Azərbaycandilli məktəblərin bağlanmasının səbəbləri AÇIQLANIB

"Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Bu səbəblərə ölkəni tərk etmə, yaşayış yerinin kənddən şəhərə dəyişdirilməsi və uşaqların gürcüdilli məktəblərə verilməsi aid edilə bilər”.
Bunu Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava deyib.
Onun sözlərinə görə, bəzi azərbaycandilli məktəblərdə uşaqların ümidləri doğrulur və onlar gürcü dilini öyrənirlər:
"Lakin əksər hallarda pozitiv dinamika olmur və nəticədə məktəblilər gürcü dilini mənimsəyə bilmirlər. Buna görə də məqsədimiz artıq bağçadan uşaqların ana dilini saxlamaq və onlara paralel olaraq dövlət dilini öyrətməkdən ibarətdir. Yəni, uşaqlar bağçadan bilinqual (ikidilli – red.) təhsilə cəlb olunacaqlar və bu, gələcəkdə onların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün daha böyük imkanlar verəcək. Qeyd etmək istəyirəm ki, bilinquallar monolinquallarla müqayisədə bacarıqlarını daha çox inkişaf etdirə bilirlər”,- deyə o bildirib.
Mütəxəssis milli azlıq nümayəndələrinin ali məktəblərə qəbul olması üçün tətbiq edilən "1+4” proqramını da dəyərləndirib. O, proqramı uğurlu adlandırıb:
"Vaxtilə bu proqram gürcü dilinin öyrədilməsi məqsədilə keçid dövrü üçün yaradılmışdır. Bu, orta məktəblərin bütün siniflərində bilinqual təhsilin tətbiqindən sonra tədricən aradan götürüləcək. Gələcəkdə 12-ci sinfi bitirəcək şagirdlərin gürcü dilini öyrənməsi üçün universitetlərdə aralıq təhsilə etiyacı olmayacaq. Belə ki, onlar dövlət dilini tam biləcəklər”.
Son iki ildə qonşu ölkədə tədrisi Azərbaycan dilində olan 4 məktəb bağlanıb. 2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























