Polis sürücüdən 3000 min manat rüşvət istəyib - İDDİA

Yevlax rayonu sakini Ceyhun Baxşəliyev həmin rayonda polis müstəntiqi çalışan Şahin Osmanovun ondan rüşvət almasından şikayətçidir.
Gülnar Nazimqızı
www.anews.az
Ceyhun Baxşəliyevin sözlərinə görə, fevralın 7-də içkili vəziyyətdə olan bir velosipedçi onun idarə etdiyi avtomobilə çırpılıb. Maşında ailəsi ilə olan sürücü həmin adamı təcili Yevlax rayonu xəstəxanasına çatdırıb. Xəstənin xərclərini üzərinə götürən şikayətiçi qeyd edir ki, 40 dəqiqədən sonra xəstə evə buraxılıb və ortada heç bir problem olmayıb.
Baxşəliyev deyir ki, daha sonra polis bölməsinə çağrılan sürücüdən polis müstəntiqi Şahin Osmanov 3000 min manat pul tələb edib. Əvəzində polis əməkdaşı bildirib ki, işi bağlayacaq. Baxşəliyev 1000 manatdan artıq ödəyə bilməcəyini bildirəndə polis müstəntiqi onunla razılaşmayıb. Şikayətçi müstəntiqin ondan pul istəməsi ilə bağlı audio yazının olduğunu da deyir.
Polis müstəntiqi Şahin Osmanov Ceyhun Baxşəliyevi ilk olaraq "get sənin işin bağlanıb " desə də, sonradan səs yazısını yazdığına görə ondan qisas alacağını bildirib. Onu hadisə yerindən qaçma ittihamı ilə məhkəməyə verib. Vurulan şəxs məhkəməyə sürücünün hadisə yerindən qaçmadığını bildirməsinə baxmayaraq məhkəmə Ceyhun Baxşəliyevin bir il müddətinə sürücülük vəsiqəsindən məhrum edilməsi və bir il ev dustaqlığında saxlanılması barədə qərar verib.
Məsələ ilə bağlı Yevlax rayonu polis müstəntiqi Şahin Osmanovla əlaqə saxladıq. O, Ceyhun Baxşəliyevin şikayəti ilə bağlı zəng vurduğumuzu eşidən kimi vaxtım yoxdur deyə bizi Daxili işlər Nazirliyinin mətbuat xidmətinə yönləndirdi və telefonu söndürdü.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a bildirdi ki, 2020-ci il fevralın 7-də saat 17 radələrində Bərdə rayonu ərazisində velosipedçinin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib və hadisəni törədən sürücü hadisə yerindən yayınaraq gizlənib. Keçirilən tədbirlər nəticəsində 13 gün sonra hadisəni törədənin "VAZ-2107” markalı avtomobilin sürücüsü Ceyhun Baxışəliyev olduğu müəyyən olunub.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlayıb və 2020-ci ilin iyunun 29-da cinayət işinin istintaqı tamamlanaraq Yevlax rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü təqsirli bilinərək 1 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
"Təqsirləndirilən şəxsdən istintaq orqanında pul tələb edilməsi ilə bağlı iddiaları isə təsdiqini tapmayıb, həqiqətəuyğun olmayan məzmunda şikayəti tam əsassızdır", - deyə Elşad Hacıyev vurğlayıb.
Sürücünün əlində olan polisin rüşvət istəməsi barədə səs yazısına gəlincə isə Hacıyev bildirdi ki, həmin səs yazısı polis əməkdaşına məxsus deyil və saxtadır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























