Azərbaycanda karantin rejimi sentyabrın 30-dək uzadıldı - RƏSMİ

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabilləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.
Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.
Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.
Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























