“AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda sikkələrin dizayn müsabiqəsinə start verir

"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər
Əliyev Mərkəzi "Qarabağ inciləri”
mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini
elan edir. Dizayn müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan
azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağımızın qədim tarixini, mədəniyyətini,
incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli
sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir.
Dizayn müsabiqəsi "Qarabağın qədim mədəni irsi”,
"Qarabağın qədim tarixi”, "Qarabağın simvolları”, "Şanlı Ordumuzun zəfər
yürüşü”, "Biz Qarabağa qayıdırıq”, "Əsirlikdən azad edilən abidələr” kimi mövzu
istiqamətlərini əhatə edir. İştirakçılar yuxarıda sadalanan mövzular üzrə
hazırladıqları layihələri www.azergold.gift platformasında yaradılan xüsusi səhifə vasitəsilə
yükləməklə müsabiqəyə qoşula bilərlər.
Təqdim ediləcək dizayn nümunələri müsabiqənin Əsasnaməsində
qeyd edilən şərtlərə cavab verməlidir. Layihələr ölkənin tanınmış mədəniyyət
xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən
estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi
meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək. İlk 3 yerin qalibi
diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000
AZN) ilə təltif ediləcəklər. Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələr
www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə "İzləyici
rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul
mükafatı təqdim olunacaq.
Qeyd edək ki, Qarabağın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin sikkələrdə öz əksini tapması bu dəyərlərin təbliğinə xidmət edir. Xatırladaq ki, "AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal olunan 3 növ qızıl və gümüş sikkələrin üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının "Çələbi” naxışının əks olunması Azərbaycanın müasirliyinin, tarix və incəsənətinin təbliğinə yönəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























