“Yayda burunda əməliyyat keçirmək olarmı?”– HƏKİM RƏYİ

"Yayda burunda əməliyyat, yəni rinoplastika keçirmək olmaz” fikri
cəmiyyətdə qəbul olunmuş fikirlərdəndir. Xüsusilə xanımlar arasında populyar
olan rinoplastika "yayda əməliyyat rahat keçmir, isti hava xəstənin özünə tez
gəlməsi və yaranın tez sağalmasını əngəlləyir” kimi düşüncə səbəbindən ilin
digər fəsillərinə keçirilir. İnsanlar yayda üz nahiyəsində keçirilən bir çox
əməliyyatın əks-göstərişinin olduğu qənaətindədirlər. Hətta bəzi həkimlər də
yay aylarında rinoplastikanın icrasının çətinlik törədəcəyini bildirirlər.
Azərbaycan Turizm
və Menecment Universitetinin tələbəsi Fatimə Ağayeva yay aylarında qanaxmanın
çox olduğunu dilə gətirib: "Evdən çölə çıxmaq olmur, isti olur. Tez-tez ağız,
boğaz quruyur, burundan nəfəs almaq çətinləşir. Ağızdan nəfəs alırsan deyə
narahatlıq baş verir”.
www.anews.az
Anews.az olaraq məsələ ilə bağlı rinoplastika əməliyyatı keçirmiş insanların fikirlərin ilə maraqlandıq.
Qrafik-dizaynçı
Günel İsmayılova yayda qanaxmanın çox olduğunu eşitdiyi
üçün əməliyyatı marta keçirdiyini bildirib.
Jurnalist
Günay Nəbiyevanın fikrincə, isti havada ağrılara dözmək
daha çətindir: "Dekabrda əməliyyat olunmuşam. İstidə o ağrılara dözmək mümkün
deyil. Qışda üzümüzə şərf bağlayıb gəzə bilirik. Yayda isə gündən qorunmaq daha
çətindir”.
Hüquqşünas
Əsmər Əbdülhəsənova tələbəlik dövründə yay tətili zamanı əməliyyat
olunub. O, 3-cü kursa yeni görünüşü ilə başlamaq istədiyi üçün bu addımı
atdığını vurğulayıb.
"Burun əməliyyatı üçün ən ideal vaxt payız aylarıdır. 2014-cü
ilin avqustunda əməliyyat keçirmişəm. İlk 3 gün ağrılarım çox oldu.
Ümumilikdə çox rahat keçdi, istilərlə bir problem yaşamadım”, - deyə filoloq Fəridə Abbasova qeyd edib.
Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim Elnur Əkbərov Anews.az-a bildirib ki, ətraf mühitin
temperaturundan, iqlim şəraitindən, kilimatik durumdan asılı olmadan
qulaq-burun-boğaz orqanlarında icra olunan əməliyyatlar hər hansı bir məhdudiyyətlə
rastlaşmır:
"Pasiyentin orqanizminin temperaturu norma çərçivəsindədirsə,
hər hansı bir kəskin xəstəliyi yoxdursa, planlı əməliyyatların həyata keçirilməsinə deməli heç bir əks göstəriş yoxdur. Yayda baş verən qanaxmalar məhz günvurma
və istivurma nəticəsində baş verir. Biz gündən və istidən özümüzü qorumaq məcburiyyətindəyik.
Bu, normal bir prosedurdur. Əgər gündəlik fəaliyyətimiz açıq günəş altında,
isti məkanda deyilsə, əməliyyatdan sonrakı erkən dövrdə hər hansı bir
problemimiz olmaz. Əks təqdirdə əməliyyat olunmuş pasiyent belə bir ətraf
mühitin xoşagəlməz təsiri ilə üzləşirsə, iş fəaliyyətindən bir müddət aralı
olmalıdır. Adətən bu müddət 10-15 günə kimi davam edir”.
Həkim yayda qan dövranının daha güclü olduğunu və bunun
ağrıların azalmasına gətirib çıxardığını vurğulayıb:
"Yay fəslində icra olunmuş əməliyyatdan sonra olan
ağrılarla, qış fəslində olan ağrılar arasında anlamlı bir korrelyasiya yoxdur.
Belə ki, yayda qan dövranı daha güclü olur və tam əksinə bu, ağrıların
azalmasına səbəb olur. Bunun əksi olaraq qışda əməliyyat keçirmiş bir orqanizmdə
üşütmə, donma baş verirsə, bu halda qan dövranı kəskin şəkildə pozulur və
yaraların, toxumaların sağalma müddəti uzanır. Yayda icra olunan əməliyyatın xüsusi bir üstünlüyü
yoxdur. Lakin qış fəslində olan problemlər yayda olmur”.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























