Vəkili blogger Mehman Hüseynovla görüşüb

Vəkili blogger Mehman Hüseynovla görüşüb saxlanma şəraitindən narazılıq etməyib.
Martın 6-da vəkil Elçin Sadıqov Şüvəlanda yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə olan blogger Mehman Hüseynovla görüşüb. O bildirir ki, Mehmanın əhvalı yaxşıdır. "Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir. Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi” – deyə vəkil bildirib.
Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham şikayəti üzrə Cinayət Məcəlləsini 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib. Məhkəmə bir prosesdə məhkəmə istintaqını yekunlaşdırıb və müdafiə tərəfinə çıxış üşün kifayət qədər vaxt vermədən hökm çıxarıb.
Mehman Hüseynovun özü, müdafiəçisi və beynəlxalq təşkilatlar onun bloggerlik fəaliyyəti ilə əlaqədar sifarişlə həbs edildiyini bəyan ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























