Tağı Əhmədov Mahmudovlardan 3 milyon tələb edir — “Hesablarında 21 milyon müəyyən edildi…”

Mayın 1-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
V.Mahmudovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Bu iş üzrə zərərçəkmişlərdən biri də "Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur.
2015-ci ildə "MTN işi” başladılandan sonra bir çox sahibkarlar, iş adamları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə axışdılar.
Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 illik rəhbərliyi dövründə dövlətin gücündən istifadə etməklə hətta bəzi məmurlardan da xərac toplanılıb. "Mahmudovçu”ların cənginə düşən vəzifə sahiblərindən biri də o dövrdə "Bakı Metropoliteni” QSC-nin rəisi olan, hazırda YAP-ın Yasamal təşkilatının sədri vəzifəsini tutan Tağı Əhmədov olub.

Tağı Əhmədov bu məsələ ortaya çıxandan sonra əvvəlcə təkzib etməyə çalışdı, sonradan isə ondan 3 milyon manat alındığını dedi. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsində Tağı Əhmədov bildirib ki, Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub.
Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib:"Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul almadığını deyir”.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılır. Tağı Əhmədov mayın 1-nə təyin edilən hazırlıq iclasına qatılmayıb.
Tağı Əhmədovun ittiham etdiyi Akif Çovdarov hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, özünün məhkəməsində Tağı Əhmədovdan 3 milyon almasını inkar edib. Həbsdəki general Tağı Əhmədovun əmlaklarını da sadalamışdı. Onun metropolitendə mənimsənilən, büdcədən yayındırılan pullarla alınan mal-mülklərinin də müəyyən edildiyini açıqlamışdı.
A.Çovdarov bildirib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb.
Sitat: "Təkcə ”Texnikabank”da 13 milyon dollar pulu olub, digər pulları isə "Bank of Baku” və "Unibank”dakı hesablarında idi. "Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb offşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.
A.Çovdarovun açıqladığı çox incə məqamlardan biri də metrostansiyalarda quraşdırılan turniketlərin T.Əhmədovun maraqlarına uyğunlaşdırılması ilə bağlıdır.
A.Çovdarovun dediklərindən bəlli olub ki, turniketlərdə quraşdırılan mikrosxemlərə elə bir dəyişiklik edilib ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və hər qeydə alınmayan jetonun pulu Tağı Əhmədovun cibinə gedirmiş.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























