Yol polisindən toy şənlikləri ilə bağlı sürücülərə MÜRACİƏT

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən bu gündən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib.
Anews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov şənlik mərasimlərində iştirak edəcək sürücülərə müraciət edib.
O toyların keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb:
"Yol polisi tərəfindən məqsədli və ardıcıl şəkildə keçirilən tədbirlərin nəticəsi olaraq, hadisələrin azalması, ölüm saylarının aşağı düşməsi müşahidə edilir. Təbii ki, toyların başlaması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağına ehtimal verir. Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək. Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur.
Xatırladıram ki, avtomabili spirtli içki və güclü təsiredici narkotik vasitələrin, psixotrop maddələrin təsiri altında idarəetmə faktı ağırlaşdırıcı haldır və yüksək məbləğdə cərimənin təyini, eyni zamanda məhkəmə instansiyalarında toplanmış sənədlərə baxılması, il ərzində təkrarən belə xətalara yol verilməsinə görə daha sərt cəzalar nəzərdə tutulur. Tərəfimizdən vaxtlı-vaxtında təbliğat aparıldığı üçün artıq sürücülər spirtli içki qəbul etdikdə "ayıq sürücü”lərə müraciət edirlər. Təbii ki, bu yaxşı ənənədir”.
"Avtomobil sahiblərinin və sürücülərin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı "yol hərəkəti haqqında” qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən "toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.
Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk.
Toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur. Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər. Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























