Kəramət Böyükçölü narkoloji dispanserə kim yerləşdirib?- Atası və hüquqşünas danışıb

Yazıçı Kəramət Böyükçöl Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserə yerləşdirilib. Bu barədə anews.az-a hüquqşünas Rüfət Səfərov bildirib.
Onun sözlərinə görə, K. Böyükçöl dispanserə hüquq mühafizə orqanı əməkdaşları tərəfindən bu gün səhər saatlarında aparılıb. Hüquqşünas düşünür ki, Kəramətin dispanserə aparılmasının səbəbi içkili vəziyyətdə özünü idarə edə bilməməsi, sosial şəbəkələrdə çıxdığı canlı yayımları olub.
"Saat 13.00-14.00 arası Kəramət mənə zəng edərək dedi ki, gəl məni götür, xilas elə, bura çox vahiməli yerdir. Ailəsi də, mən də anlayırıq ki, hüquq mühafizə orqanlarının atdığı bu addım xoş niyyətlidir. Çünki insan spirtli içki qəbul edib, qeyri iradi formada canlı yayımlara çıxıb, ziyanlı çıxışlar edirdi. Sadəcə, hazırda qaldığı dispanserin şəraiti ağırdır deyə onun valideynləri də narahatdır", - deyə Səfərov bildirib.
Hüquqşünasın sözlərinə görə, bundan öncə də Kəramət Böyükçöl hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən başqa klinikada 1 həftəlik yerləşdirilmişdi, amma oradakı şərait qənaətbəxş olub.
Səfərov vurğulayıb ki, K.Böyükçöl hazırda qaldığı narkoloji dispanserdə fiziki təzyiqə məruz qalmayıb. Amma telefonu əlindən alınıb.
Böyükçölün atası Qəşəm Nəcəfzadə isə oğlunun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dispanserə yerləşdirilməsi xəbərini təkzib edib. O deyib ki, oğlu qohumları tərəfindən mərkəzə yerləşdirilib: " Hazırda oğlum haqqında məlumatım yoxdur, çünki özü ilə danışa bilməmişəm. Ya telefonunu əlindən alıblar, ya da yatıb. Amma sabah baş çəkəcəyəm. Bu gün ona görə gedə bilmədim ki, qan təzyiqindən əziyyət çəkirəm, yaxşı deyildim. Oğlum alkoqolizmdən əziyyət çəkir. Ona görə müalicə üçün ora gedib".
"Özüm o dispanseri görməmişəm. Amma deyilənə görə, oranın həm şəraiti, həm də həkimləri yaxşıdır. Bundan öncə iki dəfə özəl klinikada müalicə alıb. Təəssüf ki, bir aydan sonra yenə içkiyə qayıdıb. Bu dəfə narkoloji dispanserdə müalicə alacaq",-deyə atası əlavə edib.
Kəramət Böyükçöl oktyabrın 6-sı axşam saatlarında facebook hesabında içkili vəziyyətdə canlı yayıma çıxaraq, ailəsi və eləcə də hökumətlə bağlı xoşagəlməz ifadələr işlədib.
2020-ci ildə Böyükçöl sosial şəbəkədə canlı yayımda çıxış etdikdən bir gün sonra saxlanılıb. Canlı yayımda o, prezident İlham Əliyevi tənqid edib. Daxili İşlər Nazirliyinin sözçüsü isə Kəramət Böyükçölün qonşuların şikayəti əsasında saxlandığını bildirmişdi.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























