Qarsdan silinən ad: “Nə ad verəsən belə nankorluğa?” - AÇIQLAMA

Ağrıda Bələdiyyə sədri seçilən Sırrı Sakık bütün şəhərdən Mustafa Qarabəkir Paşanın adının silinməsi ilə bağlı açıqlaması Azərbaycanda aranı qatıb.
Bildirək ki, Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkisi bəzi şəhərlərdə hələ indi dəqiqləşir. Buna səbəb isə məntəqələrdə saxtakarlıq edildiyi iddiaları idi. Bu şəhərlərdən biri də Ağrıdır. Dünən Ağrıda keçirilən bələdiyyə seçkisində milliyətcə kürd olan, Barış və Demokratiya Partiyasının (BDP) namizədi Sırrı Sakık qalib gəlib. O, qalib olduqdan sonra ilk açıqlamasında hər kəsi şoka salacaq ifadələrə yer verib.
Belə ki, yeni bələdiyyə sədri Ağrının Respublika küçəsində olan pilotlar abidəsini “utanc abidəsi” adlandırıb və götürüləcəyini bildirib. Kürd bələdiyyə sədri bununla kifayətlənməyib, Türkiyə ilə bərabər Azərbaycanın da tarixində böyük rola sahib Kazım Qarabəkir paşanın adının bütün küçə, prospektlərdən siləcəyini və heykəllərinin götürüləcəyini qeyd edib.
Xatırladaq ki, Kazım Qarabəkir Paşa (1882-1948) Atatürkün ən yaxın silahdaşı olub. Və Atatürk inqilabına hərbi və siyasi təcrübəsi ilə böyük töhfə vermişdir. Bütün bunlarla bərabər, Kazım Qarabəkir Paşa erməni silahlı qüvvələrinin Naxçıvana təcavüzü zamanı Naxçıvanın müdafiə olunmasında mühüm xidmət göstərmişdir. Qars konfransında (1921) iştirak etmişdir. Naxçıvanın mədəni həyatında yaxından iştirak edən Kazım Karabəkir Paşa şəhərdə teatrın fəaliyyətini bərpa etmiş, Naxçıvan teatrında türk yazıçılarının dram əsərlərini tamaşaya qoymuş, tədris müəssisələri açmış, məktəblər üçün Türkiyədən çoxlu sayda dərsliklər gətirtmişdir. Hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Karabəkir Paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərmişdir.
Məsələ ilə bağlı Oğuz Araşdırmalar Mərkəzinin eksperti Anar Turanla danışıb baş verən hadisəyə münasibətini öyrəndik. A.Turan açıqlamasında baş verən bu kimi hadisələri Türkiyənin aşırı demokratikliyi ilə izah edib: “Müsəlman ölkələri arasında bəlkə də ən demokratik ölkə Türkiyə Cümhuriyyətidir. Vaxtılə Çörçil demişdir ki, demokratiya çox pis nəsnədir, lakin təəssüf ki, bəşəriyyət hələ bundan daha ağıllısını düşünüb kəşf etməyib. İndi Türkiyə bu demokratiyanın əlində elə əsir-yesir qalıb ki, bir əyalətin bələdiyyə başqanı özünü oranın "Allahı" hesab edir. Kazım Qarabəkir Paşa kimi qəhrəman sərkərdənin abidəsini götürmək, adını küçələrdən silmək istəyində bulunmağa nə ad verəsən? Nə ad verəsən belə nankorluğa? Kazım Qarabəkir Paşa kim bilir nə qədər erməni quldurlarını məhv etmiş, bu günkü Naxçıvanın bizdə olmasının əsas səbəbkarlarından biri kimi tarixə düşmüşdür. O, Mustafa Kamal Atatürkün ən yaxın silhdaşlarından olmuşdur. İndi hansısa pkk-çı bələdiyyə sədri özündə cəsarət tapıb bu boyda kişinin adını Ağrıdan silmək istəyir. Türkiyə hökuməti, Türk vətənpərvərləri hara baxır? Məncə küçələrə tökülüb komunist bayrağı altında ağac kəsilməsinə etiraz edən Türkiyə müxalifəti belələrinə etiraz etsə, Vətən üçün daha xeyirli olardı”.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























