Elinanın ölümü ilə bağlı cinayət işində yeni iddialar

14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı istintaq işinin geniş dairəni əhatə edəcəyi haqda bir gün qabaq məlumat verən "Yeni Sabah”agentliyi xəbər verir ki, açılan cinayət işi təkcə 162 saylı məktəbin rəhbərliyi və bir sıra məktəbliləri əhatə etmir.
Hadisə ilə bağlı prokurorluq geniş araşdırma aparıb və nəticədə ortaya valideyn və məktəb nəzarətindən kütləvi şəkildə kənara çıxmış yeniyetmələrin olduğu aşkarlanıb.
Bəlli olub ki, 13-17 yaşlı bir qrup məktəbli mütəmadi olaraq gecə klublarına gedir, burada zərərli vərdişlərə başlayırlar.
Hüquq mühafizə orqanlarının əməkdaşları bir sıra bar və gecə klublarının təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri izləyib və azyaşlıların qeyri etik hərəkətlərə davamlı olaraq baş verdiyinin şahidi olublar. Kamerada görünən bütün yeniyetmələrin ifadələrinin alınacağı bildirilir.
Bütün bunlardan sonra isə onların bu hərəkətlərinə şərait yaradan gecə klublarının sahiblərinin də istintaqa cəlb ediləcəyi gözlənilir. Bundan əlavə uşaqların yaşadığı ərazinin sahə müvəkkilləri, polis idarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyası da məktəblilərlə bağlı müvafiq rəylərini istintaqa təqdim ediblər.
Maraqlıdır ki, intihar hadisəsi baş verənə qədər aidiyyatlı qurumlar və ən əsası da valideynlər övladlarının qeyri-normal həyat tərzlərinə vərdiş etməmələri üçün niyə heç bir addım atmayıb?
Xatırladaq ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən ataraq həlak olub. Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
www.anews.az
























