Bir avropalının gözündə Azərbaycan necə ölkədir? - MÜSAHİBƏ

“Bakı küçələrində gəzərək insanların bərabərsizliyini görə və duya bilərsən”
Litva Xarici İşlər Nazirliyinin məsləhətçisi Donatas Augulisi Azərbaycan vətəndaşlarının zənginlərə və yoxsullara bölünməsi mütəəssir edib
İllər keçib və bizdə hələ də bu suala cavab axtarırlar: Necə oldu ki, SSRİ dağılandan sonra Baltikyanı dövlətlər çox asanlıqla müstəqil inkişafa nail oldular, demokratikləşdilər, Avropa dəyərləri ilə qaynayıb-qarışa bildilər, amma bütün bunlar digər post-sovet ölkələrində baş vermədi? Əlbəttə bu suala konkret cavab vermək çətindir. Amma bu sualın cavabını sözügedən ölkələrin vətəndaşlarının məsələlərə baxışına diqqət yetirməklə də tapmaq olar. Məsələn, özünü sadə Litva vətəndaşı adlandıran Donatas Augulisin baxışında. Azərbaycanla kifayət qədər tanışlığı olan Augulis Litva Xarici İşlər Nazirliyinin məsləhətçisidir. Onunla söhbətimiz Litvaya səfərim zamanı baş tutdu. Augulis kifayət qədər ciddi işlərlə məşğul olmasına və işinin çoxluğuna baxmayaraq, bizə zaman ayırdı. Güclü yumor hissi və yaradıcılıq qabiliyyətlərinə görə də bizim adət etdiyimiz məmur tipindən xeyli uzaqdır. Gitaranın mahir ifaçısıdır. Fotoqraflıq hobbisidir. Ekstremal idman növlərindən dağ velosipedçiliyi ilə də məşğul olur. Bu müsahibəsində o, Baltik mədəniyyəti, Litva və bu ölkənin gənclərinin, qadınlarının ictimai-siyasi proseslərdəki rolu, Azərbaycan və azərbaycanlılar barədə danışıb.
-Azərbaycanlı oxucuya özünüzü necə təqdim edərdiniz?
- Mən Donatas Augulisəm. Hazırda Litva Xarici İşlər Nazirliyində məsləhətçi kimi çalışıram. Məsuliyyət sahəm isə çox genişdir. Litvanın Transatlantik əməkdaşlıq və regional təhlükəsizlik siyasətinə məsulam. Eyni zamanda fəaliyyət sahəm Şərq tərəfdaşlığı ölkələrini, Cənubi Amerikanı, Afrika, Asiya və Okeaniyanı da əhatə edir. İxtisasca politoloqam, eyni zamanda rabitə və informasi texnologiyaları üzrə mütəxəssisəm. 32 yaşım var, evli deyiləm.
- Bildiyimiz qədər, Litva Azərbaycandan fərqli olaraq, siyasi problemlərdən uzaq ölkədir. Litva müxalifəti və iqtidarı arasında bir o qədər də güclü çəkişmə və ya rəqabət hiss olunmur. Bu həqiqətən belədir, yoxsa belə görünür?
- Azərbaycan və Litva siyasətçiləri arasında ən böyük fərq onların ölkə gələcəyinə baxışındadır. Bizdə siyasətçilərin 99 %-i razılaşır ki, Litva demokratik və müstəqil ölkə kimi qalmalıdır, demokratik institutlar qurmalı və gücləndirməlidir, Avropa İttifaqı, digər ölkələr, NATO ilə güclü əlaqələr yaradılmalıdır. Müxalifətdən, yaxud iqtidardan olmasından asılı olmayaraq, siyasətçilər bunları müzakirə edirlər. Əlbəttə, bəzən hədəfə çatmaq üçün hansısa yolu seçmək çox çətin olur. Sosial-demokratlar bir cür düşünürlər, mühafizəkarlarsa başqa cür. Bəzən hansısa yolu seçmək çox çətindir.
- Yəqin razılaşarsız ki, Litva hegemon dövlətlərin və dünya siyasətinin hədəf ocağı deyil. Belə olduğu halda, dünyada baş verən hansı proseslər sizi daha çox maraqlandırır və ya narahat edir?
- Əlbəttə, Litva böyük və zəngin ölkə deyil. Ona görə də biz dünya və ya Avropa hegemonluğu ilə rəqabətə girə bilmərik. Amma Litva Avropanın coğrafi mərkəzində strateji məkandır,. Odur ki, biz hazırda çalışırıq bu vəziyyətdən Şərq və Qərb arasında hər mənada körpü xidməti kimi istifadə edək.
- Litvaya bir neçə dəfə səfər etmiş gənc turist kimi təəssüratlarım belədir: Litva gəncləri siyasətlə maraqlanmırlar, amma siyasətin bir hissəsi olan musiqi və incəsənət onlar üçün daha maraqlı və vacib görünür. Razısınızmı?
- Əgər biz razılaşırıqsa ki, musiqi və incəsənət də siyasətin bir hissəsidir, o zaman bəli. Litva gəncləri müxtəlif sahələrə maraqlıdırlar. Onların əksəriyyəti hətta xatırlamır ki, hardasa 20 il əvvəl azad yaradıcılıqla məşğul olmaq, xoşladığın musiqini ifa etmək və ya dinləmək qanunauyğun deyildi. Musiqi, idman və incəsənət Sovet İttifaqi rejiminin işğalına qarşı sosial etirazın əsas forması idi. İndi diqqət etsək, görərik ki, Vilnüs universitetində siyasi elmlər üzrə təhsil almaq üçün qəbul müsabiqəsi hüquqdan sonra 2-ci yerdədir. Bu onu göstərir ki, Litva gəncləri siyasi elmlər üzrə təhsil almaq, fəal və yaradıcı olmaq istəyirlər. Fəal gənclər isə ölkənin hərəkətverici mühərrikidir.
- Dediyinizdən belə anlaşılır ki, əslində Litva gəncləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər…
- İki tip insanlar var: inamlılar və laqeydlər. İnamlılar düşünürlər ki, uzun müddət gərək olsa da və bu o qədər də asan olmasa belə, onlar nəyisə dəyişə bilərlər. Laqeydlərsə nəsə etməyin mənasız olduğunu düşünürlər. Onlara görə, hər şey onlarsız da “hakim qüvvə” tərəfindən idarə olunur, qərarları hakimiyyət verir və s. İkincilər adətən öz güclərinə öz ölkələrini qurmaq istəmirlər, digər ölkələrə mühacirət etməyi üstün tuturlar. Amma Litvada hər il inamlıların sayı artır və sürətlə çoxalır. Mən də inamlılardanam.
- İxtisasca politoloqsuz, bir müddət musiqiçi olmusuz, hazırda isə siyasətçi və nazir məsləhətçisisiniz. Bu məsafəni qət etməyi özünüz seçmisiz, yoxsa, təsadüflərin, yaxud ailənin rolu olub?
- Hələ orta məktəbdə oxuyarkən siyasətlə maraqlanırdım. Amma eyni zamanda əlimdən gələn hər şeyi etməyə çalışırdım. Fəal musiqiçi və qeyri-peşəkar teatr aktyoru idim, minlərlə kitab oxuyurdum və s. Bakalavr təhsilindən sonra yaradıcı reklam agentliyinə işləməyə getdim. Hiss edirdim ki, siyasətçi kimi yaşamağa başlamaq üçün hələ çox gəncəm. Lakin yavaş-yavaş həyat hər şeyi dəyişdi və mən indi burdayam.
- Deyilənlərə görə karyerist qadın olmaq daha çətindir, nəinki karyerist kişi. Razısınızmı?
- Bir kişi kimi qadınların nə hiss etdiyinə cavab vermək çətindir. Amma mən bununla 100 % razılaşa bilmərəm. Məncə bu hal bərabər olur.
- Karyera insanı olaraq deyə bilərsizmi ki, karyera insana nə vəd edir? Və siz bu yolda qurban verməli olmusuzmu?
- Belə vacib və maraqlı bir mövqedə çalışmaq adamın qarşısında daha geniş imkanlar açır, nəinki bağlayır. Adətən tədbirlər qasırğasının içində olursan, minlərlə insanla görüşürsən, çoxlu səyahət edirsən. Əlbəttə, sutkada 24 saat işləyərkən demək olar ki, şəxsi həyatın olmur. Bu isə karyeranın əvəzinə ödəməli olduğun qurbandır.
- Litva qadınlarının ictimai-siyasi proseslərdəki fəallığı barədə nə deyə bilərsiz?
- Əslində biz müqayisə etmirik ki, bu kişi və ya qadındır. İnsanın cinsiyyəti sosial həyatda bir o qədər də önəmli deyil. Zəruri olan səlahiyyət, qabiliyyət, bacarıqlar və biliklərdir. Biz genderdən danışarkən, yalnız bunları mühakimə etməyə üstünlük veririk.
- Qadınlar hakimiyyətdə, siyasi partiyalarda, bələdiyyələrdə necə təmsil olunurlar?
- Litvanın ictimai-siyasi həyatında qadınların fəaliyyətini göstərmək çox asandır və olduqca cəlbedici təsir bağışlayır. Məsələn, 3 ən yüksək siyasi mövqedən 2-si qadınlar tərəfindən idarə olunur: Prezident və Parlamentin spikeri qadınlardır, baş nazir isə kişidir. Həmçinin, ən böyük və ən nüfuzlu Sosial-demokratlar partiyasında qadınlar üçün kvota var. İctimai sektordakı institutlarda hakim mövqelərdə də qadınlar üçün kvotaları var. Əlavə misallara ehtiyac varmı?
- Bəzən olur ki, kişilər qadın fəallığını və uğurunu dəstəkləsələr də, qadınların öndə olmasına qıcqanclıqla yanaşırlar. Sizin yanaşmanız necədir?
- Az öncə bu haqda qeyd etdim. Amma ola bilsin ki, kimlərsə hardasa qəlbinin dərinliklərində bunu düşünürlər: “ Bu xanım burda nə edir?” Lakin siz bu fikri ucadan desəniz, populyarlıq qazanmayacaqsınız. Əgər qadınlar öz işlərini düzgün görürlərsə, nə fərqi var ki?
- Azərbaycanda bir dəfə olmusunuz və müəyyən əlaqələriniz də yəqin ki, var. Ölkəmiz barədə təəssüratlarınız necədir?
- Duyğu və xatirələr çox yaxşıdır. Hər şeydən öncə, mən həqiqətən də səxavətli və hörmətcil Azərbaycan xalqını xoşladım. Həmçinin Azərbaycanın təbiətinə də heyranam. Yeməklər isə elə dadlıdır ki..Mən Azərbaycanın paxlavasını, plovunu və narını çox bəyəndim.
- Bəs Azərbaycanda diqqətinizi daha çox hansı məqamlar çəkdi?
- Ölkəyə səfər edərək və ya hətta Bakı küçələrində gəzərək insanların bərabərsizliyini görə və duya bilərsən. Onların bəziləri zəngin və xoşbəxtdirlər, digərləri isə yoxsul və problemlidirlər. Bu isə düzgün deyil.
- Azərbaycan gənclərinin Litvadakı fəallığı barədə nələri deyə bilərsiniz?
- Azərbaycan gəncləri Litvada hələ də özlərinin xüsusi yollarını (onlar bayramları qeyd edir, bəzi tədbirləri təşkil edir, müxtəlif sərgilər düzənləyərək Azərbaycanı Litvada təqdim edirlər ) axtarmaqdadırlar və şübhəsiz ki, onlar özlərini yaxşı şəkildə necə ifadə edəcəklərini tapacaqlar.
- Azərbaycan şübhəsiz, Şərq və Qafqaz ölkəsi olaraq öz adət-ənənəsi, dini və psixologiyası ilə Litvadan fərqlənir. Siz hansı fərqləri hiss etdiniz?
- Qafqaz və Baltik mədəniyyətləri arasında milyonlarla fərqlər var. Bunların hamısını izah etmək üçün bütöv bir jurnal kifayət etməz. Amma bir şey vacibdir: əgər müxtəlif ölkələrdən olan insanlar söhbət etmək, bir-biriləriylə anlaşmaq istəyirlərsə, məhz onları ayıran deyil, birləşdirən şeyləri tapmalıdırlar.
- Bir litvalı olaraq, azərbaycanlılara nə arzu edərdiniz?
- Mən arzu edirəm ki, sizin bütünlüklə ölkəniz və onun xalqı sülh içində yaşasın. İnsanların bərabərsizliyini minimum endirməyə cəhd edəsiniz və Xəzərin qəlbi olasınız!
Nərmin Şamilbəyli
ANN.Az
























