova öz etiraznı bildirib.
Şikayətçilərin yaşadığı binanı inşa edən "İdeal İnşaat" MMC-nin direktoru Çingiz Məmmədov ANN.Az-a açıqlamasında deyib ki, binanın həyətidə iaşə obyektləri inşa olunur:

Mənzil satarkən sakinlərə təqdim olunan daxili həyətin planı
"Daxili həyətin ərazisi 1,7 hektar təşkil edir. Onun yalnız 30 sotluq hissəsində uşaq bağçası, trenajor zalı, supermarket, tikiş atelyesi kimi iaşə obyektləri tikilir. İlkin olaraq, daxili həyətdə yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulmamışdı. Çünki o ərazidə yeraltı qaraj var. Sakinlərin rahatlığı üçün oturacaqlar və dibçəkdə güllər qoyulacaq. Onlar da bağlı məkanda yerləşdiriləcək".
Çingiz Məmmədov həmçinin bildirib ki, Bakı Şəhəri İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyatı qurumlar obyektlərin tikinti planını təsdiqləyib.
"Bu layihəni təsdiq edənlər İcra Hakimiyyətinin baş memarlarıdır. Burada təbii işıqlandırma, havaçəkmə və ya binanın dayanıqlılığı ilə bağlı hər hansı normativ pozuntu olsaydı, onlar həyətdə tikinti aparmağa icazə verməzdilər", - deyə Ç.Məmmədov əlavə edib.
Bakı Şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətindən isə zəngimizə cavab verən olmadı.
Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsindən də ANN.Az-ın tikintinin normativlərə cavab verib-verməməsi barədə sorğusu cavabsız qaldı.
Bina sakinləri tikintinin dayandırılması ilə bağlı bütün instansiyalara məktub göndərdiklərini və hələlik, cavab almadıqlarını bildirir.
Vüsal Əzizov
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























