• $
  • €
  • ₽
  • ₺
  • £

“Bacım ağılsızlıq və tamahkarlıq edib” - Qalmaqallı direktorun qardaşı

“Bacım ağılsızlıq və tamahkarlıq edib” - Qalmaqallı direktorun qardaşı
25.12.2020 17:48
Bakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova karantin qaydalarını pozaraq özünə təmtəraqlı yubiley mərasimi keçirmişdi. Direktorun bu addımı cəmiyyətdə birmənalı qarşılanmadı və Təhsil naziri Emin Əmrullayevin qərarı ilə Nailə Məmmədovaya şiddətli töhmət verildi. Ardınca Daxili İşlər Nazirliyi bu barədə məlumat yayaraq bildirdi ki, Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məsələnin böyüdüyünü anlayan məktəb direktoru ad günündə çəkilən görüntülərlə bağlı üzr istəyərək Vətən müharibəsi başlayandan sonra Azərbaycan əsgərlərinin yanında olduğunu, şəhidlərin dəfnində iştirak etdiyini açıqladı və əlavə etdi ki, özünə ad günü keçirməyib, 60 illik yubileyinin Qubadlının işğaldan azad olunması gününə təsadüf etdiyi üçün ona hədiyyə edilən tortu kəsərək yaxınları ilə birlikdə qələbəni bayram ediblər. Eyni zamanda bunu anasının təkidi ilə etdiyini də qeyd edib. Məktəb direktorunun bu davranışı ölkə ictimaiyyəti və ziyalıları tərəfindən də sərt tənqid edildi.

Təhsil eksperti Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında karantin qaydalarının pozulması və müəllimlərin də bu işə cəlb edilməsinin təhsilə yaraşmayan davranış olduğunu bildirdi: "Bu məsələdə hüquqi proses olsa, daha yaxşı olardı. Nazirlik belə məsələlərdə direktoru işdən çıxartmamalıdır, məsələni məhkəməyə yönəltməlidir. Bu kimi məsələlər insanların iradəsi ilə deyil, qanunla həll olunmalıdır. Yəni kimsə deməməlidir ki, lazımdırsa uzaqlaşdırım, yaxud töhmət verilsin, amma işdə saxlanılsın. Müəllim neçə töhmətdən sonra vəzifəsindən çıxarıla bilər? Hansı davranışına görə töhmət ala bilər? Bunlar açıq şəkildə hər hansı nizamnamədə qeyd olunmayıb. Buna görə də bəzən insanların müəyyən davranışları ortaya çıxdıqdan sonra işində qalır, bəzən də kiçik bir məsələyə görə işindən azad edilir. Bunun üçün açıq və şəffaf təlimatnamə olmalıdır.

Belə hərəkətlər bundan əvvəl də baş verib. Ümumiyyətlə bir qrup məktəb direktoru var ki, uzun müddət eyni vəzifəni icra etdikləri üçün "güc zəhərləməsi” yaşayırlar. Bu, idarəetmə terminidir. Yəni insanlar bir vəzifədə çox qaldıqarı zaman özlərini əvəzedilməz hesab edirlər və başlayırlar sui-istifadə hallarına yol verməyə. Bu, bütün sahələrdə belədir. Bunun olmaması üçün şirkət rəhbərləri və işçiləri üçün tez-tez monitorinqlər keçirilməlidir. Əgər bir yerdən səs gəlmirsə, məsələ mediaya düşmürsə, orada problem yoxdur anlamına gəlmir. Təhsilin idarə şöbələri buna xüsusi diqqət yetirməlidirlər”. 

Millət vəkili Etibar Əliyev: "Belə məktəb direktoru vəzifəsindən azad olunmalıdır. Pandemiyanın tüğyan etdiyi bir dövrdə məktəb direktorları və müəllimlər daha məsuliyyətli olmalıdırlar. Ancaq təəssüf ki, N.Məmmədova bilərəkdən qaydaları pozmaqla saymazlıq nümayiş etdirir”.

Təhsil eksperti Kamran Əsədov: "Müəllimlərin etik davranış qaydalarında xüsusilə qeyd edilir ki, təhsil sahəsində çalışanlar təkcə tədris prosesində yox, şəxsi həyatda da cəmiyyətə nümunə olmağa borcludurlar və özlərinin fəaliyyəti, yaxud fəaliyyətsizliyi ilə cəmiyyətdə ikrah hissi oyatmamalıdırlar. Təhsil naziri onu birmənalı şəkildə vəzifəsindən uzaqlaşdırmalıdır. Bu, təhsil sahəsində çalışan hər kəsə dərs olar”.

Yeniavaz.com xəbər verir ki, məktəb direktoru bundan öncə də qalmaqallı açıqlamaları ilə bir neçə dəfə gündəmə gəlib. Belə ki, üç il əvvəl Bakı şəhəri Sabunçu rayon 187 saylı tam orta məktəbin müəllimlərindən biri Təhsil nazirinə məktub yazaraq, sözügedən direktordan şikayət edib, onun özbaşınalıqlarına qarşı tədbir görülməsini xahiş edib. Axar.az saytının əməkdaşı məhz həmin şikayətlə bağlı açıqlama almaq üçün Nailə Məmmədova ilə əlaqə saxlayıb. Onun cavabı isə belə olub: "Get işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb? Sübutun varsa, yaz! Duxun varsa, dediklərinin arxasında dayan! Çox ayıb olsun. Sənin "axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”

Direktorun jurnalistə qarşı etdiyi hörmətsizlik və verdiyi cavab onu tənqid obyektinə çevirib, rəhbərlik tərəfindən ona şiddətli töhmət verilib. Direktorun bir digər qalmaqalı isə ondan 5 min manat rüşvət tələb edən sayt rəhbərindən şikayət edərək onu həbs etdirməsi ilə bağlı olub. Bu mövzu ilə bağlı direktorun məhkəmə prosesi də baş tutmuşdu. O, məhkəmədə  "Sayt rəhbəri pulu almaq üçün məni evinə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən də mən onun evində danışaraq başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”, - demişdi.

Qeyd edək ki, məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır. O, Sonxeber.az-a bacısının etdiyi hərəkətlə bağlı açıqlama verərək, qanunu pozan insanların cəzalandırılmalı olduğunu bildirib:

"Nailə xanım həmin sərtləşdirilmiş karantin rejimindən qabaqkı dövrdə ağılsızlıq, tamahkarlıq edib 12 nəfərlə birgə keçirdiyi ad gününün bəlasına düşdü. O bəlanı da dövlət tərəfindən şiddətli töhmət, hüquq-mühafizə orqanları tərəfindən də ən yüksək cərimə edilməklə ödədi. Mən də İctimai Nəzarət Koalisiyasının rəhbəri kimi, dövlətin atdığı bu addımı dəstəkləyirəm. Qanunu pozan insanlar cəzalanmalıdır. Cəmiyyət , cinayət , cəza və onun həddi var. İnanıram ki, Nailə xanım bundan sonra belə səhvlərə yol verməyəcək”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol