Övladın səni məhkəməyə versə, nə edərsən? - POLEMİKA

İyun ayını digərlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, bu ay uşaqlar günü ilə başlayır. Uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşən həmin gün dünyanın əksər ölkələrində qeyd olunur.
Uşaqlara qarşı münasibət isə dünyanın hər yerində eyni cür deyil. Təbii ki, söhbət onların hüquqlarının hansı səviyyədə tanınmasından gedir. Avropa ölkələrinin bir çoxunda uşaqlar öz valideynlərini hər hansı hüququnu pozduğuna görə məhkəməyə verə, məsuliyyətə cəlb etdirə bilərlər. Bəzi Avropa ölkələrinin təcrübəsinə görə, uşaq nəzarətsiz qaldıqda o, valideynindən alınır və sosial xidmət müəssisələrinə verilir. Həmin müəssisələrdə uşağın tərbiyəsi üçün nümayəndə təyin olunur. Eyni zamanda, valideynin öz məsuliyyətini dərk etməsi üçün psixoloq və digər mütəxəssislər ayrılaraq onunla iş aparır. Vəziyyət müsbətə doğru dəyişdikdən sonra isə uşaq valideyninə qaytarılır. Bununla da bağlı qərarı məhkəmə verməlidir.
Azərbaycanda uşaq hüquqları beynəlxalq konvensiyalar, Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” qanunla və digər normativ hüquqi aktlarla qorunur. Hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir. Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqları evdə tək, nəzarətsiz qoyduqda yanğın və s. kimi təhlükəli hadisələr baş verə biləcəyini nəzərə alıb, komitə "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi hazırlayıb. Layihədə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır.
Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək. Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək.
Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsi ilə məşğul olma yollarını başa salmaqdan ötrü valideynlə də işləyəcək.
Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər.
Hüquq müdafiəçiləri ANN.Az-a açıqlamasında Azərbaycanda uşaqlara münasibəti dünya ilə müqayisə edərək mövcud vəziyyəti dəyərləndiriblər.
“Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov açıqlamasında Azərbaycandakı vəziyyəti Almaniya ilə müqayisə edərək uşağın valideynini məhkəməyə verməklə bağlı qanunun tətbiqinə toxunub: “Qərbi Avropanın ən inkişaf etmiş ölkələrindən biri Almaniyadır. Bu ölkədə baxçaya gedən uşağa ilk öyrədilən şey budur ki, atası, ya anası onu incitsə, polisə necə müraciət etməlidir? Bizdə isə şərait, mühit tam fərqlidir. Bu yaxınlarda döyülən arvadı 102-yə müraciət etdiyinə görə əri onu bıçaqlayıb öldürdü. Bu mənada perspektivsiz president hesab etmək olar bu qanunu”.
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Vasif Həsənov vurğulayıb ki, qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir: “Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir”.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev valideynin hər hansısa bir kiçik səhvinə görə cinayət məsuliyyətinə cəlb olunması isə razılaşmadığını bildirib: "Hər bir xırda məsələ valideynin cəzalandırılması üçün əsas ola bilməz. Burada əsas məqam bu məsələnin araşdırılmasıdır. Valideynin uşaqla necə rəftar etdiyini araşdırmaq lazımdır. Bundan sonra valideynin törətdiyi əməllərin nəticələri barədə qərar verilməlidir".
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























