Din dövlətdən ayrıdır, yoxsa hökumətdən? – AÇIQLAMA

"Din dövlətdən yox, hökumətdən ayrı olmalıdır. Cəmiyyətin idarə olunmasında dinin rolu və yeri çox böyükdür" - bu fikri ötən həftə Qafqaz Müsəlmanları İdarəsində din xadimləri üçün təşkil olunan təkmilləşdirmə kursunun açılışında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Din və dövlət, din və hakimiyyət məsələləri öz mübahisəli tərəfləri ilə daim ictimai aktuallığını qoruyub saxlayıb. Məsələyə müxtəlif istiqamətli yanaşmalar var. İlahiyyatçı-jurnalist Cavid Alışov ANN.Az-a açıqlamasında "din-dövlət", "din-hakimiyyət" anlayışlarının doğru olmadığını bildirib: “Ümumiyyətlə, bu anlayışlar yerində işlədilməyən və düzgün olmayan terminlərdir. "Din" məfhumu bütün bu dediklərimizin fövqündə dayanır. Dövlət, vətən, hakimiyyət olmadığı halda Allah dini mövcud edib. "Din dövlətlə birdir" ifadəsi də əslində dini aşağılamaq üçün və məqsədli şəkildə ortaya atılıb. Digər tərəfdən, vətəni sevməyi, torpaq uğrunda şəhid olmağı, dövlətə bağlılığı din öyrədir. Bu dediklərimi dindən yaxşı heç nə öyrədə bilməz”.
O, həmçinin qeyd edib ki, məsələyə aydınlıq gətirmək üçün din məfhumunun mahiyyəti tam açılmalıdır: “Məsələnin başqa tərəfinə gəldikdə, heç kim dinin mahiyyətini doğru anlamır. İlkin olaraq aydınlaşdırmalıyıq ki, axı din dediyimiz anlam bizə nəyi izah edir və ya izah etməyə çalışır? Dinə çoxlu təriflər verilib. Hamısını ümumiləşdirsək, təqribən belə bir cümlə alınar - Din bəşərin insan kimi yaşamasını göstərən və insanların səadətini təmin edə bilən yeganə qanun toplusudur. Əlbəttə ki, səmavi və qeyri-səmavi dinlər var. Dediyimiz isə ancaq səmavi dinə aiddir. Səmavi və ilahi olduğu üçün həqiqi din heç zaman zülmü və haqsızlığı qəbul etməz və onunla eyni cəbhədə dayanmaz. Din bizə zülmlə qarşı-qarşıya dayanmağı öyrədir. Bax, bu mənada istənilən zalım hakimiyyət dinin müxalifidir. Əks halda ədaləti əsas götürən, ilahi qanunlara riayət edən və insanların haqqını bərpa edən hakimiyyət dini təqdir edir və yanında dayanır. Məncə, məsələyə yanaşma bu cür olmalıdır”.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























