Operativ Qərargah xaricdə yaşayan azərbaycanlılara səsləndi

Qlobal xarakter daşıyan koronovirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların əksəriyyəti dayandırılıb, dövlətlərarası sərhədlər bağlanıb, ölkələr xüsusi karantin və fövqəladə vəziyyət rejiminə keçiblər, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata bildirilib.
Məlumatda qeyd olunub ki, nəticə etibarilə, dünya boyunca yüz minlərlə sərnişin müxtəlif ölkələrdə qalmalı olub:
Azərbaycan Respublikası tərəfindən öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub.
COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gətirilən vətəndaşlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər.
Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir.
Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır.
Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün "xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxmuş şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır.
Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır.
Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür.
COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























