Ceyhun Bayramov Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərini görüşə çağırıb

İyulun 24-də Xarici İşlər naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərinin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, Azərbaycanın ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.
Xarici İşlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, videokonfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov Ermənistanın cari il iyulun 12-də iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib.
Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H.Hacıyev bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.
Bu aksiyalarda çoxsaylı soydaşlara Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.
Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat verdilər; video-konfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























