Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bu barədə Anews.az-a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.
Müraciət mətnində deyilir:
"Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırırıq.
Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu mülki şəxsləri hədəf seçən bu cinayəti törədənlərə qarşı adekvat münasibət göstərilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq. İndiyədək qoşunların təmas xəttində və hal-hazırda Ermənistan-Azərbaycan sərhəddində çoxsaylı insan tələfatları səbəbindən Azərbaycan xalqının, xüsusən gənclərin dövlət başçısının ətrafında sıx birləşərək kütləvi şəkildə orduya səfərbər olunub cəbhə xəttinə yollanmaq istəyi qürurverici vətənpərvərlik nümunəsidir, lakin biz din xadimlərini narahat edən Ermənistan tərəfindən hərbi təxribatlar davam edərsə münaqişənin alovlanaraq böyük müharibəyə çevrilmə ehtimalıdır. Bu reallıq 30 ildən artıq davam edən, dondurulmuş münaqişənin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. Bəzən işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət, istisnasız olaraq, hamının borcudur.
Birləşmiş Millətlər Təşkilatı bugünədək beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurumdur. Bu il yaranmasının 75-ci ildönümü tamam olan BMT kimi mötəbər beynəlxalq strukturun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin tələbləri Ermənistan tərəfindən bugünədək yerinə yetirilmir. Bu qətnamələrin reallaşmasını təmin edəcək addımların düşünülməsi BMT-nin şanlı yubileyi ərəfəsində nüfuz və dəyərinin daha da artmasına xidmət edən məqam olardı.
Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin dəfələrlə sülhməramlı görüşləri baş tutmuşdur. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyətlərin nəticəsi olaraq münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınmışdır. Etibarlı sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları növbəti dəfə münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir.
Bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayonumuzda, həmçinin, hal-hazırda Azərbaycan-Ermənistan sərhəddində törətdiyi hərbi təxribatlar zamanı dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq. Yaradanımız qarşısında, xalqlarımız qarşısında borc və məsuliyyətimiz biz, dini liderləri, sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərməyə məsul edir. Bu əsnada, dünya katoliklərinin lideri Roma Papası Zati-müqəddəsləri Fransiskin Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsindən narahatlığını, son döyüşlərdə ölənlərin ailələri üçün dua etməsini yüksək dəyərləndirir, Pontifik həzrətlərinin təbirincə desək, beynəlxalq ictimaiyyətin köməyi ilə «dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə biləcəyinə" ümidini bölüşürük.
Qeyd edək ki, müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Alban-udi xristian dini icmasının sədri Robert Mobilin adından yayılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























