Prezident müəllimlərə müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə, tələbələrə və şagiirdlərə müraciət edib.
Anews.az həmin müraciəti təqdim edir:
-Əziz müəllimlər, tələbələr, şagirdlər.
Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.
Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir.
Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.
Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir.
Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.
Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır.
Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























