Ötən gecə baş verən təxribatla bağlı cinayət işinə başlanıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi dünənki aksiya ilə bağlı məlumat yayıb.
Anews.az həmin məlumatı təqdim edir:
"Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutublar.
Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərib, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn edilmiş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilib.
İyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş və toplantı Azərbaycan xalqının öz Dövlətinə, Ordusuna və Ali Baş Komandanına bir daha tam dəstəyini nümayiş etdirib. Təcavüzkar Ermənistan anlamalıdır ki, Azərbaycan xalqının səbri sonsuz deyil və o, heç zaman ərazilərinin işğalı ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, xidməti avtomobillərə ciddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























