• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əsgərinin Şuşa divarlarında tarixə dönən qələbəsi - KÖŞƏ

Azərbaycan əsgərinin Şuşa divarlarında tarixə dönən qələbəsi - KÖŞƏ
11.10.2021 17:57
Şuşa ermənilər tərəfindən alınanda mənim 3 yaşım var idi. Yəqin 3 yaşlı uşağa nə düşmən sözünü, nə də işğal sözünü anlatmaq mümkün deyildi.Zaman keçdikcə Şuşanı kitablarda tarix dərslərində, oxuduğum dərsliklərdə tanımağa başladım. Eləcə görüntü kimi yadımda həmin kitablarda gördüyüm fotolar oldu. 28 il Şuşanı işğal günləri ilə xatırladıq. Məktəb illərində akt zalına yığışıb Şuşa haqqında şeir, mahnı və tarixi yada salmaqla özümüzdə təsəlli tapdıq.Bir gün azad olacağına ümidli idik. Amma o ümidin nə zaman doğrulacağı bizə doğurdan süpriz oldu. Şuşa artıq azaddır. Mən də ora gedənlər kimi bir gün öz növbəmi gözləyirdim.
 
7 oktyabr təqribi günorta saatları idi. Xarici İşlər Nazirliyindən Şuşaya getmək üçün qeydiyyata alındığım barəsində bildiriş mesajı aldım. Bir anlıq sevincim təəccübə qarışdı. Amma bir qədər sonra bu hiss keçdi. Çünki heç vaxt müharibə zonasında olmadım. O hissi və təhlükəni heç yaşamadım deyə mənə növbəti gəzməklərdən biri kimi gəldi. Şuşanı gedib gəzəcəm. Cıdır düzündə olacam. Harada foto çəkəcəyimi və nələr çəkəcəyimi düşünməyə başladım. Gecəni demək olar yatmadım. Səhər özümü tapşırılan məkana çatdırdım.

8 oktyabr səhər saat 06:00... Şuşaya yola düşürük. Yolun uzunluğundan səfər yoldaşlarımın bəziləri yatır, bəziləri isə Şuşaya təkrar getdikləri üçün onlara o qədər də maraqlı gəlmir sanki....İlk dəfə getdiyim yollardır. Bir neçə saat yol getdikdən sonra Füzulinin işğaldan azad olunmuş kəndlərindən keçirik. Viran qoyulan görüntülər adamı sadəcə dəhşətə gətirir. Yadıma bir anlıq keçən il bu vaxt Hadrut, Füzuli uğrunda gedən döyüşlər zamanı bizim sosial şəbəkələrdə yazdığımız statuslar düşür. Məgər biz bu görüntülər qarşısında nə qədər rahat danışa bilirmişik. O çətinliyi sözlə ifadə etmək nə qədər asan imiş... Yol boyu dağıdılan erməni postları, döyüşlər bir anlıq gözümün önündən keçir... Səhralıq, boş torpaqlar və düşmənin qurduğu tələlərdə Azərbaycan qəhrəmanlarının göstərdiyi uğur nə qədər böyük imiş. Heç bir sözə sığmayacaq, tarixə yazılacaq qədər böyük.... Bəlkə bizə 20 faiz torpaq çox az görünə bilər, amma o səhralıqda döyüş zamanı çarəsiz, bəzən ac-susuz qalan, bəzən yardımı çata bilməyən oğulları gözünün qarşısına gətirəndə sadəcə adamı vahimə basır. Axı 20 faiz rəqəmlə göründüyü qədər  balaca deyil...
 

  
Xoş gördük ŞUŞA...
 
Saat 12:15...Şuşaya çatmışıq. Hər yer dumandır. Yol boyu Şuşaya qədər dağın başında 28 il ermənilərin yaşadığı, indi boş qalan evlər diqqətimi çəkir. Görəsən ermənilərə qədər bu evlərdə yaşayan Azərbaycan köçkünləri bura gələndə öz evlərini necə xatırlayacaq?... Görəsən o evlərin sahibləri sağdırmı? Sürətlə gedən avtobusda o evləri çəkməyə çalışıram. Şuşanın yollarını qalxdıqca adamı bir daha vahimə basır. 28 il işğalda olan Şuşanı oranı heç vaxt görməyən əsgərlərimiz aldı. Necə gözəl səslənir. Dərə-təpəli Şuşa əsl qəhrəmanlıq əsəridir. Hər yer meşəlik. 




 
Telefonuma zəng gəlir. Anamdır. Hardasan sualına Şuşadayam dediyim zaman sözdən diksinirəm sanki... Əynini qalın geyinmisən? Xəstələnərsən, Şuşa çox soyuqdur? Çox qalın geyinmişəm, narahat olma deyib sağollaşıram. Halbuki mənə yaxınlaşan hər kəs sən Şuşada çox üşüyəcəksən nazik geyinmisən deyirdi... "Xarı Bülbül" hoteli gələn qonaqların görüş yeridir. Oteldə görüş bitdikdən sonra proqram üzrə siyahıda qeyd olunan yerlərin ziyarəti başlayır.
 
İlk üz tutduğumuz yer Şuşa Qala divarlarıdır. Xarici işlər Nazirliyinin nümayəndəsi Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrə və xarici jurnalistlərə buranın tarixi barədə danışır. Bir qədər irəlidə qarşıma Qala divarlarının bərpası ilə məşğul olan bir dayı çıxır. 

-Xoş gördük dayı...Adınız nədir?

-Etibar Mikayilov...

-Bura işləmək üçün könüllü gəlmisiz?

- 4 aydır burdayam. Özüm Şəkidənəm. Burda çalışdığım üçün çox məmnunam. Heç nədən şikayətimiz yoxdur. 6 aylıq müqaviləmiz var. Xərclərimiz şirkət tərəfindən ödənir.

-Ermənilər yenə atəş açırlarmı?

-Bəli. Arada atırlar. Allah əsgərlərimizi qorusun. Təhlükəsizliyimizi onlar qoruyur. Narahat deyilik....

Əslən Şuşadan olan dahi bəstəkar Üzeyir Hacıbəyovun büstü qarşısına gəlirik. Hamı Üzəyir Hacıbəyovun büstü qarşısında foto çəkdirir və onun Şuşa həyatı barəsində məlumat alır. Bir az sonra üzü yuxarı qalxırıq. Şuşa şəhər icra hakimiyyətində artıq təmir işləri aparılır. Düşünürəm ki, necə maraqlıdır bir müddət sonra burada həyat qaynayacaq,  insanlar Şuşa icra hakimiyyətinə müraciət edəcək.  Hətta düşünürəm görəsən elə gün olacaqmı biz Şuşada vəzifəli məmur həbs edildi xəbərini alacağıq. Birdən kimsə yenə səsləndi Gülnar gecikirsən tələs....


 
İcra hakimiyyətinin qarşısında ermənilər tərəfindən güllələnmiş büstlər qoyulub. Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi şairə Xurşudbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun və saray şairi Molla Pənah Vaqifin ermənillər tərəfindən güllələnmiş büstləri icra hakimiyyətinin qarşısında parkda nümayiş etdirilir. Bir insan ağlı ilə düşünəndə cavab tapa bilmirsən. Axı bir büstü güllələməklə nə qazanırsan insan oğlu???
 
Erməni vandalizmi barəsində xarici nümayəndələrə informasiya verilir. Mən isə düşünürəm ermənilərin adına keçirtdiyi əslində isə xristian kilsəsi olan "Qazançı kilsəsi”ndə hansı güllə izlərini görəcəm?





Şuşada üzü aşağı küçə ilə düşürük. Çörək zavoduna doğru. Hamı Şuşa çörəyi almaq üçün tələsir. Mən isə Şuşa küçələrində ən axırda gedən adamlardanam. Tez-tez eşitdiyim söz isə yenə hamıdan geri qalırsan xanım qız....
 
"Qala çörəyi" çörək zavodu yerləşən küçə Şuşanın hazırda ən qaynar küçəsidir. Burada Qarabağ oteli yerləşir. Eləcə market, məscidlər, yaşayış binaları, mədəniyyət mərkəzi və muzeylər də bu küçəyə çox yaxındır. Binaların bir neçəsində hazırda Şuşanın bərpasında çalışan ustaların yaşadığını görmək olur.
 
Bu an divarlardakı yazılar diqqətimi çəkir. Düşünürəm görəsən bu yazıları yazan igidlər sağdırlarmı? Bu yazılar heç silinməməyə, qələbəni xatırladacaq ən gözəl nümunədir bəlkə də...Divarlarda hər kəs öz düşündüyünü yazıb o an. Bütün Azərbaycan məgər Şuşada bu divarlarda birləşib sanki...
 






Çörək zavodunda uzun növbə var. Hamı Şuşa çörəyi alıb çıxır. Mən də çox acdığım üçün növbəmi pozub içəri girirəm.Qonaqlara çörək bişirmək üçün əlcək də təklif olunur. Kim istəsə Şuşada çörək bişirmə prosesində iştirak edə bilər. Bu şansı dəyərləndirirəm.
 


Bir qədər sonra çörək bişirən oğlanla kiçik bir dialoqumuz olur.

-Bura könüllü gəlmisiniz?
-Bəli xanım. Bura işlədiyim ən gözəl yerdir.
-Bəs ailəniz üçün darıxmırsız?
-Darıxıram. Ailəmi neçə aydır görmürəm. Amma ümid edirəm ən qısa zamanda burda bərpa işləri bitəcək. Məktəb açılacaq. Biz də ailəmizi bura gətirib davamlı yaşaya biləcəyik.
-Gün ərzində nə qədər çörək bişirirsiniz?
-7-8 min olar.
-Bəs hamısı alınırmı?
-Əlbəttə burda çörək qalmır.

Bu arada öyrənirəm ki, hazırda Şuşada bişirlən çörəklərin unu ermənilərdən qalan qənimətlərə aiddir.  Çörəklərimi götürüb çölə çıxıram. Çox acdığımdan birini elə digər məkana çatacağımız yerə qədər yeyib bitirirəm. Yeyə-yeyə ağlıma bu fikir gəlir. Mən bir az belə ac qala bilmirəmsə Şuşanı azad edən oğullar mən burda rahat gəzim deyə hətta ac-susuz döyüşüb. Bu fikirdən utanıb üzü məscidə doğru ziyarətə gedənlərə çatmağa çalışıram.
 
Aşağı Gövhər Ağa və Yuxarı Gövhər ağa məscidləri bir-birinə yaxın məsafədə yerləşir. Burada əsl erməni vandalizmini görmək olar. Aşağı Gövhər Ağa məscidi zamanında həm də mədrəsə kimi fəaliyyət göstərib. Həmin binadan isə əsar-əlamət qalmayıb. Bütün bina dağıdılıb. Təkcə sökülmüş divarları və minbəri qalıb.





Şuşada növbəti üzəri yuxarı küçələrdən birinə qalxırıq. "Karvansaray qalareya" adlı mədəniyyət mərkəzlərindən birində kiçik konsert gözlənilir. Hamı toplaşıb. Bu mədəniyyət mərkəzində divarlardakı fotolar diqqətimi çəkdi. İşğaldan qabaq çəkilmiş fotolar divarlara tarixi ilə iki dildə qeyd olunub. Həmin ərazilər indi azaddır. Sadəcə tək fərq var. O fotolar ağ-qaradır sadəcə....Kiçik konsert proqramından sonra Azərbaycanın məşhur vokal ustası Bülbülün ev muzeyinə yola düşürük. 



 

Bülbülün ev muzeyindəyik. Meyvə dərən qonaqlar diqqətimi çəkdi. Fotolarını çəkdim. Bunu hiss etdikdə sizə meyvədən verəcəm çəkməyin dedilər. Təbii ki, bu bir zarafat idi. Bülbülün ev muzeyində təmir işləri bitib. Muzeyin direktoru Fəxrəddin Hacıbəyli həyətdə qonaqları salamladıqdan sonra işğal dövründə muzeyin məruz qaldığı erməni vandalizmdən danışdı.  Həyətdə isə iki büst qoyulub. Yeni hazırlanmış büst və ermənilər tərəfindən güllələnmiş büst. 

Artıq günorta 16:30-dur. Cıdır düzündəyik. Hər yer dumandır. Göz-gözü görmür. Sadəcə tək bildiyimiz Cıdır düzündə olmağımızdır. Hamı Paşinyanın oynadığı həmin o yeri axtarmaq üçün qabağa tələsir.  Qarşıma xidmətdə olan bir əsgər çıxır.

-Salam əsgər.Allah qorusun səni. Çox çətin vəzifən var hazırda. Bəs üşümürsən?
-Xeyr. Bu bizim vəzifə borcumuz. Eləcə burda xidmət etmək xoşdur.
-Qələbə əsgəri olmaq necə hissdir?
-Əla. Azərbaycan əsgəri qələbə əsgəridir.
-Əsgər mənə Xankəndini göstərə bilərsənmi?
-Çox dumandır sən Xankəndini görə bilməyəcəksən.
-Eybi yox sən yenə də göstər.

Əsgər digər yoldaşını çağıraraq mənə yardım etməsi üçün rica edir. Digər əsgərin arxasınca gedərək Xankəndini görmək ümidi ilə digər əsgəri sorğu suala tuturam.

-Burada xidmət edərkən necə hisslər yaşayırsız? Müharibədə iştirak etmisiz? Bəs ailəniz üçün darıxmırsız? Maaşlarınızdan narazı deyilszi ki?...
 
Suallar bitmir...
 
-Xeyr xanım. Bizə maaş lazım deyil axı burada. Çünki xərcləməyə yerimiz yoxdur. Bütün tələbatımız  qarşılanır. Vəzifə başındayıq. Darıxmırıq. Adam Şuşada darıxarmı heç? Baxın,ora Xankəndidir. Amma dumandır deyə görə bilməyəcəksiz. Hər gün atırlar. Amma niyə atdıqlarını özləri də bilmir bəlkə... Xankəndinin çəkilən bütün fotoları bax bu yerdən çəkilir. Sizə qismət olmadı görəsiniz. Növbəti dəfə gələndə görərsiniz inşallah....

Komandadan xeyli uzaqlaşmışıq. Geri qayıdanda artıq hamı gecikdiyim üçün məni bir qəribə baxışlarla süzür. Mən isə sadəcə Xankəndini görmək üçün gecikdiyimi izah etməyə çalşıram....
 
Cıdır düzündən uzaqlaşırıq. Artıq sonuncu gedəcəyimiz məkan xristian kilsəsi olan "Qazançı” kilsəsidir. Kilsə artıq bərpa-təmir işləri üçün bağlanıb. Müharibə vaxtı heç bir təhlükə görməyib. Sual yaranır. Azərbaycanın mədəniyyət irslərini güllələyən ermənilər bizim kilsəmiz deyib narahat olduqları səbəb nədir görəsən? Kilsə içində xristianlara aid müqəddəs hesab edilənlər ayrıca bir yerə qoyulub. Təmirdən sonra turistlərin ziyarətinə veriləcək. Ermənilər tam rahat ola bilər. Özlərini də məncə dəvət edə bilərik, turist kimi gəlib ziyarət edə bilərlər.
 
Artıq 5-6 saatdır Şuşadayam.. Onu görməmişəm, izləməmişəm, yaşamışam, havasını ciyərlərimdə, səsini qulaqlarımda hiss etmişəm.  Özümü dərk edəndən gözlədiyim görüşün 5-6 saat çəkməsi mənim üçün çox az oldu. Verilən vaxt bir müddət sonra bitir. İstəməsək də  Şuşadan ayrılmaq məcburiyyətindəyəm. Öz–özümlə danışıram. Şuşada hər şey fərqli olacaq. Bura əsil mədəniyyət mərkəzi olacaq. Evin ən ərköyün usağı olduğu kimi Şuşa da gec doğulan uşaq kimi ən nazlımız olacaq. Sadəcə burada ən qısa zamanda istiyə ehtiyac var. İnsan istisinə. Küçədə qaçışan, futbol oynayan uşaqların səs-küyünə ehtiyac var. 

Normal yaşayışa ehtiyacı var Şuşanın. Şuşadan çörəkdən başqa heç nə gətirmədim. 28 il həsrət qaldığımız Şuşa ən qısa zamanda xatirəyə yox canlı həyata dönməlidir. Acılı-şirinli xatirələrimizi götürüb Şuşaya köçməliyik. İnsansız torpaq əsla VƏTƏN ola bilməz. Növbəti dəfə Şuşada küçədə oynayan uşaqlara, bizləri binalardan səsləyən xanımların, qapı ağzında oturub ay bala qonağımız ol deyən nənələrin görüntüsünü görmək ümidi ilə hələlik ŞUŞA…
 
Gülnar Nazimqızı
 
İSTİQAMƏT:6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol