Tələbəyə hərbi xidmətə çağrılması barəsində zənglər gəlir- YENİLƏNDİ

Bakı Mühəndislik Universitetinə 2021-ci ildə qəbul olunsa da, COVID-19-a yoluxması səbəbindən qeydiyyata düşə bilməyən Ruslan Abdullayevin universitetdə qeydiyyat problemi Təhsil Nazirliyi tərəfindən həll olunub.
Universitetdə qeydiyyata düşə bilməyən Ruslan Abdullayevin problemini millət vəkili Zahid Oruc öz nəzarətinə götürüb.
-----------
Ruslan Abdullayev Bakı Mühəndislik Universitetinə 2021-ci ildə qəbul olub. Amma bu ilin sentyabrında COVID-19-a yoluxduğu üçün ödəniş etməyib və qeydiyyatı təsdiqlənməyib. Hazırda tələbə adını qazanmış bu gənc universitetə gedə bilmir, ona hərbi xidmətə çağırışla bağlı zənglər gəlir. Bu barədə anews.az-a Ruslan Abdullayev özü məlumat verib.
"Mən 167,7 balla dizayn ixtisası üzrə universitetə qəbul olunmuşam. Sentyabrın 10-da onlayn formada qeydiyyatdan keçdim. Koronavirusa yoluxduğum üçün 24 sentyabra kimi ailə üzvlərimlə birlikdə karantində qalmışıq, həmin müddətdə təhsil müəssisəsinə yaxınlaşmaq imkanım olmayıb. Yaxınlarım həmin ayın 19-da universitetə gedib, mühafizəçi onlara sentyabrın 29-da universitetə gəlməyi məsləhət görüb. Xəstəliyi ağır keçirdiyim üçün sentyabrın 23-də universitetdən gələn mesaj və zəngləri qəbul etmək imkanım olmayıb. Universitetdən ödəniş üçün gələn bildirişlərə cavab verə bilməməyim səbəbindən mənə imtina cavabı gəlib. 24 sentyabrda karantin bitib, şənbə-bazara düşdüyü üçün ayın 27-də həkimdən arayış verildi. Sentyabrın 28-də universitetdən mənimlə əlaqə saxladılar "tanışlıq üçün universitetə gəlməlisən" dedilər və səhərisi dərsə getdim. Amma onlayn dərslərə qoşulanların siyahısında adımı tapmadım. Məlum oldu ki, mənə ödəniş etmədiyim üçün imtina olunub", - deyə gənc bildirdi.


İmtina cavabından sonra Ruslan Abdullayev sentyabrın 30-da memarlıq və inşaat bölməsinin dekanı Afər Əbilov, daha sonra prorektor Həmzağa Orucov ilə görüşüb.
"Hər iki universitet rəsmisi məsələnin Təhsil Nazirliyinin öhdəliyində olduğunu və nazirliklə əlaqə saxlayacaqlarını bildirdi. Oktyabrın 5-də Təhsil Nazirliyinə müraciət etdim, nazirin birinci müavini Firudin Qurbanovun qəbulunda oldum. O, Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlamağı məsləhət bildi. Oktyabrın 6-da DİM-ə ərizə yazdım. Bir neçə gün əvvəl DİM ilə təkrar əlaqə saxladıq, bizə nazirlikdən cavab gələcəyini dedilər. Lakin hələ də ortada heç nə yoxdur, tam əksinə əsgərliyə çağırış ilə bağlı evimizə zənglər gəlir. Universitetə qəbul olsam da, hazırda dərslərdə iştirak edə bilmirəm. Qurumlar mənə kömək olmur. Bizə müsbət cavab gəldiyi təqdirdə ən qısa zamanda ödəniş edə bilərik. Universitetin ödənişi əlimizdə qalıb”, - deyə gənc əlavə etdi.


Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı anews.az-a açıqlamasında bildirdi ki, problemin həll yolu çox sadədir:
"Tələbənin universitetə qəbul olması ilə bağlı portalda məlumat var. Əgər o tələbə ödənişi hazırda etmək imkanına malikdirsə, ona nazirlikdən "razılıq" vermək çətin deyil. COVID-19 pandemiyası zamanı çox güzəştlər edilib. Tələbənin virusa yoluxması ona güzəşt edilməsinə şərait yaradan amildir. Bu məsələnin həll edilməsinin uzadılması sadəcə bürokratiyadır",- deyə ekspert məlumat verdi.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, tələbələrin universitetlərə qeydiyyatı Təhsil Nazirliyinin öhdəliyindədir.
"Əvvəllər qeydiyyat məsələlərinə universitet nəzarət edirdisə, indi ümumi portal yaradılıb. Tələbə bu məsələ ilə bağlı nazirlik və universitet ilə əlaqə saxlamalıdır. Dövlət İmtahan Mərkəzi olaraq onun qəbul olması barədə təsdiqedici sənəd verə bilərik. Bu barədə məlumat tələbənin şəxsi kabinetində də ali təhsil müəssisənə qəbulun cavabları çıxdığı gündən yer alıb",- deyə mətbuat katibi əlavə etdi.
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin açıqlamasına görə, Ruslan Abdullayev elektron sistemdə qeydiyyatdan keçmədiyi üçün tələbə sayılmır.
Mətbuat katibindən tələbə ilə bağlı nazirliyə müraciət edib-etmədiklərini soruşduq.
"Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı mərkəzləşdirilmiş formada və onlayn qaydada portal.edu.az platformasında aparılır. Öncədən elan olunmuş tarixlərdə portal.edu.az platformasında qeydiyyatdan keçməyən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab edilir və barəsində qəbul əmri verilmir. Ruslan Abdullayev də belə şəxslərdəndir. Rəsmi cavab bu qədərdir. Əlavə suallara cavab vermək ixtiyarım yoxdur",- deyə mətbuat katibi vurğuladı.
Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, məsələ araşdırılır və yaxın günlərdə tələbəyə bununla bağlı geridönüş ediləcək.
Anews.az olaraq məsələni diqqətdə saxlayacağıq.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























