Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan təbriki

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
İdarədən Anews.az-a verilən məlumata görə, təbrikdə deyilir:
"Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!Dünya müsəlmanlarının əziz günü -- mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramını nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.
Mərhəmət, savab və ülfət ayı olan Ramazan bəşər övladına dözüm, xeyirxahlıq və yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, dövlətçilik tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.
Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























