Abbas Abbasov Elmar Vəliyevə 2 bənd şeir yazdı

İcra başçısını qana bələyən Yunis Səfərovun harada saxlandığı bilinmir; Abbas Abbasovun oğlundan hadisə ilə bağlı ritorik reaksiya: "Kim etsə xəyanət gəncəlilərə, Qisməti ya möhnət, ya işgəncədir!” yazdı
Gəncənin icra başçısı Elmar Vəliyevin odlu silahla atəşə tutulması gündəmin əsas mövzusu olaraq qalır. İcra başçısının sağlıq durumu haqda ziddiyyətli məlumatlar gəlməkdədir, onun həyatına təhlükə olmaması haqda da xəbərlər var. Elmar Vəliyevə edilən silahlı hücum zamanı yaralanan cangüdəni Qasım Aşbazovun isə səhhəti yaxşılığa doğru gedir. Əməliyyat edilən Q.Aşbazovun həyati təhlükəni adlatdığı deyilir. Onun yaxın zamanlarda reanimasiyadan palataya köçürüləcəyi də vurğulanır.
Bu arada sosial şəbəkələrdə Elmar Vəliyev və onun mühafizəçisi Aşbazova atəş açmış Yunis Səfərovun fotoları yayılıb. Ayaqlar altında, üzündə gözlə görünən xəsarətlər olan Səfərovun təzyiqlərə məruz qaldığı iddia olunur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya deyib ki, Səfərova işgəncə verilməyib:
Baş Prokurorluğun yaydığı məlumatda isə deyilir ki, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir. Bildirilir ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və s. hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.
Baş verən olayla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydıqları birgə rəsmi məlumatda deyilirdi ki, iyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov icra hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb...
Yunis Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb.
Onun Elmar Vəliyevə yaxınlaşmaq üçün əlini gipsə salması və bu şəkildə ona yaxınlaşması, hadisədən əvvəl polisdən zor tətbiq etməklə silah alması, Rusiya vətəndaşlığını qəbul etməsi deməyə imkan verir ki, başçıya qarşı sui-qəsd planlı olub. Bəs motiv nədir? Niyə Elmar Vəliyevi öldürmək istəyiblər? Bu, sırf onun qaba idarəçiliyindən doğan qəzəbin bu şəkildə ifadəsidir, yoxsa ortada başqa məsələlər var?
Olaydan keçən 2 gün ərzində Yunis Səfərovun icra başçısına qarşı törətdiyi cinayətin motivi haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.
Bu arada youtube kanalında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Guya Yunisin "xanımı” sui-qəsd əməlinin motivini izah edir.
Bu səs yazısının saxta olması haqda rəylər üstünlük təşkil edir.
Bu arada Gəncənin sabiq deputatı, Abbas Abbasovun oğlu Aydın Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsinə maraqlı reaksiya verib. Sabiq deputat düşmənçilik münasibətində olduqları Elmar Vəliyevin vurulmasına iki bənd şeirlə münasibətini ifadə edib.
A.Abbasovun bu gün sosial şəbəkədə paylaşdığı 2 bənd şeirdə gəncəlilərə xəyanətdən və buna görə cəzadan söhbət açılır:
Qədir bilməyənə Gəncə qənimdir.
İndi gəncəlilər dursa kənarda,
Hər gələn deyər ki, Gəncə mənimdir.
Gəncəni sevənə Gəncə gencədir,
Ədalət hər şeydən burada öncədir.
Kim etsə xəyanət gəncəlilərə,
Qisməti ya möhnət, ya işgəncədir!
Qeyd edək ki, Abbasovlarla Elmar Vəliyevin münasibətləri 2013-cü ildən sonra düşmənçilik həddinə çatmışdı. Abbas Abbasov 2013-cü ilin prezident seçkiləri ərəfəsində Moskvada siyasi fəallıq göstərməyə başlayanda oğlu Aydın Abbasov Milli Məclisdə Gəncəni təmsil edirdi. Məlumata görə, həmin ərəfələrdə Elmar Vəliyevin göstərişi ilə deputat toxunulmazlığı daşımasına baxmayaraq, Aydın Abbasov Gəncə polisi tərəfindən saxlanılmış, təhqirlərə məruz qalmışdı. Bakının müdaxiləsindən sonra Aydın Abbasov bir daha Gəncəyə ayaq basmamaq şərtilə sərbəst buraxılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























