Cinayət törədən hakim bu vəzifəli şəxslərin razılığı ilə həbs edilə bilər

Sabunçu rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun ötən gün evində arvadını öldürməsindən sonra toxunulmazlığı olan hakimlərin cinayət məsuliyyətinə necə cəlb edilmələri proseduru maraq doğurub.
Hakimlərin fəaliyyəti və cinayət məsuliyyətinə cəlb edilməsi "Məhkəmələr və hakimlər haqqında” qanunla tənzimlənir.
Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir.
Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir.
Bu qərar dərhal Baş prokurora təqdim edilir. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.
Haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.
Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.
Hakimin vəzifəsindən kənarlaşdırılması Konstitusiyanın 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Həmin maddənin 4-cü bəndinə görə, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Prezident Ali Məhkəmənin rəyi əsasında Milli Məclis qarşısında irəli sürə bilər. Müvafiq rəyi Ali Məhkəmə Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur. (qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























