Xoca ilə tarixi görüş

Onunla tanışlığım 2011-ci ilin aprel ayına təsadüf edir. Belə ki, Ankarada müalicə olunduğum dönəmdə alim dostlarım məni darıxmayım deyə, - müxtəlif tədbirlərə dəvət edirdilər. Qazi Universitetinin professoru Selma Yel arzuladığım Türk Tarix Kurumunda təşkil olunmuş "Türkiyə-Rusiya tarixi əlaqələri” mövzusunda keçirilən konfransa dəvət etmişdi. Konfrans ərəfəsində bir çox tanınmış elm adamları ilə tanış oldum. Türk Tarix Kurumunun azərbaycanlı təmsilçisi professor Süleyman Əliyarlının qurumun yüksək ödülünü alması da elə o dövrə təsadüf edirdi. Ümumi tanışlıq Türk Dil Kurumuna getməyimə də yol açdı.
Çəhrayı rəngdə gül-çüçəklə bəzədilmiş masa arxasında əyləşən elm adamı aramla Türkiyənin tarixi məqamlarına toxunaraq salondakıların diqqətini özünə cəlb etmişdi.
Səbrim tükəndiyindən yanımda əyləşən Türk Tarix Kurumunun başkan yardımçısından adamın kimliyini soruşdum. O isə sakitcə: "Sonra. Diqqətlə qulaq as” – dedi.
Elm adamı öz əhatəli çıxışı ilə hər kəsi valeh etmişdi. Onun Ege dənizi, Kara dəniz, Qafqazlar, Kazaklarla bağlı toxunduğu müxtəlif mövzular türk dünyasının coğrafiyasını əhatə edirdi.
Belə ki, onun akademik çıxışının diqqətimi cəlb edən ən önəmli anlarından biri də Çanaqqala döyüşü ilə bağlı hissəsi oldu. Çanakkalanı "Kilit Kala” adlandırması məni xeyli təsirləndirdi. Əslən Göyçə mahalından olan babamın da "Kilit” söyləməsi yadıma düşdü.
Sonda özünün xoşbəxtliyini ilk məzunu olduğu fakültənin 31№-li diplomunun Türkiyə Cümhuriyyətinin Başkanı Mustafa Kamal Atatürk tərəfindən ona şəxsən təqdim olunmasını unudulmaz bir xatirə kimi danışdı. Mərasim sonunda ona universitet tərəfindən yubiley ödülü təqdim olundu. O isə əvəzində "Bu ödüllər məni ruhlandırır, yaşadır”- sözləri ilə təşəkkürünü bildirdi.
Fəxri kürsüdən aşağı endikdə məni onunla tanış edərək "Azərbaycandan professor Çingiz Abdullayev”- deyərək təqdim etdilər. Mən isə mövzulara toxunaraq "Kilit Kala” sözünü vurğulayıb "Babalarım da böylə söyləyərdilər”- dedim.
O, Qarabağ mövzusuna da toxunaraq "Səbirli olun, zamana ehtiyacı var. Türk dünyasının qüdrətini görəcəklər!” sözləri ilə bizə təsəlli verdi. Sonra isə "Bizim fotrağımızı yapın!” sözlərini söylədi.
Alqış sədaları ilə salonu tərk edən professorun Xəlil İnalcık olmasını həmkarlarımdan öyrəndim.
Həqiqətən zaman öz sözünü dedi. Qüdrətli Azərbaycan Ordusu 44 günlük savaşda imza atdığı zəfərlə Türk Dünyasının gücünü, əzəmətini bir daha göstərdi.

Çingiz Abdullayev
Kulturologiya elmləri doktoru, professor
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























