Avtobuslarda gediş haqqı artırıldı - sərnişinlər narazıdı

Bu günlərdə Bakıda, eləcə də Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində qanunsuz qiymət artımı müşahidə olunmağa başlayıb. Sərnişinlər bu məsələdən narahat olduqlarını bildirirlər. Bəzi marşrut avtobuslarının sahibləri qiyməti 30 qəpikdən 50 qəpiyə qaldırıblar. Həmçinin əvvəllər 60 qəpiyə fəaliyyət göstərən nəqıiyyat vasitələri arasında yol pulunu 80 qəpiyə qaldıranlar da var.
Bu hallar 4 yanvar 2021-ci il tarixində Tarif Şurasının Ai-92 markalı avtomobil benzinini və dizel yanacağını bahalaşdırmaq barədə qərarından sonra müşahidə olunmağa başlayıb. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Yeni tariflər 5 yanvar 2021-ci il tarixindən tətbiq edilir.
Məsələylə bağlı nəqliyyat üzrə ekspert Elməddin Məmmədlinin fikirlərini öyrəndik.
Ekspert qiymət artımının qaçılmaz olduğunu deyir. Onun sözlərinə görə, avtobuslarda qiyməti dövlət tənzimləyir. Lakin avtobusların hamısı dövlətin nəzarətində deyil. Ona görə bu işlə bəzi sahibkarlar da məşğul olur. Amma dövlət həmişə ictimai nəqliyyatda qiyməti tənzimləyir.
İndi bunu dövlət qurumları deyir, amma reallıqda bu sahibkarlara böyük bir təzyiqdi. Açıqlamadan belə aydın oldu ki, sahibkarlara dövlət tərəfindən kompensasiya ödəniləcək. Nə vaxt ödəniləcək? Bu gün sərnişindaşıma ilə məşğul olanların hamısı sahibkar kimi qeydiyyatdadırmı? Xeyr. Əksəriyyəti qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. Heç bir yerdə qeydiyyatı yoxdur və yeri gəlsə o, heç dövləti də bu məsələdə tanımır. Öz bildiyi qiyməti qoyur. Məsələn, 1 manatlıq taksi. Kim gedib ona deyə bilər ki, benzinin qiyməti qalxandan sonra yenə bir manata apar, 2 manata aparma. Bu adam sabah 1.50 yaxud 2 manatdan adam daşıyacaq", deyə ekspert vurğulayır.
Məmmədli bildirir ki, ford mikroavtobusları da var ki, onlar müntəzəm sərnişin daşıma xidməti göstərmir. Onlar taksi kimi xidmətdi. İstədikləri vaxt çıxıb işləyirlər, istədikləri vaxt gedib istirahət edirlər. Ona görə də qiymət artımları müşahidə olunacaq. Bütün bunların fonunda zərurət yaranacaq ki, ümumi ictimai nəqliyyatda da qiymət artımı qaçılmaz olacaq. Bu günkü reallıq başqa şey tələb edir. Dövlət sahibkara kompensasiya ödəyincə, əhalinin əmək haqqını, sosial təminatını yaxşılaşdırsın, sonra qiyməti də artırsın.
Amma bütün bunlar baş vermir, sahibkar orda əziyyət çəkir, vətəndaş narahatdır. Bilmirik sabah qiymət nə olacaq? Benzinin qiyməti məsələn, 3 gün əvvəl başqa idi, gecənin birində Tarif Şurası qiymətləri qaldırdı.
Ekspert həmçinin taksilərin və digər məhsulların bahalaşacağını da istisna etmir.
"Yəqin ki, bu dəfəki qiymət artımı əvvəlkilər kimi qısa müddətdə unudulmayacaq. Bu məsələ hələ çox müzakirə olunacaq. İstənilən halda, yanacağın qiyməti qalxanda, avtomatik digər sahələrə də təsiri olur. Bunu bugünə qədər olan təcrübələrimizə əsasən deyə bilərik. Hansısa qida məhsulu 2.70 azn-ə satılırdısa, bugün mağazaya girirsən 3.05 azn olub. Yəni bu qiymət artımı kimsə desə də, deməsə də var. Ştatlı ekspertlər var, həmişə Tarif Şurasının qərarını tərifləməklə məşğul olurlar. Onlar nə qədər məsələyə don geyindirsələr də, qiymət artımı baş verir. Marketlərdən sanki bunların xəbəri yoxdu".
Süni qiymət artımı ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənməyə çalışdıq. Təəssüf ki, cavab ala bilmədik.
Rafiq Şahbazov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























